Əvəz Zeynallı müayinə olundu

Həyat yoldaşı onun təkrar əməliyyata ehtiyacı olduğunu deyir

Source:


Həyat yoldaşı onun təkrar əməliyyata ehtiyacı olduğunu deyir

10 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallını səhhəti ilə bağlı nəzarətə götürüblər. Meydan TV-yə bu barədə məlumatı onun həyat yoldaşı Məlahət Zeynallı verib. Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin Tibbi Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Rəfail Mehdiyev və Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi Müalicə işinin təşkili idarəsinin rəisi – baş idarə rəisinin müavini, İftixar Qurbanov bu barədə məlumat veriblər.

Müəssisənin Tibb Məntəqəsinin həkimi tərəfindən aparılan müayinədən sonra Ə.Zeynallı Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülməsi məqsədəuyğun hesab edilib.  Xanımı deyir ki, Əvəz Zeynallı Müalicə Müəssisəsinə yerləşdirilməkdən imtina edib. Bundan sonra Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mərkəzi Müalicə Müəssisəsinin LOR həkimi Rafiq Kazımov Ə.Zeynallını müayinə etmək üçün 10 saylı CÇM-də olub: “Rafiq Kazımov 2012-ci ildə Əvəz Zeynallı Bakı İstintaq Təcridxanasında saxlanılarkən də onu müayinə etmişdi və sağlamlığı ilə bağlı verdiyi rəy əsasında təcridxana rəhbərliyi rəsmi arayış təqdim etmişdi. Noyabrın 27-də ətraflı müayinədən sonra, müvəqqəti müalicə üçün müxtəlif dərmanların qəbul edilməsinin zəruri olduğunu qeyd edən həkim bununla bağlı rəy hazırlayacağını bildirib. Ümumilikdə isə gəlinən qənaət ondan ibarət olub ki, Əvəzin burun çəpənində indi də ciddi problemlər var və üçüncü dəfə əməliyyat olunmalıdır. Lakin bu əməliyyatın Azərbaycanda deyil ,v xarici ölkələrdən birində aparılması mümkündür. İndiki şərtlər isə buna imkan vermir. Biz də istəyirik ki, Əvəz azadlıqda olduğu zaman bu əməliyyatı etdirək. Çünki indiki şəraitdə bunun mümkün olmadığını biz də bilirik”.

“Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-də sabiq deputat G.Əhmədovanın şikayətilə həbs edilib. 2012-ci il martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə. Zeynallı 9 il müddətinə azadlıqdan məhrum edilib. Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları, o cümlədən “Amnesty International”, “Human Rights Watch”, “Freedom House”, “Human Rights House Foundation”, Senzura İndeksi təşkilatları “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallını “vicdan məhbusu” olaraq tanıyır və onun həbsinin peşə fəaliyyətilə əlaqədar siyasi motivlər əsasında həyata keçirildiyini bəyan edərək, hakimiyyətə onun tezliklə azadlığa buraxılmasını tövsiv edir.

Ana səhifəXəbərlərƏvəz Zeynallı müayinə olundu