Əsassız tariflər və gedişlər

Qiymətlərin artırılması üçün əsas yoxdur

Source:
Qiymət artımı, arxiv foto
Qiymət artımı, arxiv foto


Qiymətlərin artırılması üçün əsas yoxdur

Azərbaycan hökuməti qədim ənənəyə sadiq qalaraq, heç bir ictimai müzakirə və əsaslandırma olmadan, noyabrın 28-də qaz və elektrik enerjisi tariflərini artırıb, bu addımı kommunal xidmətlərin “şaxələndirilmiş ödəniş sisteminin” tətbiq edilməsi ilə izah edib.

Belə ki, əhali qrupundan olan istehlakçılar üçün illik 1500 kubmetr istehlak həcmini keçən təbii qazın 1 kubmetri üçün tarif 0,1 manatdan 0,2 manata, yəni 1000 kubmetr üçün 200 manata qədər artırılacaq.

Elektrik enerjisi ilə bağlı mənzərə də eynidir, aylıq 250 kilovat/saat istehlak həcmini aşdıqda sonrakı hər kilovat üçün tarif avtomatik olaraq 0,07 manatdan 0,11 manata qədər artırılır.

Baxmayaraq ki, Tarif Şurası tariflərin artırılmasının əhalinin yalnız cüzi, amma ödəniş qabiliyyətli hissəsinə təsir edəcəyini iddia edir. Məsələn, SOCAR dövlət neft şirkətinin məlumatına görə, “əhali” kateqoriyasından olan abunəçilərin 62%-i ildə 1500 kubmetrdən az qazdan istifadə edir. “Azərişıq” enerjipaylayıcı şirkətin məlumatına görə isə, “əhalİ” kateqoriyasından olan abunəçilərin 72%-i ayda 250 kilovatt/saat həcmindən az elektrik enerjisindən istifadə edir.

Amma statistika göstəriciləri fərqlidir. Azəristiliktəchizat ASC-nin etirafına görə Bakıda 2000 bina mərkəzləşmiş isitmə təmin edilib. Orta hesabla bir binada 50 ailə yaşadığını nəzərə alsaq, belə çıxır ki, 100 min ailə və ya 400 min nəfər (orta statistik ailə 4 nəfərdən ibarətdir) mərkəzləşmiş isitmədən istifadə edir. Sumqayıtda binaların 1-2%-i mərkəzləşmiş isitmə ilə təchiz olunub. Gəncədə və digər şəhərlərdə də eyni vəziyyətdir. Beləliklə, ölkə əhalisinin cəmi 5%-i mərkəzləşmiş isitmədən istifadə edir. Bu, o deməkdir ki, təxminən 9 mln. əhali isinmək üçü qazdan, elektrik enerjisindən və qismən odundan istifadə edir. Belə bir sual yaranır: 70 və ya daha çox kv. m. sahəsi olan evi soyuq 5 ayda (noyabr-mart) 1500 kubmetr qaz və ya 1250 kVt elektrik enerjisi ilə necə isitmək olar? Bu məlumatlar göstərir ki, əhalinin əksər hissəsi “şaxələndirilmiş yanaşmanı” öz üzərində hiss edəcək və ya “dövlət maraqları” naminə – məsuliyyətsiz hökumətin dövlət büdcəsində yaratdığı boşluqları doldurmaq üçün istidən imtina etmək məcburiyyətində qalacaq.

Qiymətlərin artırılması üçün əsas yoxdur

Tariflərin artırılması üçün əsas yoxdur, belə ki, Azərbaycan ucuz enerji resurslarının istehsalçısıdır. Yataqdan istehlakçıya qaz çatdırılması 10 dollara başa gəlir və müvafiq olaraq elektrik enerjisi istehsalının maya dəyərində onun xüsusi çəkisi cüzidir. Avropada və Azərbaycanda elektrik enerjisi və qaz qiymətlərinin müqayisəli təhlili aşağıdakı mənzərəni göstərir:

Avropada elektrik enerjisinin qiyməti iki dəfə çoxdur, amma maya dəyəri 25 dəfə çoxdur. Məsələn, Yunanıstan kimi orta Avropa ölkəsində orta aylıq əmək haqqı 1800 dollar, Azərbaycanda isə 250 dollardır. Hansı müqayisədən və hansı əsaslardan söhbət gedə bilər? Yalnız bir nəticə çıxır – istehlakçıları talan etməklə dövlət büdcəsini doldurmaq.

Zəncirvari reaksiya

Əhali kateqoriyası üçün qaz tarifinin iki dəfə – 1000 kubmetr üçün 200 manata qədər və elektrik enerjisi tarifinin 58% – bir kVt üçün 0,11 manata qədər artırılması avtomatik olaraq mal və xidmət istehsalı, onların satışı qiymətlərinin artırılmasına gətirib çıxaracaq. Əhalinin istehlak zənbilini enerji daşıyıcıları, nəqliyyat istiqamətinə dəyişdirməsi istehlak mallarından və xidmətlərdən daha az istifadə olunmasına gətirib çıxaracaq. Alıcılıq qabiliyyətinin azalması mal və xidmət istehsalının azalmasına səbəb olacaq. Bütün bunlar vergi yığılmasının və büdcəyə daxilolmaların azalmasına və manatın ucuzlaşmasına gətirib çıxaracaq. Belə olan halda hökumət yenidən sözügedən zəncir üzrə qiymətlərin qaldırılmasına əl atacaq və beləcə ən zəif halqa qırılana qədər davam edəcək.

Qiymət artımının səbəbi islahatların ləngiməsindədir

Azərbaycanda böhran iki ildir özünü açıq-aşkar göstərir və hökumət kiçik və orta biznesin inkişafını önə çıxarmaqla, qeyri-neft iqtisadiyyatı qurmağa başlamaq üçün heç bir islahat həyata keçirməyib. Təcrübədə tamamilə əksi oldu. Manatın devalvasiyası və alıcılıq qabiliyyətinin azalması bir çox biznes qurumlarının – bankların, istehsalat, inşaat şirkətlərinin, mağazaların, xidmət təşkilatlarının və s. bağlanmasına gətirib çıxardı və bu proses davam edir. Məntiq ilə xüsusi kiçik və orta sahibkarlığın – kənd təsərrüfatı, sənaye və ən əsası xidmətlər sahəsində yüz minlərlə mal və xidmət istehsalçılarının inkişafı böhrandan çıxışı təmin edə bilərdi. Son illər inkişaf etmiş ölkələrdə ÜDM-in payına 70%, Azərbaycanda isə 5% düşür.

Hakimiyyətin bu davranışının səbəblərini başa düşmək üçün nəzərə almaq lazımdır ki, Azərbaycanda kiçik və orta biznesin müstəqilliyi 90-cı illərin ortalarından metodik və ardıcıl olaraq məhv edilirdi. 20-ci əsrin əvvəllərində cəmiyyətin hərəkətverici qüvvəsi proletariat idisə, 21-ci əsr ərəfəsində bu qüvvə kiçik və orta biznes – azad istehlakçılar birliyi idi. Maliyyə azadlığı və siyasi azadlığı olan belə sinif öz konstruksiyasını oliqarx idarəetmə üzərində qurmuş hakim elita üçün təhlükəli idi və təhlükəli olaraq qalır. Bu halda biznesə azadlıq verilməsi cəmiyyət üzərində nəzarətin itirilməsi deməkdir. Cəmiyyətin susdurulması alətləri maliyyə vasitələrinin inhisarı, hakimiyyətin bütün qolları üzərində icra sisteminin inhisarı, qorxu və depressiya yaratmaqla cəmiyyətə qarşı repressiv əməllərdir.

Göründüyü kimi, vəziyyət həqiqətən pisdir və proseslər dalan istiqamətində inkişaf etməkdə davam edək, ictimai gərginlik yayını sıxır. Bir müddət əvvəl qeyd edildiyi kimi, prezident Əliyev islahatları yaza qədər uzadır. Belə baxanda, cəmi 3-4 aydır, amma Azərbaycanla bağlı bu, çox əsassız uzun zaman kəsiyidir. Vəziyyət sürətlə dəyişir və qəribədir ki, dəyişikliyi hakimiyyət özü sürətləndirir.

Ana səhifəAnalitikaƏsassız tariflər və gedişlər