”Əziz Orucova verilmiş rəydə Zöhrab İsmayılın adı yazılıb”

Vəkil: ”Başqa biri haqqında rəyi götürüb bu işə əlavə ediblər”

Source:
Əziz Orucov
Əziz Orucov
Əziz Orucov
Əziz Orucov


Vəkil: ”Başqa biri haqqında rəyi götürüb bu işə əlavə ediblər”

Fevralın 20-də Bakı Apelyasiya Məhkəməsində “Kanal 13” internet televiziyasının icraçı direktoru Əziz Orucovun apelyasiya şikayətinə baxılıb.

Hakim Əmir Bayramovun sədrlik etdiyi iclasda vəkil Cavad Cavadov çıxış edib. O, cinayət işinin materiallarında Ədliyyə və Vergilər nazirliklərinin, eləcə də QHT-lərə Dövlət Dəstəyi Şurasının əməkdaşlarının birgə rəyi olduğunu deyib: “Bu rəy guya Əziz Orucov haqda verilib, amma içində Zöhrab İsmayılın adıdır. Bu da, o deməkdir ki, Zöhrab İsmayılla bağlı rəyin üstündə işləyiblər. Başqa biri haqqında rəyi götürüb bu işə əlavə ediblər”.

C.Cavadov rəy vermiş ekspertlərin dindirilməsini istəyib.

Vəkil Ə.Orucovun Almaniyada yaşayan qardaşı Anar Orucovun dindirilməsini də istəyib. O, bildirib ki, iş materiallarında “Qafqaz Media Tədqiqatları Mərkəzi” İctimai Birliyinin rəhbəri kimi Əziz Orucov göstərilib və bu təşkilata görə ona ittiham verilib. Ancaq bütün rəsmi sənədlərdə də, faktiki fəaliyyətdə də o təşkilatın rəhbəri Əzizin hazırda Almaniyada yaşayan qardaşı Anar Orucov olub.

C.Cavadov həmçinin Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi haqda vəsatət qaldırıb. Amma vəsatətlərin heç biri təmin olunmayıb.

Hakim Ə.Orucovdan narazı olduğu məsələlər haqda soruşanda jurnalist belə cavab verib: “Narazı olduğum məsələləri sadalasam belə, onsuz da heç nə eləməyəcəksiz. Vəsatətlərimizin heç biri təmin olunmadı. Eyni şeyləri təkrarlamağımın nə mənası var? Bilirəm ki, hökmü qüvvədə saxlayacaqsız”.

Ə.Orucov 2017-ci il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün – iyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində barəsində cinayət işi başlanıb. Ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Ə.Orucov ittihamları qəbul etmir. Almaniyada mühacir olan Anar Orucov da bildirib ki, qardaşı onun özünün və rəhbərlik etdiyi media orqanının tənqidçi fəaliyyətinə görə həbs olunub.

Ancaq rəsmilər ölkədə peşə fəaliyyətinə görə jurnalistlərin həbs olunması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar iddia edirlər ki, ölkədə bütün fundamental azadlıqlar qorunur.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Ana səhifəXəbərlər”Əziz Orucova verilmiş rəydə Zöhrab İsmayılın adı yazılıb”