Əsabəli Mustafayev: Hökumət kompensasiya işini siyasiləşdirdi

Çingiz Əsgərov: ”Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının icrasında hər şey qaydasındadır”

Source:
Vəkil Əsabəli Mustafayev
Vəkil Əsabəli Mustafayev


Çingiz Əsgərov: ”Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının icrasında hər şey qaydasındadır”

Azərbaycan hökuməti 2016-cı ildən başlayaraq siyasi motivli işlər üzrə kompensasiyaların ödənişini dayandırdı və bununla da kompensasiya işini siyasiləşdirdi.

Bunu Meydan TV-ə Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında daimi nümayəndəsi Çingiz Əsgərovun hökumətin bütün kompensasiyaları ödəməsi ilə bağlı dediklərinə münasibət bildirən hüquqşünas Əsabəli Mustafayev söyləyib.

Ç.Əsgərov deyib ki, Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının icrasında hər şey qaydasındadır:

Onun sözlərinə görə, bununla bağlı həm fərdi, həm də ümumi xarakterli tədbirlər həyata keçirilir.

“Azərbaycan hökuməti bütün kompensasiyaları ödəyir. Kompensasiyaların ödənilməsi üçün hər hansı müddət məhdudiyyəti yoxdur. Lakin Avropa Məhkəməsinin qərarlarında belə bir qayda var ki, əgər kompensasiya 3 ay müddətində ödənilmirsə, həmin məbləğin üzərinə cüzi miqdarda faiz gəlir. Bu da dövlətlər üzərinə həmin kompensasiyanın tez bir zamanda ödənilməsi üçün hüquqi öhdəliklər qoymur”.

Ə.Mustafayev deyib ki, Çingiz Əsgərovun söylədikləri müəyyən qədər həqiqətə uyğundur.

Onun sözlərinə görə, 2017-ci ildə əvvəlki ildə olan qərarlar üzrə qismən ödəniş oldu, təqribən 20 faizə qədəri ödənildi, sonra yenə dayandırıldı:

“Amma Avropa Şurasının müxtəlif strukturlarına çoxsaylı şikayətlərdən sonra bu ilin son 3 ayı ərzində ödənişlər başlandı, 2016 və 2017-ci ildən qalan qərarların kompensasiyası tam ödəndi. Bu il qəbul olunmuş qərarlar üzrə, məsələn, məndə NİDA-çıların işidir, qismən ödənilib. Elə ərizəçilər var ki, onlara son iki ayda ödəniş olmadı, konkret olaraq, AXCP üzvləri Təzəxan Mirələmli, İlham Hüseyn, İnqilab Kərimov. Sabiq Baş nazir Pənah Hüseynə isə qismən ödənilib”.

45526
Çingiz Əsgərov

Bununla belə Ə.Mustafayev deyir ki, hüquqşünaslara neçə ildir ödənişlər edilmir.

“Söhbət hüquqi xidmətə görə məhkəmə tərəfindən təyin olunan ödənişlərdən gedir”.

Bundan başqa Çingiz Əsgərov İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə edilən şikayətlərin sayında azalma müşahidə edildiyini də deyib.

“Avropa Məhkəməsində aparılan islahatlar da imkan yaradır ki, şikayətlərə daha tez baxılsın. Azərbaycan Avropa Məhkəməsində öz maraqlarını, mövqeyini lazımi qaydada müdafiə edir”.

Hüquqşünas Əsabəli Mustafayev isə Avropa Məhkəməsinə şikayətlərin sayının azalması barədə statistikaya inanmır:

“Mənə elə gəlir ki, şikayətlər getdikcə artır, həm siyasi, həm də mülki qaydada olan işlər. Bu, Avropa Məhkəməsi ilin sonunda statistikanı açıqlayanda daha dəqiq məlum olacaq”.

Ana səhifəXəbərlərƏsabəli Mustafayev: Hökumət kompensasiya işini siyasiləşdirdi