Evində polis gecələdi, səhər narkotik çıxdı (VİDEO)

Kürdəmir rayon Söyüdlər kənd sakini  Fizuli Əsgərov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlamada və tərkibində narkotik maddələr olan bitkiləri becərməkdə ittiham edilir. Məhbusun qardaşı Vaqif Əsgərov isə qardaşının şərləndiyini bildirir. O deyir ki, 28 may 2013-cü ildə evdə birinci dəfə axtarış aparılan zaman heç bir narkotik maddə tapılmayıb. Əməliyyatçılar qardaşının torpaq sahəsindən 700 metr aralıda, bələdiyyə torpağında çətənə kolu aşkarlayıblar. Çətənə kolu onlara məxsus ərazidə olmayıb. Amma ikinci dəfə axtarışa gələn əməliyyatçılar evdən bir çamodan çətənə kolutapıblar.

İşə baxan Lənkəran Ağır Cinayətlər məhkəməsi Fizuli Əsgərova 10 il 6 ay həbs cəzası verib. Vaqif Əsgərov deyir ki, məhkəmə baxışı zamanı 28 mayda evdə aparılan axtarış  sənədlərdə qeyd olunmayıb. Həmin gün qardaşından alınan ifadə də ittiham aktında yazılmayıb. Əməliyyat saat 5-də qurtarsa da, həmin gün ekpsertizanın rəyi alınıb.

Fizuli Əsgərov Söyüdlər kənd orta məktəbində laborant işləyib . O, Neft Texnikumunu bitirib. Qardaşı deyir ki, onun adına heç bir mülkiyyət yoxdur. Füzuli Əsgərov işdən sonra   maldarlıqla məşğul oluraraq dörd övladını dolandırıb. Onun əvvəllər məhkumluğu olmayıb. Hazırda iş Şirvan Apellyasiya Məhkəməsində davam edir. Vaqif Əsgərovun isə yeganə narahatlığı qardaşının kimin sifarişi ilə həbs edilməsini bilməməyidir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Meydan TV –yə bildirib ki, onlara Fizuli Əsgərovla bağlı şikayət ərizəsi yazanın kimliyini əməliyyat sirri olduğuna görə açıqlaya bilməzlər. Əsgərovlar ailəsinin evə bir çamodan çətənə kolunu polislərin yerləşdirdiyi iddiasına gəlincə, Ehsan Zahidov dəstəyi asdı.

Ana səhifəVideoEvində polis gecələdi, səhər narkotik çıxdı (VİDEO)