Evinə su dolmuş 25 nəfər təxliyə edilib

Hazırda Bakının 3 rayonunda suçəkmə işləri aparılır

Source:

Hazırda Bakının 3 rayonunda suçəkmə işləri aparılır

Oktyabrın 4-nə keçən gecə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri Bakının Binəqədi rayonu ərazisində müxtəlif ünvanlarda həyətyanı sahələrinin yağış suları ilə dolması səbəbindən köməksiz vəziyyətdə qalmış 25 nəfəri təxliyə edib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatında bildirilir ki, son günlər yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin və Abşeron rayonunun bəzi ərazilərində fərdi yaşayış evləri və həyətyanı sahələr, digər obyektlər və onların ətrafı yağış suları ilə dolub. Yağan yağışlarla əlaqədar nazirliyin “112” qaynar telefon xəttinə vətəndaşlardan çoxsaylı müraciətlər daxil olub.

Yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülkü müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası paytaxtın müxtəlif rayonlarında suçəkmə işlərinə cəlb edilib.

Hazırda Bakı şəhərinin Binəqədi, Sabunçu rayonlarında və Abşeron rayonu ərazisində Fövqəladə Hallar Nazirliyinin 70 nəfər şəxsi heyəti və 17 ədəd texnikası suçəkmə işlərini davam etdirir.

Ana səhifəXəbərlərEvinə su dolmuş 25 nəfər təxliyə edilib