Etiraz edən köçkünlərdən üçü həbs olunub

Onların barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib

Source:


Onların barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib

Dekabrın 22-də Biləsuvarda işıq probleminə etiraz edən Cəbrayıl rayonundan olan məcburi köçkünlər Gülağa Əliməmmədov, Cəlal Quliyev və İlkin İskəndərov barəsində 3 aylıq həbs qət-imkan tədbiri seçilib.

Azadlıq Radiosunun məlumatına görə, onlar CM-nin 186.2.2 (özgə əmlakı məhv etmə, partlatma, yandırma və ya digər ümumi təhlükəli üsulla), 233 (ictimai qaydanı pozma) və 315.2 (hakimiyyət nümayəndəsinə həyat və sağlamlıq üçün təhlükəli zor tətbiq etmə) ittiham edilirlər.

9 polisin yaralandığı bildirilir

Dekabrın 22-də saat 18 radələrində etiraz aksiyası keçirən məcburi köçkünlər elektrik enerjisinin verilməməsindən narazılıq ediblər. Əraziyə polis qüvvələri cəlb olunub. Vətəndaşlarla polis arasında qarşıdurma baş verib.

Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilir ki, aksiya zamanı 9 polis əməkdaşı müxtəlif bədən xəsarətləri ilə yaralanıb, 1 xidməti avtomobilin şüşələri sındırılıb.

Amma sakinlər Azadlıq Radiosuna deyiblər ki, hadisə zamanı cəmi 1 polis xəsarət alıb. Belə ki, atılan daş parçası İmişlidən gətirilmiş polis nəfərlərindən 25 yaşlı Elvin Əsədlinin dəbilqəsinə dəyib. Dəbilqənin qırılmış şüşəsinin onun gözünə xəsarət yetirdiyi deyilir. Polis nəfərinin gecə ikən Bakıya aparıldığı, xəstəxanaya yerləşdirildiyi bildirilir. Məcburi köçkünlər mülki şəxslərdən də xəsarət alanların olduğunu deyiblər.



“Qaz olsaydı, vəziyyət belə olmazdı”

Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayevə Meydan TV-yə narazılıqların olduğunu təsdiqləyib və bunun işıq-qaz problemindən qaynaqlandığını deyib:

“11 qəsəbənin sakinləri yalnız işıqdan istifadə edirlər, yəni evlərini, yeməklərini, hamamlarını işıq hesabına qızdırırlar və bu da istər-istəməz işıq xətlərində problem yaradır. İllərdir vəziyyət bu cürdür və işıq fasilələrlə veriləndə evində körpəsi, qocası olan narazılığını bildirir. Əgər qaz olsaydı, vəziyyət belə olmazdı. Nəzərə alın ki, bu qış əvvəlkilərdən çox soyuqdur”.



Günah əhalidədir

Cəbrayıl rayonundan deputat seçilən Astan Şahgəldiyev isə Azadlıq Radiosuna açıqlamasında deyib ki, etiraz edənlər içkili vəziyyətdə olublar:

“Problem həll olunub. Bir qrup nəşəli, içkili, hakimiyyətdən narazı adam baş qaldırıb. Mən gəldim yerində araşdırdım məsələni. “Azərişıq”-ın müavinləri, Cəbrayılın icra başçısı da burda idi. Danışıb konsensusa gəldik.

Məcburi köçkünlərə güzəştlər olacaq. Borc silinəcək. Təzə məsələlər qaldırmışıq. Camaatın kerosinlə təmin edilməsini istədik. Bu, evlərın qızdırılmasından ötrü lazımdır. Bu qış çox sərt qışdır. Əhaliyə kömək etmək lazımdır.

Burda əhalinin də günahı var. Ayda adambaşına limit qoyulub. Bunlar da limiti keçirlər. Limiti də keçəndə aydındır ki, dövlətin pulu ödənməlidir. Burda hakimiyyətin günahı yoxdur. Günah əhalidədir”.

Ana səhifəXəbərlərEtiraz edən köçkünlərdən üçü həbs olunub