Ödənilən məbləğin qəbzləri də məhkəməyə təqdim edilib
Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun ev dustaqlığına buraxılmasından il keçir. Ümumilikdə 27 milyonluq mənimsəmə və rüşvət almada ittiham olunan sabiq nazir bu məbləğin təxminən 20 milyonunu istintaq dövründə ödəyəndən sonra həbsdən buraxılmışdı. Qalan məbləğ isə uzun müddət idi ki, ödənilmirdi.
Cinayət işinin materiallarında iddia olunur ki, nazirlikdə keçirilən tenderlər zamanı qanun pozuntularına yol verilib. Tenderlərdə qalib elan edilən şirkətlər tərəfindən də mənimsəmə və israfetmə hallarına yol verilib.
Səlim Müslümovun işinə uzun müddətdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyilə baxılır. Mayın 8-də keçirilən məhkəmə iclasında hakim qalan ziyanın ödənilməsilə bağlı durum haqda proses iştirakçılarına məlumat verib.
Hakim Faiq Qəniyev bildirib ki, şirkətlərlə bağlı israfetmə nəticəsində vurulan ziyan istisna olmaqla, Səlim Müslümov tərəfindən dəymiş ziyan tam ödənilib. Məlum olub ki, Səlim Müslümov şirkətlər tərəfindən mənimsənilmiş 4 milyon 500 min manatlıq ziyanı da aprelin 28-də ödəyib.
Ödənilən məbləğin qəbzləri də məhkəməyə təqdim edilib.
Hakim bildirib ki, həmin şirkətlərin özləri də onların əməlləri nəticəsində dəymiş ziyandan 600 min manat ödəyiblər.
Məhkəmə istintaq orqanına mənimsəmə epizodu üzrə şirkətlərin ödədiyi yekun məbləğlə bağlı məlumat üçün almaq üçün sorğu göndərib. Hakim bildirib ki, yaxın bir neçə gün ərzində sorğuya cavab veriləcək.
Sabiq nazirin işi üzrə məhkəmə mayın 15-də davam edəcək.
62 yaşlı Səlim Müslümov 2000-2002-ci illərdə Dövlət Gömrük Komitəsinin sədr müavini, ardınca 11 il Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsində işləyib. 2013-cü ildə əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. Həmin vaxt Dövlət Sosial Müdafiə Fondu da bu nazirliyin tabeliyinə verilib. O, 2018-ci ildə nazir vəzifəsindən azad edilib.
2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılan sabiq nazir 2022-ci ilin mayında ev dustaqlığına buraxılıb. Onun işi üzrə istintaq da DTX-nın İstintaq Baş İdarəsində aparılıb.
Səlim Müslümova qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) maddələrilə ittiham irəli sürülüb. Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.
Səlim Müslümov 27 milyon manatlıq ziyanın 20 milyonunu ödəyəndən sonra ev dustaqlığına buraxılsa da, rəsmi səbəb kimi, onun səhhətindəki problemlər göstərilib.