Ermənistanda gündəm: Ohanyanın fraksiyası parlamentə qatılmadı

Ermənistan parlamenti. Foto: Ruslan Harutyunov/shutterstock

Seyran Ohanyan: “Ermənistan və Qarabağ ciddi problemlər qarşısındadır”

Müxalifət fraksiyasının rəhbərlərindən Seyran Ohanyan parlamentdə Ermənistanın və Qarabağın ciddi problemlər qarşısında olduğunu deyib.

Bundan sonra S.Ohanyan müxalifət fraksiyalarının (“Ermənistan” və “Mənim şərəfim var” blokları) aprelin 12-də keçirilən iclasına qatılmayacaqlarını bildirib.

Seyran Ohanyan bu addımını: “Biz Qarabağ və Ermənistanın sərhədyanı rayonlarına gedəcəyik”, – deyə izah edib.

“Ermənistanın indiki hakimiyyəti bir çox daxili və xarici problemi həll etmək iqtidarında deyil. Bütün işlər Azərbaycan və Türkiyənin gündəliyi çərçivəsində aparılır. Ona görə də mövcud vəziyyətlə bağlı parlament müxalifəti bu həftə iclaslarda və səsvermədə iştirak etməyəcək”, – Seyran Ohanyan belə deyib.

Ohanyan qondarma “Dağlıq Qarabağ” bayrağını qaldırmaq istəsə də, hakim partiyanın deputatları ona imkan verməyib.

Eyni zamanda, “Mənim şərəfim var” müxalifət blokunun parlament fraksiyasının katibi Hayk Mamicanyan da iclaslarda iştirak etməyəcəklərini və Dağlıq Qarabağa getdiklərini təsdiqləyib.

Seyran Ohanyan. Foto: https://iravaban.net/

Aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla üçtərəfli görüş keçirilib.

Görüş barədə Şarl Mişelin yaydığı bəyanatda hər iki dövlətin xarici işlər nazirlərinə bütün zəruri məsələləri əhatə edən gələcək sülh müqaviləsinin hazırlanması tapşırığının verilməsi qeyd olunmuşdu.

“İkitərəfli sərhədlərin delimitasiyası və demarkasiyası vacib olacaq. Bu məqsədlə 26 noyabr 2021-ci il tarixli “Soçi bəyanatı”na uyğun olaraq, aprelin sonunadək Birgə Sərhəd Komissiyasının təşkil edilməsi də razılaşdırılıb”, – deyə bəyanatda vurğulanırdı.

Görüşdən sonra İlham Əliyev və Nikol Paşinyan Rusiya dövlət başçısı Vladimir Putinlə telefon əlaqəsi saxlayıblar. İlham Əliyev Vladimir Putinə dövlətlərarası münasibətlərin qurulması üçün beş prinsipdən ibarət təqdim etdiyi sənədin Ermənistanın qəbul etdiyini bildirib.

N.Paşinyanın isə V.Putinə Azərbaycan hərbçilərinin Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasına daxil olmasına toxunduğu qeyd edilir.

24-25 mart tarixlərində Azərbaycan ordusu Fərrux kəndi istiqamətində yüksəkliyi nəzarətə götürmüşdü.

Bundan sonra Rusiya Müdafiə Nazirliyi bəyanat yayaraq Azərbaycanın 2020-ci ilin noyabrın 9-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatı pozduğunu bildirmişdi.

Azərbaycan Müdafiə Nazirliyi isə Rusiya Müdafiə Nazirliyinin bugünkü bəyanatından təəssüflənərək xatırlatmışdı ki, müdafiə naziri Zakir Həsənovun rusiyalı həmkarı Sergey Şoyqu ilə telefon danışığında sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan əraziləri boyunca yaranmış vəziyyət müzakirə ediblər.

Xatırlatma

Ermənistanla Azərbaycan arasında sonuncu 44 günlük silahlı münaqişə 2020-ci il noyabrın 10-da qüvvəyə minmiş tam atəşkəs haqqında razılaşma ilə başa çatıb.

Dağlıq Qarabağ və ətraf bölgələrdəki münaqişənin tarixi isə 1988-ci ilə dayanır.

90-cı illərdə Azərbaycan-Ermənistan arasındakı ilk müharibə və sonrakı dövrlərdə Azərbaycan tərəf daim Ermənistanı mədəni abidələrin məhv edilməsində günahlandırıb.

2020-ci ildə baş verən ikinci müharibədən sonra isə Azərbaycan Ermənistanı şəhərləri, kəndləri, qəbristanlıqları yer üzündən silməkdə ittiham edib.

Ana səhifəDünyaErmənistanda gündəm: Ohanyanın fraksiyası parlamentə qatılmadı