Əvəz Zeynallının həbsinin 3 ili tamam oldu

“Jurnalistin susdurulması hökumətin tənqidə dözümünün sıfır həddinə çatmasının, tənqidçi şəxslərin böyük risk altında olmasının göstəricisidir”

Source:


“Jurnalistin susdurulması hökumətin tənqidə dözümünün sıfır həddinə çatmasının, tənqidçi şəxslərin böyük risk altında olmasının göstəricisidir”

Vətəndaş cəmiyyətinin nümayəndələri, media mənsubları, hüquq müdafiəçiləri hazırda 10 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Əvəz Zeynallı ilə oktyabrın 28-də görüşmək üçün Ədliyyə Nazirliyi Pentensiar İdarəsinə rəsmi məktubla müraciət etmək niyyətindədirlər.

Əvəz Zeynallı 28 oktyabr 2011-ci ildə sabiq deputat Gülər Əhmədovanin əsaslandırılmamış və sübut olunmamış iddiası əsasında həbs olunub. Məhkəmə qarşısına 2012-ci ilin may ayında çıxarılıb. 11 ay davam edən məhkəmə prosesindən sonra 2013-cü il martın 12-də Əvəz Zeynallı 9 il müddətinə azadlıqdan məhrum edilib.

Media Hüququ İnstitutu (MHİ) “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə bağlı yaydığı bəyanatda deyilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallını 9 il azadlıqdan məhrum edən hökmü Azərbaycanda ifadə azadlığının boğulmasına yönəlik ən ağır basqılardandır.

Media Hüququ İnstitutu məhkəmə araşdırması zamanı təsdiqini tapmamış ittihamlar əsasında çıxarılan bu hökmü kəskin qınayır. MHİ Əvəz Zeynallının susdurulmasının hökumətin tənqidə dözümünün sıfır həddinə çatmasının, tənqidçi şəxslərin böyük risk altında olmasının göstəricisi olduğunu vurğulayır.

MHİ yada salır ki, Əvəz Zeynallı 2011-ci ilin oktyabrından həbsdədir. Həbs olunmazdan öncə Əvəz Zeynallının rəhbəri olduğu tənqidi məzmunlu “Xural” qəzeti tamamilə sıradan çıxarılıb. Öncə Azərbaycan Mətbuat Şurasının müraciətindən sonra ölkədəki nəşriyyatlar “Xural” qəzetinin nəşrindən imtina ediblər. Prezident Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru cənab Vüqar Səfərlinin iddiaları əsasında “Xural” qəzetinə qarşı çıxarılan qərarların icraya yönəldilməsi nəticəsində qəzetin bütün əmlakı müsadirə edilib. Bunun ardınca Əvəz Zeynallı hazırda dələduzluq və ağır cinayəti gizlətmə cinayətlərində təqsirləndirilən keçmiş millət vəkili Gülər Əhmədovanın Baş Prokurorluğa şikayəti əsasında həbs olunub. G.Əhmədova jurnalisti rüşvət tələb etməkdə ittiham edib. Sonradan jurnalistə qarşı ittihamların sayı artıb. Əvəz Zeynallı rüşvət alma (Cinayət Məcəlləsi, maddə 311),  məhkəmə qərarını etməmə (Cinayət Məcəlləsi, maddə 306), vergi ödəməkdən yayınma (Cinayət Məcəlləsi, maddə 213) cinayətlərində ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi martın 12-də bu ittihamları təsdiqləyərək Ə.Zeynallını 9 il müddətinə azadlıqdan məhrum edib.

Media Hüququ İnstitutu Əvəz Zeynallıya qarşı ittihamların əsassız olduğunu, məhkəmə prosesinin gedişinin onun çıxaracağı son qərarın doğruluğuna inamı öncədən sarsıtdığını vurğulayır.

MHİ Əvəz Zeynallıya qarşı ittihamlar üzrə əsas şahidlərin məhkəmə dindirməsinin təmin olunmadığını qeyd edir. Əsas şahid, hazırda dələduzluqda təqsirləndirilərək həbsdə olan sabiq millət vəkili Gülər Əhmədova məhkəməyə gəlməkdən ümumiyyətlə imtina edib. Məhkəmə də əsas şahidin ifadəsini dinləməyə lüzum görməyib. İttihamların ədalətli incələnməsi üçün ifadələri çox vacib olan digər əsas şahidlərin məhkəmədə iştirakı da təmin edilməyib. Məhkəmədə iştirakı təmin olunan şahidlərsə, istintaqa verdikləri ifadələrini təsdiqləməyiblər. Əvəz Zeynallının vəkillərinin bunlarla, habelə ədalətli araşdırma üçün vacib olan digər xüsusatlarla bağlı vəsadətlərinin hamısı rədd olunub.

MHİ belə bir şəraitdə – ədalətli, qərəzsiz məhkəmə araşdırması aparılmadan çıxarılan hökmün yalnız bir məqsədinin olduğunu vurğulayır: tənqidçi jurnalistlərin gözünü qorxutmaq, onları ictimai önəmli məsələləri, hökumətin önəmli siyasi fiqurlarının, məmurlarının fəaliyyətini araşdırmaqdan çəkindirmək və cəmiyyəti doğru bilgilər almaq hüququndan məhrum etmək.

Media Hüququ İnstitutu Bakı Ağır Cinayətlər Məhkəməsinin “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı barəsində çıxardığı ədalətsiz məhkəmə hökmünü pisləyir, onun tez bir zamanda ləğv olunmasını tələb edir”.

Ana səhifəXəbərlərƏvəz Zeynallının həbsinin 3 ili tamam oldu