Oqtay Əsədov məcburi köçkünlərdən üzr istəyən Etibar Hüseynovla kəskin görüşündən danışdı.
Aprelin 4-də Milli Məclisdə deputat Etibar Hüseynov məcburi köçkünlərdən üzr istəyib. Deputatın açıqlamasından əvvəl spiker Oqtay Əsədov bildirib ki, bu məsələni şişirtməyə ehtiyac yoxdur.
“Dünən bizim Etibar Hüseynovla kəskin görüşümüz olub. Etibar Hüseynov öz qabiliyyəti çatacaq qədər ölkə əhalisindən üzr istəyib”.
Etibar Hüseynov isə bildirib ki, çıxışı eyni ünvandan yayılsa da, müxtəlif başlıqlar qoyaraq yayılır:
“İnsanları qıcıqlandıran, onların ləyaqətini alçaldan fikirlər yayılır. Guya mən deyirəm ki, qaçqınlar kimdir ki, mən onlardan üzr istəyim, gedin Suriyada döyüşün və sair. Artıq bu faktları toplayıram və yaxın vaxtlarda onlar ifşa olunacaq. Mənim heç kimi təhqir etmək fikrim olmayıb. Gərək daha ehtiyatlı danışaydım, elə deməyəydim. Əgər bir kəsin qüruruna toxunan fikir işlətmişəmsə, həmin insanlardan üzr istəyirəm. Bu andan etibarən istintaq başa çatmamış mediaya heç bir açıqlama verməyəcəyəm”.
E.Hüseynovun martın 29-da ANS-də çıxışı zamanı qarabağlılar haqqında təhqiramiz fikirləri narazılıqla qarşılanmışdı.