Əyalətlər büdcəyə nə qədər vergi verir?

2016-cı il üçün yerli gəlirlər azalma ilə proqnozlaşdırılır

Source:


2016-cı il üçün yerli gəlirlər azalma ilə proqnozlaşdırılır

Bakı, Sumqayıt və Abşeronun daxil olduğu və hökumətin “Böyük Bakı” adlandırdığı ərazi coğrafi baxımdan ölkəmizin cəmi 5 fazini təşkil edir. Amma ölkənin iqtisadi potensialının əhəmiyyətli hissəsi bu regionda formalaşır. Məsələn, iqtisadiyyatda yaranan ÜDM-nin təxminən 80 faizi Böyük Bakının payına düşür. Mərkəz və periferiyanın timsalında mühüm iqtisadi göstəricilərin hər biri üzrə qiymətləndirmə aparılsa, bu cür kəskin disbalans olduğu üzə çıxacaq. Lakin bu məqalədə onlardan yalnız biri – büdcənin formalaşmasında əyalətlərin rolu təhlil edilir.

Rəsmi statistikaya görə, son 10 ildə regionlara böyük sərmayələr qoyulub. 2004-2014-cü illər üzrə ölkə iqtisadiyyatına 115 milyard manat əsaslı vəsait qoyuluşu yönəldildiyi bəyan edilir ki, hökumətin məlumatlarına görə, bunun təxminən 35 milyard manatı və ya 30 faizi ölkənin regionlarının payına düşüb. Öz növbəsində, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, təkcə 2011-2014-cü illərdə məhsul istehsalı və xidmət obyektlərinin tikintisinə 60 milyard investisiya qoyulub və bundan təxminən 19 milyard manatı (32 faiz) əyalətlərə sərmayə edilib. Yenə də rəsmi məlumatlara görə, bu müddətdə həmin sərmaylər sayəsində ölkənin regionlarında çoxlu sayda istehsal və xidmət müəssisələri yaradılıb. Məsələn, DSK-nın saytından aydın olur ki, 2004-2014-cü illərdə kiçik ölçülü sexləri nəzərə almasaq, bölgələrimizdə müxtəlif sektorları əhatə edən 100-dək orta və iri ölçülü müəssisə yaranıb. Böyük həcmli sərmayələr və bu qədər yeni müəssisələr regionların büdcəyə töhfəsinə hansı səviyyədə təsir göstərib?

Əvvəla, qeyd etmək lazımdır ki, son 10 ildə regionlardan toplanan vəsaitlərin həcmi 3 dəfəyədək artsa da, büdcənin ümumi gəlirlərində yerli gəlirlərin xüsusi çəkisi 2-3 faiz intervalında dəyişib. Bu gəlirlərin əsas artımı isə 2008-ci ildən sonraya təsadüf edir. Məsələn, 2009-cu ildə regionlarda formalaşan vergi gəlirləri 277.4 milyon manat olmuşdusa, 2014-cü ildə həmin göstərici 572.4 milyona çatıb. Digər tərəfdən, vergi ödənişlərinin artımı üzrə müxtəlif regionlarda kəskin fərqlər müşahidə edilmişdir. Məsələn, 2010-2014-cü illərdə yerli vergi daxilolmalarının artımı Qax, Qobustan və Lənkəranda 15-25 faiz, Zaqatala, Samux və Goranboyda 25-35, Qəbələ, Gəncə və Qubada 2 dəfə, Mingəçevirdə isə 5 dəfəyədək artıb. Rayon və şəhərlər üzrə formalaşan vergi gəlirlərinin həcmi ilk üçlükdə yerləşən bölgələrdə son üçlükdə qərarlaşan bölgələrə nisbətən orta hesabla 12 dəfə çoxdur. Məsələn, regional şəhərləri (Gəncə, Mingəçevir, Şirvan və Naftalan)  nəzərə almasaq, 2014-cü ildə Xaçmaz, Şəki və İmişlidə vergi daxilolmaları 21-22 milyon manat təşkil etdiyi halda, Xızı, Yardımlı və Lerikdə 1.7-2.1 milyon manat intervalında olub.

Bir qayda olaraq yerli gəlirlərin formalaşması, bölgələr arasında kəskin fərqlərin yaranması müxtəlif faktorlardan asılıdır. İlk baxışdan belə görünə bilər ki, həlledici amillərdən biri əhali sayıdır. Çünki əyalətlərin vergi gəlirlərinə büdcə təşkilatlarında çalışanların məvaciblərindən toplanan gəlir vergisinin və ticarət-xidmət sektorunun dövriyyəsindən tutulan verginin təsiri danılmazdır. Heç şübhəsiz, hər 2 tədiyyə növü üzrə daxilolmanın həcmi əhalinin sayından birbaşa asılıdır. Lakin demoqrafik və büdcə məlumatlarının tutuşdurulması göstərir ki, ümumilikdə belə təsir var, lakin ən azından ilk üçlükdə yerləşən rayonlara münasibətdə bu hipotez özünü doğrultmur. Məsələn, yerli vergi gəlirlərinin həcminə görə ilk üçlükdə olan Xaçmaz, Şəki və İmişlidə əhalinin sayı 120-180 min nəfər arasındadı. Lakin Lənkəran, Masallı və Cəlilabad rayonları əhalisinin sayına görə (bu rayonlar üzrə 210-225 min nəfər intervalında dəyişir) ilk üçlükdə yerləşsə də, vergi daxilolmalarının həcminə görə Lənkəran 5, Masallı 14, Cəlilabad isə 16-cı yerlərdə qərarlaşıblar. İmişlinin əhalisi az qala Masallının əhalisindən 2 dəfə azdı, amma İmişlinin vergi yığımıları Masallı ilə müqayisədə 2.5 dəfə yüksəkdir.

Məlumatların analizi göstərir ki, əhalinin sayını kənara qoysaq, regionlarda vergi gəlirlərinin formalaşmasına təsir göstərən əsas amil mərkəzi ofisləri paytaxtda yerləşən iri holdinqlərin, xüsusilə bazarda inhisarçı mövqe tutan şirkətlərin biznesinin əyalətlərə şaxələnməsidir. Hansı bölgədə bu şirkətlərin biznesi mövcuddur, onların vergi potensialı da yüksəkdir. Hansı bölgədə “Azərsun”, “Golan” və “Ataholdinq” kimi nəhəng şirkətlərin, yaxud iri oliqarxların himayəsində olan müəssisələrin fəaliyyəti varsa, həmin bölgələrin vergi ödənişlərinin həcmi digər bölgələrdən fərqlənir. Məsələn, ödənişlərin həcminə görə 1və 2-ci yerləri bölüşən Xaçmaz və İmişlidə “Azərsun” Holdinqin 7-8 müəssisəsi fəaliyyət göstərir. İri kapitalın himayəsi müxtəlif müəssisələrin açıldığı Şəki, Quba, Lənkəran, Şəmkir, Tovuz və Qəbələ rayonlarını da bu sıraya daxil etmək olar. Lakin araşdırma zamanı maraqlı bir fakt diqqəti cəlb etdi: adıçəkilən rayonların bəzisində onların vergi daxilolmalarının həcmi son illər həmin rayonlarda yaranan müəssisələrin sayına adekvat deyil. Məsələn, 2004-2014-cü illərdə əyalətlərdə lenti kəsilən 100-dək orta və iriölçülü istehsal və xidmət müəssisələrinin 15-ə qədəri Qəbələ rayonunun payına düşür. Lakin 2014-cü ildə bu rayondan dövlət büdcəsinə cəmi 10 milyon manat vergi ödənilib.

Amma, məsələn, Göyçayda 10 ildə cəmi 1 iri müəssisə açılıb – 2007-ci ildə nar şirəsi emal edən müəssisə yaradılıb, bu rayon büdcəyə təxminən 8.5 milyon manat verir. Bu illərdə Qubada cəmi bir mehmanxana istifadəyə verilib, lakin rayonunun 2014-cü il üzrə büdcə ödənişləri 16 milyon manata yaxın olub.

Hesablama Palatasının 2014-cü il üzrə dövlət büdcəsinin icrasına dair hazırladığı rəydəki bəzi yanaşmaları nəzərdən keçirdikdə bu fakta əminlik daha da artır. Rəydən əldə olunan nəticə budur ki, son illər yerli vergi daxilolmalarının artımı bilavasitə mərkəzləşdirilmiş vergi uçotunda olan strukturların ödəmələrinin yerli gəlirlərə aid edilməsilə bağlıdır. Bu prosesə 2012-ci ildən start verilib və artıq 2014-cü ildən isə həmin şirkətlərin mənəət vergisi də daxil olmaqla bölgələrdəki fəaliyyətindən formalaşan vergilər yerli vergi daxilolmaları kimi uçota alınır. Öz növbəsində, Hesablama Palatasının rəyində təqdim edilən məlumata görə, əvvəllər mərkəzləşdirilmiş qaydada vergi ödəyən dövlət şirkətlərinin də regionlardakı fəaliyyəti üzrə vergi ödəmələrinin yerlərə aid edilməsi rayon və şəhərlərin daxilolmalarının artımına səbəb olub. Burda söhbət Meliorasiya ASC, Azəravtoyol və s. kimi şirkətlərdən gedir. Məsələn, Palatanın məlumatına görə, 2013-cü ildə dövlət büdcəsinə yığılan 499.2 milyon manat yerli vergilərin 90.4 milyon manatı məhz dövlət şirkətlərinin hesabına təmin edilib. Özəl sektora aid iri holdinqlərin də yerlərdəki ödənişləri bu məbləğin üzərinə əlavə edilsə, məlum olacaq ki, əyalətlərdə büdcə təşkilatlarından savayı büdcəyə töhfə verən təsərrüfat subyektləri yoxdur.

Yeri gəlmişkən, hökumətin bugünlərdə açıqladığı 2016-cı il üzrə büdcə parametrlərindən aydın olur ki, cari ilin proqnoz göstəricisinə nisbətən gələn il yerli vergilər 68.2 milyon manat azalması gözlənilir. Deməli, regionların onsuz da zəif büdcə potensialı postneft dövrü üçün dayanıqlı vəziyyətdə deyil. (sei.az)

Ana səhifəXəbərlərƏyalətlər büdcəyə nə qədər vergi verir?