Qəsdən adam öldürmə maddəsilə cinayət işi başlanıb
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edən əsgər Nurbala Bağırov güllələnərək həyatını itirib. Əsgərin odlu silahdan açılan atəş nəticəsində ölməsi barədə Şəmkir Hərbi Prokurorluğuna məlumat daxil olub.
Hərbi Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
“Şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib, təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib”, – Hərbi Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Şəmkir Hərbi Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları hadisə yerinə və meyitə baxış keçiriblər:
“Onlar iş üçün əhəmiyyət kəsb edən predmetləri maddi sübut kimi götürüb və digər hərəkətlər icra ediblər. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq, bütün tədbirlərin görülməsi, o cümlədən hər bir əmələ və fakta hüquqi qiymət verilməsi təmin olunacaq”.