”Evli”-evsizlər (VIDEO)


Ümid Nazirlər Kabinetinin qərarına qalıb

“50 ildi bu evdə yaşayıram. Evimizin sadəcə qeydiyyatı var, başqa heç bir sənədləşmə aparılmayıb”.

Bakının Şanxay qəsəbəsinin 50 yaşlı sakini Leyla Məmmədova dəmiryolu xəttinə yaxın tikilən evdə yaşayır. Onun sözlərinə görə, qatarlar evlərə və insanların həyatına təhlükə yaratsa da, həm maddi imkansızlıq, həm də ərazinin hər yerə yaxın olması səbəbindən burada yaşamağa məcburdu.

Rəsmi məlumata görə, hazırda ölkədə dəmir yolu mühafizə zolağında 2840 qanunsuz tikili var. Bunun 538-i qeyri-yaşayış, 2302-si isə yaşayış sahəsidir. Mediada rəsmi qurumlar tərəfindən bu evlər, qanunsuz gecəqondular kimi qəbul edilir və yaxın zamanlarda söküləcəyi ilə bağlı məlumatlar yer alır:

“Əgər bura gecəqondudursa, niyə uşaqlarımızı hərbi xidmətə çağırılar? Demək, burda evlərin tikilməsinə icazə olub. İcazə verilməsə, necə tikərdilər? 60-70 ildi burda yaşayanlar var ki, onların da sənədi yoxdu. Burdakı evlərin hamısı sənədsizdi. Yalnız evin üstünə qeydiyyat olunmuşuq və hökumətə bütün kommunal və digər məsələlər üçün pullar ödənilib”-deyir, Leyla Məmmədova.

Nazirlər Kabinetinin 22 yanvar 2005-ci il qərarına görə, dəmir yolu mühafizə zolağında yerləşən tikililərlə dəmir yolu xətti arasında azı 20 metr məsafə olmalıdır. Bu ərazidə tikinti aparmaq üçün Nəqliyyat Nazirliyinin icazəsi mütləqdi.

Nəqliyyat Nazirliyindən isə Dəmir Yolu İdarəsinin müstəqil olduğu bildirilir. Bu səbəbdən də evlərin taleyi ilə bağlı qurumda hər hansı bir məlumat yoxdu.

Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov Meydan TV-yə bildirib ki, adiyyatı qurumlara evlərin qanunsuz tikilməsi ilə bağlı dəfələrlə məlumat verilib:

“Biz polis deyilik ki, kimisə tutaq, icazə verməyək. Məlumatları ötürürük adiyyatı qurumlara ki, tanış olsunlar. Onlar qərar çıxarmalıdı. Bizim səlahiyyətimizdə deyil ki, deyək: “Bunu tikmə”-deyir, Əzməmmədov. Evlərin sökülərkən sakinlərin necə köçürüləcəyi barədə hələ ki, rəsmi qurumlardan hər hansı bir məlumat yoxdu:

“Bizə kompensasiya versələr və ya şəraitli yerə köçürsələr, köçərik”,- deyə, başqa bir sakin Məhəmməd Cəfərov narazılığını bildirir:

” Kim istəməz köçsün? Kim burada yaşamaq istəyər? Təcili yardım maşını gəlib yolda dayanır. Gərək, onun qabağına çıxasan, axtarıb, tapasan. Mənə həm kompensasiya, həm də şəraitli yerə köçürülmə sərf edir”.

Lakin ərazinin əlverişli olmasını səbəb göstərərk, köçmək istəməynlər də var:

“Burdan hər yerə rahatdı. Sökülməyini istəmirəm. Mən 120 manat pensiya alıram. Bizi aparıb şəhərdən kənar ərazilərdə yerləşdirəcəklər. Ordan da şəhərə getmək üçün üç avtobus dəyişməli olacağıq”- Sadəgül Məcidova deyir.

Bakı şəhər İcra Hakimiyyətinin sözcüsü Tahir Məsimov vətəndaşların necə köçürüləcəyi ilə bağlı məlumat verməsə də, evlərin tikilməsində günahı, Dəmir Yolları Qapalı Səhimdar Cəmiyyətinin üzərinə atır:

“Heç bir İcra Hakimiyyəti belə qanunsuz evlərin tikilməsinə icazə vermir. Çünki orada normativ qanunlar var. Birinin də sənədi yoxdur. Nəyə görə özbaşına tikilir? Biz nəzarət edən qurum deyilik. Həmin ərazi Dəmir Yolu İdarəsinindi və nəzarətə də onlar cavadehdi”.

Hüquqşünas Namizəd Səfərov isə deyir ki, o tikililər qanunsuz olsa belə, vaxtilə hakimiyyət orqanlarının gözü qabağında tikilib. Susmaları isə razılıq əlaməti olub:

“Əgər “Azərbaycan Dəmir Yolları” İdarəsi Nazirlər Kabineti qarşısında belə evlərin sökülməsi məsələsini qaldırıbsa, ən azı həmin vətəndaşların kompensaiya və ya başqa yaşayış evi ilə təmin olunması da gündəmdə olmalıdır. O demək deyil ki, bu vətəndaşlar qanunsuz ev tikiblər deyə, bu gün onları küçəyə atıb, mənzilsiz qoymaq lazımdır. Əgər vaxtında icra orqanları icazə verməsydi, vətəndaş gedib qanuni ev alardı, məskunlaşardı”.

Müstəqil Memarlar Assosasiyasının prezidenti Zemfira Budaqovaya görə, hökumət belə tikililərin sökülməsini mərhələli şəkildə aparmalıdır. O, xarici ölkələrdə də bu tip tikililərin olduğunu və insanların mülkiyyət hüquqlarının toxunulmazlığını önə çəkir:

“Deyək ki, evlər söküldü, vətəndaşlar hara yerləşdiriləcək? Hökümət onları evlə təmin etməlidir. Heç kimi bayıra tullamaq olmaz. Xaricdə də məsələn, buna çox fikir verirlər. İnsanların mülkiyyət hüquqlarını tapdamaq istəmirlər. Bu, insanın hüququdur”.

Nadir Əzməmmədovun sözlərinə görə, evlərin sökülməsi ilə bağlı Nazirlər Kabinetinin qərarı lazımdı:

“Biz əvvəl Nəqliyyat Nazirliyinin tabeliyində idik. Evlərin sökülməsi ilə bağlı bütün sənədləri ilk ora göndərmişik. Nazirlik orada 883 tikilinin təxirəsalınmadan sökülməli olduğunu hesab edib. Bu sənədi Nazirlər Kabinetinə təqdim etmişik, lakin hələ bir cavab yoxdu. NK nə cavab versə, biz onu edəcəyik”-deyə, Nadir Əzməmmədov bildirir.

Ana səhifəVideo”Evli”-evsizlər (VIDEO)