Əsgər anası: Bizim övladlarımız fəxri ad alsınlar, amma aldıqları şəhid adı olmasın

“Qarabağ alınsa, bilərəm ki, oğlumun ruhu şaddır”.

Source: Specify Source


“Qarabağ alınsa, bilərəm ki, oğlumun ruhu şaddır”

Füzulinin Bala Bəhmənli kənd sakini 39 yaşlı Nizaməddin İsmayılov sentyabrın 27-də axşam saatlarında Füzuli uğrunda gedən döyüşlərdə həlak olub.

Nizaməddin İsmayılov baş gizir olub və 23 ilə yaxın müddətdə hərbidə qulluq edib.

Anası Nabat İsmayılova deyir ki, həmin 23 ilin 4 ilə yaxınını İraqda xidmət edib, sülhməramlı olub. Bir il öncə təqaüdə çıxmalı imiş, amma bunu istəməyib və xidmətini daha 2 il müddətinə artırıb:

“Elə bil əsgər kimi gəlmişdi dünyaya, elə əsgər kimi də getdi. Təqaüdə çıxmaq istəmədi. İraqdan qayıdandan sonra Şükürbəylidə xidmət etməyə başladı. Dünən yanına qrad düşüb. Onu ayağından və kürəyindən yaralayıb. Elə orada da həyatını itirib. Tək olmayıb, 3 əsgəri ilə birgəymiş. İkisinin həyatını xilas edə bilib, özü və yanındakı əsgərlərdən biri isə şəhid olub. Gah da deyirlər, “hamısı ölüb”. Biz də dəqiq bilmirik”.

image_from_ios (1).jpg
Nizaməddin İsmayılov

Nabat İsmayılova deyir ki, oğlunun ən böyük arzusu Qarabağa Azərbaycan bayrağını sancmaq olub. O ümid edir ki, müharibə qələbə ilə nəticələnəcək və oğlunun arzusu həyata keçəcək:

“İnanıram ki, onun ruhu bunu duyacaq. Yoxsa, mənə də dözmək çətin olar. Qarabağ alınsa, bilərəm ki, oğlumun ruhu şaddır”.

Nizaməddin İsmayılov 10 il əvvəl ailə həyatı qurub. 2 övladı var. Böyüyü 9 yaşındadır:

“Məni, balalarını, xanımını gözüyaşlı qoyub getdi. Nə deyim, o yolu seçmişdi, vətən yolunda da şəhid oldu. Elə bil gözləyirdi də. Getmədən öncə qardaşı arvadına vəsiyyət edib, indi böyütdüyümüz şəkli verib ona. Deyib, “ölsəm başdaşıma bunu qoyun”. 6 medalı var idi. Daha birini də almaq istəyirdi. İndiki medal da oldu 7-ci, planı doldurdu. Elə həmin medal da sonu oldu”.

Nabat İsmayılovanın bir arzusu var. O, Qarabağın tam azad olmasını istəyir:

“Torpaqlarımız geri alınsın, balalarımız düşmən əlinə düşməsin, analar qutu görməsin. Bizim övladlarımız fəxri ad alsınlar, amma aldıqları şəhid adı olmasın”.

Ana səhifəBölgəƏsgər anası: Bizim övladlarımız fəxri ad alsınlar, amma aldıqları şəhid adı olmasın