Eyni kəndin fərqli yolları

Azərbaycanlıların yaşadığı hissədə yol uzun zamandır yenilənməsə də, gürcülər tərəfdə ildə bir dəfə asfaltlanır

Source:


Azərbaycanlıların yaşadığı hissədə yol uzun zamandır yenilənməsə də, gürcülər tərəfdə ildə bir dəfə asfaltlanır

Gürcüstanın Bəylər kəndinin ağ-qara yolu kimi orda yaşayan insanların yaşayışı da fərqlidi.

Marnueli Gürcüstanda azərbaycanlılar yaşayan böyük ərazidir. Ərazi bələdiyyəsinə 14-ə yaxın kənd daxildi. Bu kəndlərin cəmi üçündə sırf gürcülər yaşayır.


“Bizim dərdimiz çəkiləsi deyil”

Kəndlərdən keçdikcə tarlalarda işləyən insanları, arabalarla su daşıyan qadınları, məktəbə gedən balacaları, təkəm-seyrək mal-qara otaranları görmək mümkündür.

Kənarda hər şey eyni görünür. Sanki hər kəs eyni həyat tərzini yaşayır. Marnuelinin girişindən sonra 4-cü Bəylər kəndidi. Girişdə sanki balaca kənd 2 hissəyə bölünür. Biri sağa doğru uzanan kələ-kötür yol, digəri isə asflatın qoxusu belə çəkilməmiş şümal kimi təzə yol.

Elə kəndin girəcəyində “problemlərinizdən yazmağa gəlmişik” deyəndə, iki gənc yolu göstərib “başqa sözə ehtiyac yoxdur” – söylədilər.

Onlardan biri – Camal Abbasov bildirdi ki, kələ-kötür yol azərbaycanlıların yaşadığı məhəllələrə, asfalt yol isə cəmi 9 gürcü ailəsi yaşayan küçəyə aparır:

“Bizim dərdimiz çəkiləsi deyil. Başqa sözə nə gərək var? Bax, balaca kənddi 2 yolu var. Orda 9 ailə yaşayır. Asfaltı bozarmağa belə qoymurlar. İldə bir dəfə yeniləyirlər. Bizim yolu sonuncu dəfə asfaltlayanda mən uşaq idim. Dəfələrlə məktub yazmışıq, bələdiyyə əhəmiyyət vermir. Biz gürcü deyilik deyə sözümüzü sayan yoxdu”.


“Bu ayrıseçilik nəyə lazımdır?”

Başqa bir sakin Namaz Cəfərli maşını ilə kəndlərarası mağazalara ərzaq daşıyır. Deyir, yollar o qədər bərbaddır ki, maşını tez-tez xarab olur:

“Əgər bu kənd bütövdürsə, niyə yolun biri 10 ildir asfaltlanmır, o biri 1 ildən bir, 6 aydan bir asfaltlanır? Bu ayrıseçilik nəyə lazımdır? Biz burda yaşayırıq, uşaqlarımız oxuyur, Gürcüstan vətəndaşıyıq, milliyyətimiz ayrı olsa da, məsuliyyəti Gürcüstan höküməti daşımalıdı”.

Kənddə söhbətləşdiyim azərbaycanlılar danışırlar ki, heç nə kənardan göründüyü kimi deyil. Orada Gürcüstan vətəndaşı olsalar da, etnik millət

kimi hər sahədə problemlərlə üzləşirlər, yad münasibət görürlər.

54 yaşlı Səkinə Əliyeva gileylənir ki, bir neçə ay əvvəl kəndə su verilməsi dayanıb, 6 aya yaxın susuz qalıblar:

“Ana boru birdi, hamıda sayğac var. Ancaq bizə su verilişi dayandı, gürcülər yaşayan balaca küçədə su var idi. Bizim gürcü qonşularla münasibətimiz yaxşıdı. Get-gəlimiz olmasa da, qərəzli deyilik. Amma bu dövlət qurumları bizə ayrı-seçkilik edirlər”.

Sakinlərin dediyi kimi, ikiyə bölünmüş yollar bir-birindən tamam fərqlənir. Yaşlı sakinlər danışırlar ki, sonuncu dəfə Bəylər kəndinə yol təxminən 18 il əvvəl salınıb.

Marnueli bələdiyyəsindən də bildirdilər ki, yeni asfaltlanmış küçənin təkrar asfaltlanması milliyyətçiliklə bağlı deyil. Həmin küçə giriş yolundadır və az hissədir. O səbəbdən ilk olaraq həmin 3 kilometrə yaxın hissə asfaltlanıb.

Əlavə etdilər ki, növbəti yay fəslinə qədər böyük yolayrıcı adlandırdıqları təmirsiz yolun da asfalt örütklə örütlməsi planlaşdırılır.

Bəylər kəndində ümumilkdə 400-ə yaxın ailə yaşayır. Onlardan cəmi 9 ailə sırf gürcülərdir.

Gürcüstan azərbaycanlılarının problemləri ilə məşğul olan “Qeyrət” Xalq Hərəkatının sədri Əlibala Əsgərov deyir ki, azərbaycanlılara qarşı diskriminasiya hər sahədə var: “İstər sosial su, qaz, işıq problemi, istərsə də yol problemi olsun, gürcü höküməti etnik azərbaycanlılara qarşı laqeyd yanaşır”.

Ana səhifəXəbərlərEyni kəndin fərqli yolları