”Ev alan neftçilər aldadılıb”

Mirvari Qəhrəmanlı: ””Neftçi” MTK-nın tikdiyi mənzillərin sahəsi sənəddə göstərilənlərlə uyğun gəlmir”

Source:


Mirvari Qəhrəmanlı: ””Neftçi” MTK-nın tikdiyi mənzillərin sahəsi sənəddə göstərilənlərlə uyğun gəlmir”

“Dövlət Neft Şirkəti öz işçiləri üçün koorpertiv binalar tikib, məqsəd bu olub ki, evsiz neftçilər güzəştli şərtlərlə mənzillə təmin edilsin. “Neftçi MTK” tərəfindən tikilən binalar 2012-ci ildə təhvil verilib. Lakin bir neçə ildən sonra mənzillər özəlləşdirilərkən bəlli olub ki, neftçilər aldadılıblar. Mənzillərin real sahəsi müqavilədə göstərilən sahədən azdır. Tikinti şirkəti mənzillərin sahəsinə divarların, eyvanın, divarların oturacaqlarının, blokun, hətta liftin sahəsini də əlavə ediblər”.

Bunu Meydan TV-yə açıqlamasında Neftçilərin Hüquqlarını Müdafiəsi Təşkilatın sədri Mirvari Qəhrəmanlı deyir. Onun sözlərinə görə, “Neftçi” MTK tərəfindən verilən sənəddə mənzilin birinin ümumi sahəsi 100 kvadratmetr göstərilib. Amma özəlləşdirmə zamanı Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin təqdim etdiyi sənəddən məlum olur ki , həmin mənzilin ümumi sahəsi 75 kvadratmetrdir (25 m2. fərq ). Demək olar ki, bütün mənzillərə verilən sənədlərdə bu qədər fərq var.

M.Qəhrəmanlı onu da bildirir ki, “Neftçi MTK-nın rəhbərliyi bununla razılaşmır.

“Neftçi” MTK Səbail rayonu Badamdar qəsəbəsində, Qaradağ rayonu Lökbatan qəsəbəsində, Xətai rayonu, Əhmədli qəsəbəsində və metronun “Xətai” stansiyasının yaxınlığında evlər tikib.

“Şirkət Badamdar qəsəbəsində 96 ailəlik bina inşa edib. Bina 2012-ci ildə istifadəyə verilib. Mənzilin kvadratmetrinə 695 manat ödəmişəm. Mənzili özəlləşdirərkən Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilən çıxarışda (kupça) mənzilin real sahəsi göstərilib, şirkət arakəsmələri də mənzilin sahəsi kimi mənə satıb”, -adının açıqlanmasını istəməyən neftçi deyir.

Digər sakinlər də kupça alandan sonra aldadıldıqlarını öyrəniblər.Lakin onlar adlarının açıqlanmasını istəmirlər, arqumentləri də var, çoxu ARDNŞ-də çalışdığından işdən çıxarılacaqlarından qorxurlar.

“Hər birimiz əlavə pul ödəmişik, amma şikayət etməkdən qorxuruq, əks halda işimizdən də olarıq. Onsuz da ödədiyimiz məbləği geri alacağımıza inanmırıq”, -şikayətçilərdən biri deyir.

Şirkət tərəfindən Badamdar qəsəbəsində 2 bloklu 12 mərtəbəli 1 bina, “Xətai” metrostansiyasının yaxınlığında 8 bloklu 12 mərtəbəli 1 bina, Lökbatan qəsəbəsində isə 9 mərtəbəli 5 bina tikilib. Badamdar qəsəbəsindəki binada mənzilin 1 kvadratmetri 695 manata, Lökbatan qəsəbəsində 700 manata, Xətaidə 764 manata satılıb.

M.Qəhrəmanlı aldadılmış neftçilərə məhkəməyə müraciət etməyi məsləhət görür:

“Biz onlara bildiririk ki, məhkəməyə müraciət edəcəkləri halda hüquqlarını müdafiəedə bilərik. Onlar artıq ödədikləri pulu geri qaytara bilərlər”.

Azərbaycanda tikinti şirkətlərinin kvadratın artıq hesablanması və evin alışı zamanı əlavə pul ödəməsi ilə bağlı mətbuatda tez-tez məlumatlar verilir. Evin real sahəsi Dövlət Reyestr Xidmətinin, müqavilədəki sahəsi isə tikinti şirkətinin təyin etdiyi ölçülərlə göstərilir.

“Əgər müqavilə bağlanılıb, sonradan evin sahəsinin fərqli olduğu üzə çıxırsa, alıcı məhkəməyə müraciət edə bilər. MTK-nın bu əməli “Mənzil Məcəlləsi” və Mülkü Məcəllənin tələblərinə ziddir. Təsəvvür edin ki, təxmini hesablamalara görə, bir neftçi 15-20 min manat artıq pul ödəyib. Hesablama apararkən milyonlarla manatdan söhbət gedir. Neftçi işlədiyi şirkətin tikdiyi binada divarın pulunu da ödəməlidir?”-M.Qəhrəmanlı şirkət rəhbərliyindən soruşur.

Meydan TV “Neftçi” MTK ilə əlaqə saxlayıb. Şirkətin icraçı direktoru Azər Səfərli bu haqda danışmaq istəmədiyini bildirib və sualları cavabsız buraxıb.

Ramil Osmanlı

“Əmlak Ekspert Mərkəzi”-nin direktoru Ramil Osmanlı”Sputnik”ə açıqlamasında bildirib ki, məzillərin sahəsinin içəridən deyil, çöldən hesablanması istehlakçı hüquqlarının kobud şəkildə pozulmasıdır: “Çünki “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunvericiliyin tələblərinə və şəhərsalma və tikinti məcəlləsinin tələblərinə ziddir. Bununla bağlı xeyli sayda məhkəmə presedenti mövcuddur. İstehlakçı sonradan çıxarış alarkən, müqavilədə göstərilən ölçülərlə çıxarışda göstərilən ölçülərin kifayət qədər fərqli olduğunu görür və bunun nəticəsində də məhkəməyə müraciət edir”.

Ana səhifəXəbərlər”Ev alan neftçilər aldadılıb”