Əsabəli Mustafayevin ölkədən çıxışına növbəti dəfə qadağa qoyulub

”Qadağa Vergilər Nazirliyi tərəfindən qoyulub”

Source:
Əsabəli Mustafayev
Əsabəli Mustafayev
Əsabəli Mustafayev
Əsabəli Mustafayev


”Qadağa Vergilər Nazirliyi tərəfindən qoyulub”

Vəkillər Kollegiyasının aprelin 23-də olan qərarı ilə vəkillik fəaliyyəti 1 illik müddətinə dayandırılan Əsabəli Mustafayevin ölkədən çıxışına üçüncü dəfə qadağa qoyulub.

Bu barədə Əsabəli Mustafayev “Facebook” səhifəsində yazıb.

O, bildirib ki, elektron poçtuna məktub gəlib:

“Vergilər Nazirliyindən elektron poçtuma məktub gəlib. Muştuluq verirlər ki, ölkədən çıxışıma 3-cü dəfə qadağa qoyulub. Bu dəfə qərarı Xətai Rayon Məhkəməsi, özü də düz 2 il əvvəl qoyub. Məhkəmə sağ olsun, nə iclas, nə də qərar barədə məlumat verməklə məni narahat etməyib. Bir ay əvvəl Vergilər Nazirliyi məlumat verdi ki, maliyyə sanksiyasını ödəməsən ölkədən çıxışına qadağa qoymaq üçün məhkəməyə müraciət edəcək. Bəlkə də artıq müraciət edib və bəlkə də 4-cü qadağa barədə artıq qərar var. Deyəsən ölkədə məhkəmə qalmayacaq ki, mənimlə bağlı belə qadağa qoymasın”.

Meydan TV-yə bu barədə danışan Ə.Mustafayev deyib ki, onun ölkədən çıxışına qadağanı ilk dəfə 2014-cü ildə Baş Prokurorluq qoyub:

“Sonra Vergilər Nazirliyinin təqdimatı ilə Sumqayıt Şəhər Məhkəməsi bu barədə qərar qəbul etdi, ardınca nazirliyin təqdimatı ilə Xətai Rayon Məhkəməsi eyni qərarı qəbul etdi. Bu yaxınlarda nazirlik növbəti xəbərdarlıq məktubu göndərib ki, pul ödəməsən eyni qərar təkrar qəbul olunacaq”.

Məsələni izah edən Ə.Mustafayev deyib ki, Baş Prokurorluq Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi təşkilatını yoxlayanda Vergilər Nazirliyini də cəlb etmişdi.

“Bildirdilər ki, guya ATƏT-in qrantları nazirlikdə qeydiyyatdan keçməyib. Hərçəndki saytında bu barədə məlumat yer almışdı. Amma buna görə üzərimə maliyyə sanksiyası da tətbiq olundu. Mən qərardan məhkəməyə şikayət verdim. Bundan sonra nazirlik məktub təqdim etdi ki, istintaq davam etdiyindən şikayətə baxmaq olmaz. Cavab verdim ki, qərar qüvvəyə minənə qədər pul tələb etməyin. Buna baxmayaraq mənim ölkədən çıxışıma qadağa qoyub, pul tələb edirlər. Halbuki, sanksiyanın qoyulması haqqında qərardan şikayət vermişəm və qərar qüvvəyə minmədən məndən pul tələb edə bilməzlər. Təəssüf ki, Azərbaycanda qanunlar işləmir”.

Ə.Mustafayev deyib ki, onun ölkədən çıxışı ilə bağlı Avropa Məhkəməsinə göndərdiyi şikayətin kommunikasiyası başlayıb.


Vəkillər Kollegiyası

aprelin 23-də Baş prokurorun birinci müavini Rüstəm Usubovun şikayəti Əsabəli Mustafayevin vəkillik fəaliyyətinin 1 il müddətinə dayandırmaq haqqında qərar qəbul edib.

Rüstəm Usubov onu AXCP sədrinin müavini Gözəl Bayramlının işini siyasiləşdirməkdə günahlandırıb.

Ana səhifəXəbərlərƏsabəli Mustafayevin ölkədən çıxışına növbəti dəfə qadağa qoyulub