Dünya siyasəti maraqlar naminə amansız mübarizə meydanıdır. Bu mübarizədə maddi imkanlarla yanaşı ən vacib silah zəkadır. Gerçəkliyi düzgün görüb qiymətləndirmək, hadisələrin mümkün istiqamətlərini görmək, qazancları artırmaq və itkiləri azaltmaq üsullarından istifadə məharəti siyasət meydanında qələbənin rəhnidir. SSRi siyasi mübarizədə ona görə uduzdu ki, on illər ərzində hakimiyyətin ən yuxarı səfinə zəkasız və əqidəsiz buqələmunlar seçilirdi və həlledici qərar anı yetişdikdə bir nəfər belə mürəkkəb vəziyyəti anlayıb münasib qərar vermək qabiliyyəti olan rəhbər tapılmadı. Tapılmadı və fövqəldövlət çöküb yerində ciblərini güdən kəmsavadların məngirlədiyi oyuncaq dövlətlər qoyub qeybə çəkildi.
Belə dövlətlərdən biri də Ermənistandır. Onun rəhbərlərinin qabiliyyətinin rəqəmlərlə ifadəsi də var: əhalinin yarısı ölkəni tərk edib, iqtisadiyyat çöküb, ölkənin sərhədlərini Rusiya qoruyur, ərazisində rus hərbi bazaları yerləşir, dörd qonşu dövlətdən ikisi düşmən sayılır. Xalqın başına hava gəlib? Xeyr, xalqın başını gicəlləndiriblər! Xeyrini anlamır, Şəri görmür.
Ermənistan Respublikasının siyasi sinfi zəka baxımından acınacaqlı vəziyyətdədir. Ölkə rəhbərliyində bir nəfər belə hadisələrin axarının labüd nəticəsini xalqa düzgün və səmimi demir. Bir nəfər tapılmışdı, sabiq prezident Levon Ter-Petrosyan, onun da bloku parlamentə salınmadı. Demirəm seçilmədi, zira orada da seçki yox, təyinat gedir. Bunu rus tarixçisi Yuriy Kuznetsov açıq və inandırıcı tərzdə yazdı, lakin erməni şüuruna belə fikirlər təsir edə bilməz. Sıravi erməni vətəndaşının beynində bir şüar – Qarabağ bizimdir! – reaktiv təyyarə mühərriki kimi daima guruldayır və məntiqi düşünmək qabiliyyətini kökündən məhv edir. Buna görə xalq dönüb olur kütlə, kütləni isə idarə edərlər.
Ermənistan parlamentinin indiki tərkibi tam yəqinliklə deyir ki, müşkülün güzəştli həlli mümkün deyil. Yəni bu tərkib heç bir güzəşti qəbul etməyəcək. Hər bir siyasi qüvvə parlamentdə yalnız və yalnız dönməzlik və səbat hesabına Qarabağı tam ilhaq etmək siyasətini dəstəkləyəcək. Bu, Rusiyanın istəyi və sifarişi idi, sözsüz yerinə yetirildi. Yəni Rusiya siyasi alverdə sözsüz söykənəcəyi bir hüquqi dayaq düzəltdi, bu da “süveren Ermənistanın demokratik seçilmiş parlamenrinin iradəsi” olacaq. Rusiya, təbii ki, sülh naminə güzəştli təkliflərə çağıracaq, lakin Ermənistan “parlament”i bu təklifləri qəbul etməyəcək. Nə vaxta qədər? Möhləti sabiq erməni prezidenti Levon Ter-Petrosyan müəyyənləşdirib: 2036-cı ilə qədər. Onda nə baş verəcək? Cənab Ter-Petrosyanın rəyinə görə, həmin vaxt nə Qarabağ, nə də Ermənistan qalacaq. Ölkə dağılıb qeybə çəkiləcək. Şumer, Akkad, Babil, Səba adlı dövlətlər BMT-nin üzvüdürlər? Yox, Niyə? Çünki onlar zavala uğrayıblar, tarixin səhifələrində qalıblar. Dağılıblar. Ermənistan da dağılacaq. 2036-cı ildə.
Azərbaycan XİN-i işsiz qalacaq. Qarabağ müşkülünü kimlə müzakirə etsinlər? Minsk qrupu var, Moskva yerində, Paris və Vaşinqton da müşkülün həllinə maraq göstərirlər, di gəl nə Ermənistan, nə də Qarabağ yoxdur. Bax, belə-belə işlər. Əgər Ermənistanın sabiq prezidentinə inansaq.
Onu bağışlamaq olarmı? Zavallı nə etsin? Sovet məktəbində oxuyub. Ona orada hesab öyrədiblər, vur-çıxı bilir. Baxır görür ki, Ermənistandan ildə 45-50 min adam köçüb gedir xaricə. Bilir ki, ölkədə 1,5 milyon adam qalıb. 50 mini vurur on ilə, görür ki, 500 000 min edir. Çıxır 1,5 milyondan yarım milyonu, görür ki, on ildən sonra Ermənistanda 1 000 000 adam qalacaq. Bilir ki, Rusiya Qarabağ müşkülünün həllinə icazə verməyəcək və hadisələr köhnə minvalla davam edəcək. Yenə on il keçəndən sonra Ermənistanda 0,5 milyon adam qalacaq. Yenə müşkül həllini tapmayacaq və beləliklə, həmin o yarım milyon erməni də ölkədən köçəndən sonra 30 ildən sonra ölkədə qalan iki erməni son Qələbə bayramını belə qeyd edəcəklər: biri Şuşanın azərbaycanlılardan azad edilməsi münasibətilə qələbə paradını qəbul edəcək, ikincisi paradda hərbi paltarda və Kalaşnikov avtomatı sinəsində addımlayacaq. Paraddan sonra onlar işığı keçirib xaricə, çox güman ki, Rusiyaya köçəcəklər.
Amma bu da sual altındadır. Bilinmir, Rusiya qalacaq o vaxta qədər, ya yox. Rus alimləri ölkənin dağılma tarixini şıdırğı müzakirə edirlər. Nikbinlər deyir ki, Rusiya vahid dövlət kimi 2030-cu ilə kimə qala bilər. Yəni şansı var. Bədbinlər deyir ki, heç elə şey yoxdur, süqut ağzımızın içindədir, üç-dörd ildən sonra ölkə beş-altı hissəyə parçalanacaq. Fəqət ermənilərə nə var e? Rusiya istər vahid dövlət olsun, istər beş dövlət, ermənilərə o boyda ərazidə həmişə yer tapılar.
Burada bir sual yaranır: bəs Azərbaycan nə edə bilər və nə etməlidir? Dəyərli oxucumun diqqətinə ərz edim ki, Azərbaycan cox şey edə bilərdi, lakin indiyə kimi etməyib, zira bunun üçün həm zəka lazımdır, həm də zəkanın Vətənin xidmətinə yönəldilməsi. Nə o, nə də bu, Qarabağa yönəli siyasətimizdə müşahidə edilmir. Lakin necə də olsa, müşkül durur, hüquqi müstəvidə onun həlli tapılmayıb və imkanlar tam tükənməyib. Azərbaycan iki şey edə bilər. Ya indiyə qədər etdiyi kimi, heç nə etmədən Lazımın gəlməsini gözləsin, gözləsin, gözləsin, ta ki, cənab Ter-Petrosyanın dediyi vədə gəlib çatsın, ya da… yenə heç nə etməsin. Zira bu hakimiyyətin nə isə edə bilməsinə (xahiş edirəm beynəlxalq yarışları və konsertləri istisna edəsiniz) heç bir ümid yoxdur.
Nəyinə də lazımdır? Pul gəlir? Gəlir. Millət itaət edir? Edir. Dünya bunu qəbul edir? Edir. Min bərəkət…
Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.