“Əsəbləşib avtomobilə hücum etdim”

YPX avtomobilini çəkiclə qırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başladı

Source:
Şahin Bəylərov
Şahin Bəylərov


YPX avtomobilini çəkiclə qırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başladı

Yanvarın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində Yol Patrul Xidməti (YPX) avtomobilini çəkiclə əzən Şahin Bəylərovun məhkəməsi başlayıb.

Meydan TV-nin məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlanması elan edilib. Dövlət ittihamçısı ittiham aktını elan edib. Daha sonra Ş. Bəylərov ifadə verib. O, YPX avtomobilini polis əməkdaşları tərəfindən təhqir olunduğu üçün əzdiyini qeyd edib: “Avtomobil idarə edəndə çox vaxt məni saxlayırdılar. Bezmişdim. Bir dəfə də piyada keçidi ilə hərəkət edəndə mənə dedilər: “Rədd ol, yoldan”. Buna görə əsəbləşib avtomobilə hücum etdim”.

Daha sonra şahid Aqil Səfərov ifadə verib. O deyib ki, Nizami rayon Polis İdarəsində sahə inspektoru vəzifəsində çalışır. Bildirib ki, Ş. Bəylərov YPX avtomobilini çəkiclə əzdiyi üçün bölməyə gətirilib. Şahidin sözlərinə görə, tutulan şəxs bölməyə gətirildikdən sonra sol cibindən salafana bükülü şəkildə narkotik vasitə aşkarlanıb:

“Şahin Bəylərov narkotiki hardan alması barədə məlumat vermədi. Ancaq könüllü şəkildə bunu bizə təqdim etdi”.

Təqsirləndirilən Ş. Bəylərov şahidin ifadəsi ilə razılaşmayıb və bunun yalan olduğunu deyib. O, narkotik vasitə istifadə etmədiyini bildirib.

Nərimanov Rayon Polis İdarəsinin əməliyyat müvəkilli Seyidağa Abbasov deyib ki, 2016-cı ilin fevralın 17-də Ş. Bəylərov bölməyə gətirilərkən hal şahidlərinin iştirakı ilə üzərinə baxış keçirilib və narkotik maddə tapılıb.

Proses yanvarın 16-da davam etdiriləcək.

Ötən il, fevralın 18-də Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, əvvəllər məhkum edilmiş Ş.Bəylərov Bakıda xidmət aparan “BMW” markalı “99-YP-423” dövlət qeydiyyat nişanlı YPX avtomobilinin alın şüşəsini, yan güzgülərini, mayak sistemini, yük və dam hissəsini, ön və arxa faralarını çəkiclə sındırıb.

Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan şəxsin sərxoş halda olmasının müəyyənləşdiyi, ondan 302,477 qram heroin götürüldüyü bildirilib. O, Cinayət Məcəlləsinin 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur. Lakin təqsirləndirilən şəxs ittihamı qəbul etmir.

Ana səhifəXəbərlər“Əsəbləşib avtomobilə hücum etdim”