Ermənistan XİN: Azərbaycanın 10 noyabr bəyannaməsinin pozulması ittihamını qəbul etmirik (Yenilənib)

Azərbaycanla Ermənistan bir-birlərini bəyannamənin şərtlərini pozmaqda ittiham edir

Source: Youtube screenshot

“Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı pozmaqda ittiham edən 11 avqust 2021-ci il tarixli bəyanatı Ermənistan Respublikasının üçtərəfli sənədin müddəalarına tam riayət etmək öhdəliklərindən boyun qaçırmağa yönəlmiş növbəti uğursuz cəhdidir”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti məlumat

yayıb.

“Ermənistan Xarici İşlər Nazirliyinin diqqətinə çatdırırıq ki, üçtərəfli bəyanatın 1-ci maddəsində “tam atəşkəsin və münaqişə zonasında bütün hərbi əməliyyatların 10 Noyabr 2020 Moskva vaxtı ilə 00:00-dan etibarən dayandırılması” elan edilir, o cümlədən Azərbaycan Respublikası ilə Ermənistan Respublikası “tutduqları mövqelərində dayanırlar” qeyd olunur. Vurğulamaq istərdik ki, “dayanmaq” sözü bu və ya digər kontekstdə “qalmaq” mənasını vermir. Bu həm müqavilənin tərtib olunduğu rus dilinə, həm də digər dillərə aiddir”, – deyə Azərbaycan XİN bəyan edib.

XİN bildirib ki, üçtərəfli bəyanatın 3-cü bəndində Rusiya sülhməramlı qüvvələrinin yerləşmə ərazisi “Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyu” olaraq müəyyən edilib: “Üçtərəfli bəyanatın 4 -cü bəndində isə xüsusilə qeyd edilir ki, “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel olaraq yerləşdirilir. Üçtərəfli bəyanatın 6-cı bəndində deyilir ki, “Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir. Beləliklə, üç tərəfin imzaladığı 10 noyabr 2020-ci il bəyanatının razılaşdırılmış ifadələri, açıq şəkildə erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını qeyd edir və heç bir şəkildə hərbi qulluqçuların yerdəyişməsi və yerləşdirilməsini nəzərdə tutmur”.

“Üçtərəfli bəyanatın əsas müddəalarını cəfəng şəkildə şərh etmək cəhdləri, erməni tərəfinin bu ölkə tərəfindən 10 noyabr 2020-ci ildə imzalanan sənədin mahiyyətini tam dərk etmədiyi, və ya əvvəldən onun tələblərinə tam riayət etmək niyyətində olmadığını göstərir. Belə bir davranış bu ölkənin destruktiv mövqeyinin növbəti bariz nümunəsidir. Beynəlxalq ictimaiyyət erməni tərəfinin beynəlxalq hüququn fundamental norma və prinsiplərinə, beynəlxalq təşkilatların qərarlarına və üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi təcrübəsinə yaxşı bələddir. Bu baxımdan Ermənistanın BMT TŞ-nin 1993-cü il tarixli dörd qətnaməsinin tələblərini yerinə yetirməkdən imtina etməsini xatırlatmaq kifayətdir. Bu destruktiv yanaşma regionda uzun müddətdir gözlənilən sülh və təhlükəsizliyin təmin edilməsi kontekstində hər hansı bir perspektivdən məhrumdur”, – deyə nazirliyin açıqlamasında qeyd olunub.

***


Azərbaycanla Ermənistan bir-birlərini bəyannamənin şərtlərini pozmaqda ittiham edir

Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycan Silahlı Qüvvələrini regional təhlükəsizliyi pozmaqda ittiham edir.

Yerevan Azərbaycanın 10 noyabrda imzalanan üçtərəfli bəyanatı pozmaqla bağlı Dağlıq Qarabağdan qoşun çıxarmamaq ittihamlarını da rədd edib.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı

bəyanatda

bildirilir.

Sənəddə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ərazisinə münasibətdə insan tələfatına səbəb olan hərəkətlərə yol verdiyi, regional təhlükəsizliyə kölgə saldığı bildirilir: “Son günlər Azərbaycanın silahlı qüvvələrinin təxribat xarakterli hərəkətləri güclənib. Ermənistan və Artsaxın [tanınmamış Dağlıq Qarabağ Respublikası] yaşayış məntəqələrinə zərbələr endirilib”, – deyə bəyanatda bildirilir.

Ermənistanın Xarici İşlər Nazirliyi iddia edir ki, 10 noyabr Bəyanatı imzalanandan bir ay sonra Azərbaycan Silahlı Qüvvələri Dağlıq Qarabağın qəsəbələrini işğal edib: “Erməni hərbçilərini öldürüb, əsir götürüb. Təmas xəttinin müxtəlif ərazilərində mövqelər tutan Azərbaycan silahlı qüvvələri pilotsuz uçuş aparatları da daxil olmaqla müxtəlif silahlardan istifadə edərək erməni mövqelərinə zərbə endirir”.

Sənəddə qeyd olunur ki, sonuncu belə hadisə çərşənbə günü Mxitaraşen və Şoş kəndləri ərazisində baş verib: “Azərbaycanın 10 noyabr bəyannaməsinin pozulması ittihamını qəbul etmirik. Bəyannamədə erməni qoşunlarının yalnız Dağlıq Qarabağın bitişik bölgələrindən çıxarılması nəzərdə tutulur. Ermənistan tərəfi bəyanatın bu məqamlarına tam əməl edib”.

Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanı üçtərəfli bəyanatın şərtlərini tam yerinə yetirməyə, atəşkəsə qeyd-şərtsiz riayət etməyə çağırıb: “Azərbaycan qoşunları Ermənistan ərazisindən çıxarılmalı, əsirlər və girov götürülmüş mülki şəxslər dərhal geri qaytarılmalıdır. Bundan sonra bölgədə sülh və təhlükəsizliyə zəmin yarana bilər”.

Azərbaycan Qarabağa görə iki ölkəyə xəbərdarlıq etdi

Avqustun 11-də Azərbaycan Müdafiə Nazirliyi Rusiyaya

xəbərdarlıq

edib.

Xəbərdalıqda bildirilir ki, 10 noyabr 2020-ci ildə Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanata uyğun olaraq, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tam şəkildə Rusiya Federasiyası sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən çıxarılması təmin olunmayıb.

Nazirlik bildirib ki, Ermənistan üçtərəfli bəyanatı pozub: “Son günlər Ermənistanın öz silahlı qüvvələrinin şəxsi heyətini Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə daşıması, Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında, eləcə də Kəlbəcər və Laçın rayonlarının inzibati hüdudlarının şərq istiqamətindəki ərazilərdə yeni erməni postlarını qoyması halları müşahidə olunur. Azərbaycan ordusu tərəfindən adekvat tədbirlər görülür və bu kimi hallara imkan verilmir. Ermənistan tərəfi məqsədyönlü şəkildə vəziyyətin gərginləşdirilməsi üçün bu kimi təxribatlara əl atır”.

Bəyanatda qeyd olunub ki, sadalananlar Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyanın Ermənistan ordusuna bütün vasitələrdən istifadə edərək güc tətbiq etmək barədə verdiyi məsuliyyətsiz və təhrikçi əmrinin fonunda baş verir: “Xatırlatmaq istərdik ki, Ermənistanın sabiq müdafiə naziri David Tonayan da “yeni müharibələr, yeni ərazilər” adlandırdığı təxribatçı hərbi doktrina ilə çıxış etmişdi. Onun rüsvayçı aqibəti hər kəsə məlumdur. Azərbaycan ordusu tərəfindən bütün adekvat tədbirlərin görülməsi təmin olunacaq”.

Müdafiə Nazirliyi bəyan edib ki, Rusiya sülhməramlı qüvvələri üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalıdır.

Qarabağ münaqişəsi ilkin mərhələdə 1988-ci ildə başlayıb. Həmin il Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR-in tərkibindən çıxdığını elan edib.

1992-1993-cü illərdə silahlı qarşıdurma zamanı Azərbaycan Dağlıq Qarabağ və ona birləşən yeddi rayon üzərində nəzarəti itirib.

1992-ci ildən üç həmsədrin – Rusiya, ABŞ və Fransanın rəhbərliyi ilə ATƏT-in Minsk qrupu çərçivəsində münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar aparılır.

Azərbaycan öz ərazi bütövlüyünün qorunub saxlanmasını israr edib, Ermənistan isə qondarma respublikanın maraqlarını dəstəkləyib.

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan qoşunları arasında növbəti hərbi əməliyyatlar başlayıb.

44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu tərəfindən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.

İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəkliyin azad olunduğu bildirilir.

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıb. Bundan başqa, bölgəyə rusiyalı sülhməramlılar yerləşdirilib.

Bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verilib.

Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə İlham Əliyevlə Nikol Paşinyan arasında görüş keçirilib.

Görüşdən sonra dövlət başçılarının imzaladığı bəyanat yayılıb.

Bildirilib ki, üç ölkənin baş nazir müavinləri tərəfindən həmsədr olduğu üçtərəfli İşçi Qrupunun yaradılacaq.

İşçi qrupu ilk iclasını 30 yanvar 2021-ci il tarixinədək keçirəcək və nəticəsinə əsasən əsas iş sahələrinin siyahısını təşkil edəcək, dəmir yolu və avtomobil kommunikasiyalarını prioritet kimi müəyyənləşdirəcək.

Ana səhifəSiyasətErmənistan XİN: Azərbaycanın 10 noyabr bəyannaməsinin pozulması ittihamını qəbul etmirik (Yenilənib)