Məhkəmənin vaxtı bəlli oldu
“Kanal-13” internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucovun barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmənin başlama vaxtı açıqlanıb.
Vəkil Cavad Cavadlının verdiyi xəbərə görə, apelyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası fevralın 6-na təyin edilib. Prosesə Bakı Apelyasiya Məhkəməsinin hakimi Əmir Bayramov sədrlik edəcək. Apelyasiya şikayətində Ə.Orucov barəsində bəraət hökmünü çıxarılması istənilib.
Ə. Orucov məhkəmə hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum
edilib
.
O, ötən il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün – iyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.