Facebook ədəbiyyatı

Təsəvvür edin ki, Füzuli…

Source:

Franz Kafka deyirdi ki, yad ədəbiyyatı yamsılamaqla milli ədəbiyyatı inkişaf etdirdiklərini güman edənlər yanlış fikirdədirlər.

Müasir Azərbaycan ədəbiyyatında da belə demək olarsa, eyni dövr yaşanır. Klassik ədəbiyyatdan çox-çox uzaqlaşan yeni dövr ədəbiyyatımız belə yamsılamalar, bənzətmələr ilə doludur. Və gündən-günə də artır. Bəzi yazıçı və şairlərimiz Amerika, Rusiya və digər qərb yazarlarını, çox hissəsi Türkiyə ədəbiyyatını, müəyyən bir hissə isə Azərbaycan ədəbiyyatını yamsılayır.

Bunlardan özlərini Türkiyə ədəbi mühitinə “aid edənləri” xüsusi olaraq qeyd etmək lazımdır. Sübut olaraq, son illərdə yazılmış sərbəst şeirləri misal göstərmək olar. İndiyə qədərki Azərbaycan ədəbi mühitində sərbəst şeir yazan şairlərdən Rəsul Rza, Mikayıl Rəfili, Əli Kərimi  göstərmək olar. Sovet ədəbiyyatından sonrakı dövrlərdə isə Ramiz Rövşən sərbəst şeirin gözəl nümunələrini yaratmışdır. Lakin biz hal-hazırki ədəbi mühitimiz üçün eyni sözləri deyə bilmərik. Nə qədər kobud səslənsə də, yazılan şeirlərə şeir demək mümkün deyildir.

Dediyim kimi, yazılan şeirlər bizə türk ədəbiyyatını xatırladır. Ümumiyyətlə, türk ədəbiyyatı Cümhuriyyət dövründən sonra inkişafa doğru getdi. Türkiyə ədəbiyyatını inkişafa doğru isə Nazim Hikmət, Necip Fazıl Kısakürek, Oğuz Atay, Aziz Nesin,  Oktay Rıfat aparırdı. Daha sonrakı dövrlərdə post-modernist Orhan Pamuk da inkişafda yaxından iştirak etdi. Amma bu yazıda əsas məqsəd türk yazıçılarından danışmaq yox onların azərbaycanlı müasir yazıçılara göstərdiyi təsiri göz önünə sərgiləməkdir.

 Təsir və yamsılama arasında fərq çoxdur. Siz yazı yazırsınız və bu yazını hansısa yazının və şeirin təsiri altında yazmağınız başqa mövzudur. Məsələn, adını çəkdiklərimdən Nazim Hikmət məşhur rus şairi Mayakovskinin təsiri altında yazmışdır. Amma bu Nazim Hikmətin özünü Mayakovskiyə oxşatması ilə eyni mövzu deyildir. Təsir ədəbiyyat nəzəriyyəsində yer almış bir mövzudur. Daha bir misal. Füzuli və Nizami kimi yazıçıların özbək ədəbiyyatına böyük təsiri olmuşdur. Özbək xalq ədəbiyyatında yazılmış bir çox hekayələr Nizami yaradıcılığından götürülmüşdür. Amma yamsılama yazıçının təsir altında olması yox, yazarın şeir və yazılarının hansısa məşhur bir yazıçı və ya şairin yazılarına bənzətməsi, onun kimi məşhur olmaq istəməsi ümumiyyətlə üslubunun, süjet xəttinin və digər belə xırda məqamların göz önündə olması deməkdir. Bunun bir çox səbəbləri ola bilər.

Məqalənin əvvəlində dediyim kimi Franz Kafkanın dövründə də bu problem aktual idi. Səbəblərinin araşdırılmasının üstünə isə çox düşülməmişdi. Müasir dövrdə isə Azərbaycan ədəbi mühitində də bu problem yaşanır. Bunun isə səbəbləri son illərdə kitaba marağın artması, şeirə, romanlara təlabatın artması ilə əlaqəlidir. Yəqin ki, yazıçı kimi tanıdılan Ahmet Batmanı çoxları tanıyır. Bu şəxs sosial şəbəkələrdə yazdığı marağa səbəb olan yazılarını bir kitabda toplamaq qərarına gəlib və çap etdirib. Bu kitablar yüksək tirajla çap olunub və bir ucu Azərbaycana gəlib çatıb. Batmanı hansı ədəbiyyata aid etməyi deyə bilmərəm çünki bu nəzəriyyəçilərin işidir. Amma mən onu deyə bilərəm ki, internet, sosial şəbəkə yazıları ilə yazar olmaq hələ yazar olmaq deyil.

Təsəvvür edirsiniz Məhəmməd Füzuli “facebook”da yazılarını paylaşır. Altına isə 17-18 yaşlı gənclərimiz romantik şərhlər yazırlar. Təsəvvür etməsi belə faciəvidir. Sözümü boş yerə sosial şəbəkələrə, internetə gətirmədim. Son dövrdə Azərbaycanda qəzet və jurnallar, internet dərgiləri və xəbər saytları ilə əvəz olunub. Yazıların, şeirlərin və məqalələrin paylaşıldığı bu saytlarda hər kəsin yazılarına rast gəlmək mümkündür.

Digər aspektdən yanaşanda oxucu problemi də mövcuddur. Necə ki, teatrda tamaşaçı problemi olduğu kimi. Yaxşı yazan var amma oxuyan yoxdur necə ki, yaxşı tamaşa var baxan yoxdur. Teatrla müqayisəm boş yerə deyil. Teatrda tamaşaçı və tamaşa problemi necə yaşanırsa ədəbiyyatda da oxucu və yazı problemi mövcuddur. Əgər oxuyucular effektli, qayda-qanuna uyğun necə deyərlər yaxşı şeirə maraq göstərsələr yaxşı şairlər qalar üzdü digərləri isə özlərinə başqa bir iş tapmağa məcbur olarlar.

Şeirdən bir az uzaqlaşaq. Keçək hekayə və romanlara. Qərb fəlsəfəsi və mədəniyyəti süquta doğru gedir desək yanılmarıq. Artıq içki, pozğunluqdan başqa üz görməyən qərb ədəbiyyatını da dəyişmək istəyir. Amma Azərbaycanda yeni-yeni pozğunluğu ilahiləşdirən, pozğunluğu poetikaya çevirib yeni bir üslub yaratmaq istəyənlər var. Bu da bir cür yamsılamadır. Məsələn Amerikalı yazıçı Çarls Bukovski ədəbsiz yazarlar sırasına daxildir. Lakin o həyata nifrətini, insanların aşağılıqını söyüşlə, pozğunluqla ifadə edir. Və üslubuna elə bir maraq var ki,  bu qeyri-adilikdir. Yuxarıda qeyd etdiyim standartlarda yazanlar da ədəbiyyatda fərqlilik yaratmaq istəyib, yeni bir yazı üslubuna əl atırlar. Lakin onlar bunu anlamırlar ki, yeraltı ədəbiyyatı yamsılamaqla irəli getmək mümkün deyil. Ümumiyyətlə yeraltı ədəbiyyatı dediyimiz anlayış dialektik inkişaf məqsədlərini qoymuşdur qarşısına. Dialektik inkişaf isə özü bir yamsılamadır. Müasir yazıçılar yamsılayanı yamsılayanda artıq bu iyrəncləşməyə doğru gedir. Ədəbiyyat isə iyrəncliyi sevmir, ədəbiyyat klassikanı sevir. İncəsənət kimi…

Kafka demişkən : ” Bəzən bənzərlik o həddə çatır ki, istedadsız ilə istedadlını bir-birindən ayırmaq mümkün olmur”. Bu isə artıq oxucuların, xüsusilə də ağıllı oxucuların ixtiyarına buraxılır. Son olaraq onu da qeyd edim ki, Dostoyevski həbsdən çıxıb ” Cinayət və Cəza” əsərini yazanda o nə kiməsə bənzəmək, nə məşhur olmaq nə də kimisə inkar etmək barədə düşünmürdü. Onu yalnız şəxsi taleyi düşündürürdü. Yazıçılarımızın nə düşündükləri isə necə deyərlər “başqa mövzudur”.

Ana səhifəMənim FikrimcəFacebook ədəbiyyatı