Əsrin müqaviləsi: geriyə, gələcəyə doğru

Hökumət sazişin imzalanmasının iyirmi illiyini vətəndaş cəmiyyətinə qarşı görünməmiş repressiyalar, fəalların həbsləri və QHT-lərin bağlanması ilə qeyd edib, ölkə siyasi məhbusların sayına görə Avropada ilk yerlərdən birini tutub

Source:


Hökumət sazişin imzalanmasının iyirmi illiyini vətəndaş cəmiyyətinə qarşı görünməmiş repressiyalar, fəalların həbsləri və QHT-lərin bağlanması ilə qeyd edib, ölkə siyasi məhbusların sayına görə Avropada ilk yerlərdən birini tutub

İyirmi il əvvəl, 20 sentyabr 1994-cü il tarixində Bakıda “Gülüstan” sarayında Azərbaycan hökuməti və xarici şirktlər konsorsiumu arasında neft sazişi imzalanıb. Saziş təmtəraqlı “Əsrin müqaviləsi” adını alıb.

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” və “Günəşli” neft yataqlarının birgə işlənməsi haqqında irimiqyaslı beynəlxalq layihə dünyanın 8 ölkəsini təmsil edən, neft hasilatında ixtisaslaşan 12 böyük neft şirkəti arasında imzalanıb.

Sazişin əhatə etdiyi Azəri-Çıraq-Günəşli (AÇG) yatağında neft həcmi, müqavilənin adına iqtisadi əsas vermək üçün o qədər də böyük deyil, maksimum 730 mln. ton. Müqavilə Azərbayana beynəlxalq neft bazarında qısa müddət üçün cəmi 1% qazandırdı ki, o da tədricən azalır.

Əvvəlcə müqavilənin imzalanmasına ingilis-amerikan konqlomeratı olan BP-nin şəxsində layihə operatorlarının geosiyasi maraqları və təbii ki, Qarabağ müharibəsi şəraitində və SSRİ-nin dağılmasına baxmayaraq, Rusiya təsiri və təzyiqi altında yaşayan Azərbaycanın maraqları təkan verirdi.

Yüksək vəzifəli şəxslərin şampan müşaiyəti ilə imzalarını atdıqları “Gülüstan” sarayı sovet illərində tikilib və 1813-cü ilin oktyabrında Qarabağ xanlığında Gülüstan adlı yerdə Rusiya və İran arasındakı on illik müharibədən sonra Azərbaycan və Gürcüstanın Rusiya imperiyasına birləşməsini təmsil edirdi. İndi isə, bu hadisədən 181 il sonra sovet imperiyasının siyasi bürosunun keçmiş üzvü Heydər Əliyev “Gülüstan” sarayında resurslar və kommunikasiyalar üzərində nəzarəti Qərb neft şirkətləri koalisiyasının və hökumətlərinin nəzarəti altına verən müqaviləyə imza atdı.

ABŞ və müttəfiqlərinin regionun sərvətlərinə və resurslarına çıxışda açar rolu oynamalı olan Xəzər hövzəsinə və Azərbaycana olan marağı hələ SSRİ dövründə yaranmışdı. İlkin danışıqlar (1990-1991) Bakıda Azərbaycanın o vaxtki Qorbaçevyönlü rəhbəri Ayaz Mütəllibovla başlayır, daha sonra saziş üzərində konkret iş üzrə fəal faza Xalq Cəbhəsi dövrünə (1992-1993) təsadüf edir və nəhayət, danışıqların yekun mərhələsi prezident Heydər Əliyevin payına düşür, o, öz sələflərinin səhvlərindən dərs çıxararaq, Rusiya və ABŞ arasında təhlükəli geosiyasi qarşıdurma şəraitində müqavilənin imzalanmasına müvəffəq olub.

Əslində müqavilə ölkə üzərində Amerikanın təhlükəsizlik çətirini açmağa və gənc müstəqil dövlətin dinc şəkildə qurulması üçün şərait yaratmağa imkan verdi. Müqavilə Əliyevin sözdə deyil, əməldə daha dəqiq Qərbyönümlüyünü əks etdirdi və o, Cənubi Qafqazda və Xəzər hövzəsində ABŞ-ın maraqlarının irəli çəkilməsi üçün bir növ hüquqi zəmanətə çevrildi. Bakı və Vaşinqton arasında münasibətlərin belə statusu sayəsində hərbi Qarabağ münaqişəsi dondurulmuş mərhələyə keçir, 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında hərbi-siyasi Rusiyayönümlü müxalifət məğlubiyyətə uğrayır. Rusiya-İran arasındakı Gülüstan müqaviləsinin ləğvini arzulayan İranın Azərbaycana qarşı iddiaları kəskin şəkildə məhdudlaşır.

Müqavilənin Azərbaycanın inkişafına təsirini iki onilliyə bölmək olar. 1994-2004-cü illəri əhatə edən birinci dövr – bu dövrü neft hasilatına hazırlıq mərhələsi adlandırmaq olar, – investisiya axını, siyasi və sosial-iqtisadi sabitlik gətirdi, qeyri-hökumət təşkilatları, müstəqil KİV yarandı, siyasi plüralizm formalaşdı, amma təbii ki, problemlərsiz deyil. 2004-2014-cü illəri əhatə edən resursların fəal şəkildə işləndiyi ikinci dövrü tənəzzül dövrü adlandırmaq olar. Əhalinin rifahı yaxşılaşsa da, dünya siyasi azadlıqların məhdudlaşdırılmasının, müstəqil KİV və QHT-lərin məhvinin, bütün sahələrdə dövlət inhisarının və korrupsiyanın artmasının şahidi oldu.

2004-cü ilin sentyabr ayında Turan agentliyi ““Əsrin müqaviləsi” ümidlərin və xülyaların 10 illliyi” adlı analitik məqaləsində müqavilənin gələcək illərə mənfi təsiri ilə bağlı narahatçılığını ifadə etmişdi. Məqalədə deyilirdi: “Əsrin müqaviləsi hazırda daha mühüm inkişaf mərhələsinə qədəm qoyur: tezliklə o, real iqtisadi amilə və stimula çevriləcək. “Əsrin müqaviləsi”nin strateji əhəmiyyətinin ən ciddi sınaq mərhələsi başlayır: ya neft bütün cəmiyyətin iqtisadi çiçəklənməsinə təkan olacaq, ya da çirkli siyasi oyunların və ayrı-ayrı şəxslərin fantastik şəkildə varlanmasının “mənbəyi”. Ölkənin neft tarixinin, bəlkə də, ən dramatik dövrü başlayır. 10 il ərzində insanları israrla inandırırdılar ki, neft axınının başlaması ilə bütün mühüm problemlərin həlli təmin ediləcək. Amma korrupsiyanın miqyası və durğunluq ciddi narahatlıqlar doğurur. Ola bilər ki, gələn neft dollarları əsasən cəmiyyətin çiçəklənməsinə deyil, yeni yerli oliqarxiyanın və qərb şirkətlərinin varlanmasına getsin. Və məhz bu baş verərsə, “Əsrin müqaviləsi”nin bütün müsbət tərəflərinin hədəfləri fərqli olacaq və insanların nikbin ümidləri dağılmağa başlayacaq. Hələlik cəmiyyət ölkənin sürətlə “küveytləşməsinə” həvəslidir, amma bir çox ölkələrin (Nigeriya, İraq, Əlcəzair və s.) acınacaqlı təcrübəsi cəmiyyətin çiçəklənməsinə zəmanət vermir: ölkənin bu resursunun korrupsiyaya uğramış yerli oliqarxların və qərb şirkətlərinin mənfəətpərəst maraqlarından ibarət “qara dəlikdə” yox olması ehtimalı kifayət qədər yüksəkdir. Odur ki, imzalanmasından 10 il sonra “Əsrin müqaviləsi” Azərbaycanı ən ciddi sınaq yoluna çıxarır. Və hələ kimin – cəmiyyətin, yoxsa korrupsiyaya uğramış elitanın qalib çıxacağı məlum deyil”.

Hökumət sazişin imzalanmasının iyirmi illiyini vətəndaş cəmiyyətinə qarşı görünməmiş repressiyalar, fəalların həbsləri və QHT-lərin bağlanması ilə qeyd edib, ölkə siyasi məhbusların sayına görə Avropada ilk yerlərdən birini tutub və bu gün hakimiyyət cəmiyyət və beynəlxalq birlik qarşısındakı öhdəliklərinə açıq-aşkar məhəl qoymur. Bunu “Əsrin müqaviləsi”nin 2014-2024-cü illəri əhatə edən və neft hasilatının iki dəfə azalmasını nəzərdə tutan üçüncü mərhələsinin müqəddiməsi hesab etmək olarmı? Bu, hazırki rejimin daxili siyasi sabitliyinə və geosiyasi əhəmiyyətinə təsir etməyə bilməz. Hələlik prezident İlham Əliyevin administrasiyası əlevrişsiz proqnozlar və trendlər şəraitində cəmiyyət üzərində güc nəzarətini artırmaq yolu ilə sabitliyini qoruyub saxlamağa çalışır. Amma bu tədbir qarşıda duran on ildə əsas qayə ola bilməz və cəmiyyətin və “Əsrin müqaviləsi”ni imzalayan yüksək vəzifəli şəxslərin getdikcə daha çox ehtiyacı olacağı sosial-iqtisadi və ictimai-siyasi inkişafı əvəz edə bilməz. Azərbaycanın getdikcə çevrildiyi qeyri-neft ölkəsində yalnız demokratiya və vətəndaş azadlıqlarının yüksək səviyyəsi irəliləyişi və inkişafı təmin edə bilər. İnkişaf etmiş (siyasi cəhətdən azad) və inkişaf etməkdə olan (siyasi cəhətdən qeyri-azad) ölkələrin inkişaf səviyyəsinin müqayisəli təhlili buna dəlalət edir. Azərbaycanın bu ölkələr qrupundan hansında, məsələn, Norveçin, yoxsa Nigeriyanın yanında olacağını təkcə hökumət deyil, həm də cəmiyyət müəyyən edəcək. Və heç kim “mənə dəxli yoxdur” deyərək, qərarların qəbulundan boyun qaçıra bilməz.

Ana səhifəXəbərlərƏsrin müqaviləsi: geriyə, gələcəyə doğru