Əvəz Zeynallının həbs müddəti uzadılıb

Vəkil məhkəmə qərarından apelyasiya şikayəti verəcəklərini deyir

“Xural TV” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallı haqqında istintaq dövrü üçün həbs qətimkan tədbirinin müddəti daha üç ay artırılıb. Binəqədi Rayon Məhkəməsi dekabrın 29-da buna qərar verib. Məhkəmə prokurorun bu barədə təqdimatını təmin edib.

Əvəz Zeynallının vəkili Fəxrəddin Mehdiyev Meydan TV-yə bildirib ki, bu qərarı əsassız hesab edirlər və apelyasiya şikayəti verəcəklər. Vəkilin sözlərinə görə, Əvəz Zeynallının həbsdə saxlanması üçün heç bir əsas yoxdur.

“Bu gün (dekabrın 29-da) biz məhkəmədə bildirdik ki, Əvəz Zeynallı heç bir cinayət törətməyib, təqsirsizdir. Yox, əgər araşdırmağı vacib hesab edirsinizsə, o halda, heç olmasa, adamı ev dustaqlığına buraxın, tamamilə təcrid etməyin. Təəssüf ki, ev dustaqlığıyla bağlı müdafiə tərəfinin vəsatəti təmin olunmadı”, – Fəxrəddin Mehdiyev bildirib.

Vəkilin sözlərinə görə, “Xural TV” rəhbərinin səhhətində ciddi problemlər var. O, təzyiq və şəkər xəstəliklərindən əziyyət çəkir, görmə qabiliyyəti getdikcə zəifləyir, hətta əməliyyata ehtiyac yaranıb. Səhhətindəki problemləri də məhkəmənin nəzərinə çatdırıb, həbsdən buraxılmasına əsaslardan biri kimi göstəriblər. Lakin hakim nəzərə almayıb.

“Təəssüf ki, Əvəz Zeynallının ailə üzvlərilə telefon və görüş qadağası davam edir”, – Fəxrəddin Mehdiyev əlavə edib.

Əvəz Zeynallının digər vəkili Aqil Layıc da onun əsassız həbs olunduğunu vurğulayıb:

“Demək olar ki, onunla bağlı istintaq hərəkəti aparılmır. Buna baxmayaraq, həbs qətimkan tədbirinin müddəti uzadılır”.

Əvəz Zeynallı sentyabrın 10-da Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsilə həbs edilmişdi. Sentyabrın 21-də ona qarşı Cinayət Məcəlləsinin 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərə – nüfuz alveri) maddəsilə yenidən ittiham elan edilib.

Rüşvət ittihamı “Baku Steel Company” MMC – poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədovla bağlıdır. “Xural TV” rəhbəri 2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədovun ailəsindən onun əleyhinə materiallar yaymamaq üçün 20 min manat pul almaqda ittiham olunur.

Əvəz Zeynallı ona qarşı irəli sürülmüş ittihamların heç birini qəbul etmir. O, sifarişlə həbs edildiyini bildirir. “Xural TV” rəhbərinin sözlərinə görə, onu jurnalist fəaliyyətinə, tənqidlərinə görə cəzalandırmaq üçün belə ssenarilər qurulur.

Sentyabrın 10-da Əvəz Zeynallı ilə yanaşı, vəkil Elçin Sadıqov da eyni cinayət işi üzrə həbs olunub. O, Rasim Məmmədovun vəkili idi. Elçin Sadıqov rüşvətə vasitəçilikdə ittiham olunur.

Elçin Sadıqov sentyabrın 17-də Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.

Elçin Sadıqov da özünü təqsirli bilmir, həbsini peşə fəaliyyətilə əlaqələndirir. Onun sözlərinə görə, həbsinin əsl səbəbi ictimai-siyasi fəalların hüquqlarını müdafiə etməsidir.

Ana səhifəXəbərlərƏvəz Zeynallının həbs müddəti uzadılıb