“Problemin kökü keçmiş məhbus Şəmsi Səmədzadəyə gedib çıxır”
Bakı Apelyasiya Məhkəməsində “Xural TV” internet televiziyasının ev dustaqlığına buraxılmasıyla bağlı vəkilinin vəsatətinə baxılıb. Bu vəsatətə sentyabrın 21-də Binəqədi Rayon Məhkəməsində baxılmış və təmin olunmamışdı. Həmin qərardan vəkil Aqil Layıc apelyasiya şikayəti vermişdi.
Şikayətə hakim Qədim Babayevin sədrliyilə baxılıb və birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Məhkəmə belə nəticəyə gəlib ki, Əvəz Zeynallının istintaq dövründə həbsdə saxlanması məqsədəuyğundur.
Aqil Layıc Meydan TV-yə bildirib ki, Əvəz Zeynallının istintaq dövründə həbsdə saxlanması ilə əlaqədar növbəti hüquqi addım Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək olacaq. İnsan Haqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasının 5-ci (azadlıq və toxunulmazlıq hüququ) maddəsinin pozuntusundan Strasburqa şikayət göndəriləcək: “Bu məsələ ilə bağlı ölkə daxilində bütün mümkün addımları atmışıq, nəticəsiz qalıb. Yəni ölkədaxili hüquqi müdafiə vasitələri tükəndirilib. Ona görə də Avropa Məhkəməsinə müraciət edəcəyik”.
Məhkəmədə Əvəz Zeynallı özü də iştirak edib. O, təqsirsiz olduğunu və jurnalist fəaliyyətinə görə həbs olunduğunu bildirib.
Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynalova məhkəmənin belə qərar verməsinin onlar üçün gözlənilməz olmadığını deyir. O vurğulayıb ki, həyat yoldaşı peşə fəaliyyətinə görə həbs olunub və məqsəd Əvəz Zeynallını susdurmaqdır. Məlahət Zeynalova iddia edir ki, həyat yoldaşı Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri, prezidentin köməkçisi Fuad Ələsgərovun sifarişilə həbs olunub:
“Məhkəmədən yarım saat əvvəl bizə demişdilər, Fuad Ələsgərov dirənib ki, Əvəz Zeynallı həbs olunmalıdır. Onun sifarişilə cəzalandırılıb”.
Fuad Ələsgərov və Əvəz Zeynallı arasında hansı səbəbdən ədavət olmasına gəlincə, Məlahət Zeynalova deyir, problemin kökü ömürlük azadlıqdan məhrum edilmiş, sonuncu əfv fərmanı ilə azadlığa buraxılan keçmiş məhbus Şəmsi Səmədzadəyə gedib çıxır:
“Şəmsi Səmədzadə sifarişlə cəzalandırılmışdı. Onun adı prezidentə göndərilən əfv siyahısına daxil edilsə də, çıxarılmışdı. Əvəz Zeynallı məlumat əldə etmişdi ki, bunu Fuad Ələsgərov eləyib. Bunu açıq şəkildə dilə gətirmişdi. Həmçinin Hüseyn Abdullayev (keçmiş deputat), Eldar Həsənov (keçmiş Baş prokuror və səfir) məsələsində də Əvəz Zeynallı bu adamların həbsinin gerçək səbəblərini ortaya qoyurdu. Əvəz Zeynallı bu məsələləri gündəmə gətirirdi, bu da Fuad Ələsgərova xoş gəlmirdi. Çünki o həbslərin hər birində onun rolu var”.
Məlahət Zeynalova onu da əlavə edib ki, həyat yoldaşı ilə görüşünə rəsmi qaydada qadağa qoyulub, Əvəz Zeynallıya telefonla ailəsilə əlaqə saxlamağa imkan verilmir:
“Əgər bu adam həqiqətən rüşvətə görə həbs olunubsa, mənim onunla görüşümə niyə qadağa qoyublar? Evimizdən ailənin xərcləri üçün nəzərdə tutulmuş vəsaiti götürüblər, hələ də qaytarmayıblar. Gah dedilər banka depozitə qoymuşuq, gah başqa söz dedilər…”
Həyat yoldaşının sözlərinə görə, Əvəz Zeynallının səhhətində də problemlər var, vəkilləri vasitəsilə xəbər göndərərək dərman istəyib. O, şəkər xəstəliyindən əziyyət çəkir.
Fuad Ələsgərovun onun ünvanına səslənən bu ittihama münasibəti məlum deyil.
Əvəz Zeynallı sentyabrın 10-da Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsilə həbs edilmişdi. Sentyabrın 21-də ona qarşı Cinayət Məcəlləsinin 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərə – nüfuz alveri) maddəsilə yenidən ittiham elan edilib.
Rüşvət ittihamı “Baku Steel Company” MMC – poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədovla bağlıdır. “Xural TV” rəhbəri 2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədovun ailəsindən onun əleyhinə materiallar yaymamaq üçün 20 min manat pul almaqda ittiham olunur.
Əvəz Zeynallı ona qarşı irəli sürülmüş ittihamların heç birini qəbul etmir. O, sifarişlə həbs edildiyini bildirir. “Xural TV” rəhbərinin sözlərinə görə, onu jurnalist fəaliyyətinə, tənqidlərinə görə cəzalandırmaq üçün belə ssenarilər qurulur.
Əvəz Zeynallının işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır. O, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır.
Sentyabrın 10-da Əvəz Zeynallı ilə yanaşı, vəkil Elçin Sadıqov da eyni cinayət işi üzrə həbs olunub. O, Rasim Məmmədovun vəkili idi. Elçin Sadıqov rüşvətə vasitəçilikdə ittiham olunur.
Elçin Sadıqov sentyabrın 17-də Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.
Elçin Sadıqov da özünü təqsirli bilmir, həbsini peşə fəaliyyətilə əlaqələndirir. Onun sözlərinə görə, həbsinin əsl səbəbi ictimai-siyasi fəalların hüquqlarını müdafiə etməsidir.