Emin Milli: “Hər iki dövlətin istifadə edə biləcəyi unikal imkan yaranıb”
Azərbaycan-Ermənistan hökumətləri arasında dialoqla bərabər, vətəndaş cəmiyyəti, media, ekspertlər səviyyəsində təmaslar əvvəllər də olub. Ancaq 2020-ci ilin payızında başlayan 44 günlük müharibədən sonra bu səpkidə dialoq nəzərəçarpacaq dərəcədə deyil. Baxmayaraq ki, beynəlxalq təşkilatlar hər iki dövlətdə xalqların prosesə hazırlanması ilə bağlı dəfələrlə çağırışlar ediblər.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü isə mövzunu yenidən gündəmə gətirdi. Görüşdən sonra hər iki tərəfdən bir qrup Vətəndaş Cəmiyyəti təmsilçisi sülh mövzusunda Fransanın Strasburq şəhərində görüş keçirdi.
Bəs ümumilikdə bu sahədə durum necədir? Xalqların arasında yaranmış 30 illik dərin uçurumu bərpa etmək mümkündürmü?
“Restart İnitiative” Təşkilatının təmsilçisi Emin Milli ilə söhbətimizdə bu yöndə yaranan suallara aydınlıq gətirməyə çalışdıq.
– Emin bəy, təsis etdiyiniz “Restart İnitiative” Təşkilatı Gürcüstanda qeydə alınıb. Ötən bir ildə Ermənistan və Azərbaycan xalqları arasında dialoqun yaranması istiqamətində hansı təşəbbüsləriniz oldu və nəticə qaneedici sayıla bilərmi?
– 1 ildə təşkilatı qeydiyyata aldırdıq, bir sıra Ermənistan və Azərbaycan ekspertlərinin görüşlərinin təşkilinə hazırlıq gördük. “Restart İnitiative” Təşkilatının həmtəsisçisi və icraçı direktoru Janin Mitçel Yerevan və Bakıya səfərləri zamanı görüşəcəyimiz şəxsləri seçdi və onları gələcək görüşlərə dəvət etdi.
Bu layihə nə ilə fərqlənir sualına gəlincə, ermənilərlə azərbaycanlılar arasında II Qarabağ savaşından əvvəl çoxlu görüşlər olurdu. Ancaq sırf iqtisadi əməkdaşlıq haqqında danışıq olmurdu. Çünki bununla bağlı ortalıqda mövzu yox idi. İndi yeni bir vəziyyət yarandığından qərar verdik ki, xalqlar necə ticari-iqtisadi əməkdaşlıq edə bilər?! Bax, bu məsələni erməni, azərbaycanlı və beynəlxalq ekspertlər səviyyəsində müzakirə etməyi qərara aldıq. Ötən aylarda da “Daha Yaxşı” adlı “Youtube” kanalında bir sıra ekspertlərlə müsahibələrim elə bununla bağlı olub. Eyni zamanda, düşündük ki, Avropa Birliyinə, ABŞ-a, başqa beynəlxalq donorlara, Azərbaycan və Ermənistan hökumətlərinə konkret təkliflər verək. Bununla da iki ölkə ekspertləri ilə birgə nəqliyyat, su idarəetməsi və digər sahələrdə müəyyən layihələri inkişaf etdirə bilək. Hazırda bizim layihəni başqalarından fərqləndirən cəhət budur. Elə ilk dialoq da 15-18 iyunda Berlində Herti İdarəetmə Məktəbinin (Heritie School of Governance) təşəbbüsüylə baş tutdu. Mövzumuz nəqliyyatla bağlıydı.
– İndiyə qədər Ermənistanla Azərbaycan arasında iqtisadi məsələlərlə bağlı dialoq olmayıb, yalnız xalqların sülh danışıqları ətrafında olub. Bu da 44 günlük müharibədən əvvələ təsadüf edirdi. Konkret olaraq, Arzu Abdullayeva və Zərdüşt Əlizadənin təşəbbüslərini xatırlamaq yetərlidir. II Qarabağ savaşından sonra isə Fransa və Almaniya səfirlikləri iki ölkə gənclərinin arasında dialoqun yaranması üçün tədbirlər keçiriblər. Bu baxımdan müharibənin yaraları sağalmamış birbaşa iqtisadi məsələlər üzrə dialoqun aparılmasına zəmin varmı?
– Müharibə bitən kimi məndə də belə bir fikir yarandı ki, cəmiyyətləri sülhə hazırlamaq lazımdır. Çünki sonsuza qədər iki dövlət və xalq davamlı olaraq müharibə vəziyyətində yaşaya bilməz. Hamı sülh istəyirsə, bunu hazırlamaq lazımdır. Mən təşəbbüs irəli sürəndə beynəlxalq donorlarda və o cümlədən, hər iki ölkədə çoxlu skeptik səslər vardı. Uzun zaman keçdi, çünki hər iki cəmiyyətin hazır olmadığı deyilirdi. Amma mən dünən də, bu gün də elə düşünmürəm. Hesab edirəm ki, cəmiyyətlərin ekspertləri, intellektualları bu zəmini yaratmalı və dialoqa getməlidirlər. Avropa Birliyi və ABŞ, Azərbaycanla məşğul olan digər təşkilatlar da cəmiyyətlərin hazır olmadığını və çətin olacağını deyirdilər. Ancaq əks düşünənlər də vardı, ona görə onları bir araya gətirmək kifayət qədər vaxt apardı. 15-18 iyunda Berlində sırf nəqliyyat mövzusuyla bağlı ilk dialoqu təşkil etdik. Kimlərsə deyirdi ki, tədbirə Ermənistandan heç kim gəlməyəcək, bu iddialar tarixə qovuşdu. Nəinki baş tutdu, yada salım ki, 2000-ci illərin əvvəllərində Ebert Fondunun təşkilatçılığı ilə Azərbaycandan Ermənistana bir sıra vətəndaş cəmiyyətinin nümayəndələrini aparmışdım. O zaman bizim təhlükəsizliyimiz hər iki dövlət tərəfindən təmin olunmuşdu. Bu dəfə çox fərqli iştirakçılar vardı. Mövzu sırf nəqliyyat idi və Ermənistandan Gaqiq Agacanyan gəlmişdi. O, “Apaven” şirkətinin həmtəsisçisi və icraçı direktorudur. Bu, Ermənistanda ən böyük nəqliyyat daşınma şirkətidir. Artıq dialoq elə bir ölçüdə baş tutur ki, 30 il prosesdə belə yanaşma yox idi.
– Siz israrla dialoqun baş tutduğuna əminliyinizi ifadə edirsiniz. Ancaq gerçəkliyə baxaq. Hazırda Ermənistanda revanşistlər fəallaşıblar, onlar Baş nazir Paşinyanı satqın adlandırırlar. Həmçinin Qarabağ erməniləri müstəqillik ideyasından geri çəkilməyəcəklərini bildirirlər. Nəhayət, Rusiya sülhməramlıları bölgədədir, bütün bunların fonunda 3-5 nəfərin hansısa mövzuda söhbət etməsini dialoqa zəmin hesab etmək olarmı?
– Birincisi, hökumətlər arasında danışıqlar davam edir. Düzdür, danışıqlar çətin və ağırdır, amma gedirsə, bu, prosesin müsbət istiqamətdə getməsini Prezident İlham Əliyev də, Baş nazir Nikol Paşinyan da, Şarl Mişel də dəfələrlə vurğulayıb. Sözsüz ki, dediyiniz bütün problemlər var. Ermənistandan danışırıqsa, orda nə qədər revanşistlər fəallıq göstərib hakimiyyətə gəlmək istəsələr də, bu, unikal bir hadisədir ki, müharibədə məğlub olan tərəfin dövlət başçısı demokratik seçkidə yenə qalib gəldi. Deməli, müxalifət Paşinyanın siyasi kursuna qarşı sərtlik göstərsə də, erməni cəmiyyəti onun kursunu dəstəkləyir. Sadə dildə desək, bunu yeni müharibənin olmaması kimi də yozmaq olar. Heç nəyə baxmayaraq o, hələ də hakimiyyətdə qalır, öz siyasi kursunu davam etdirir. Nə qədər çətin proses olsa da, ekspertlər müsbət irəliləyişlərin olduğunu deyirlər. Əvvəllər bu da olmayıb. Çünki çox qəliz məsələlər var ki, Ermənistan dövləti üçün bunları qəbul etmək, müəyyən məsələlərdən keçmək deməkdir. Ola bilsin ki, Azərbaycan hökuməti də müəyyən güzəştlərə getməli olacaq, yəni biz hələ danışıqlar getdiyindən bunu bilmirik. Görünənlər hələ sülh sazişinin imzalanıb, yoxsa imzalanmayacağı demək deyil. Rusiyanın təsirinə gəldikdə, əlbəttə, var və bu, danılmazdır. Ümumiyyətlə, Türkiyə və Rusiyanın ümumi maraqları olmadan bu münaqişəni həll etmək mümkün olmayacaq. Ekspertlərlə söhbətlərdən belə qənaətə gəlmişəm ki, hazırda hər iki dövlətin istifadə edə biləcəyi unikal imkan yaranıb.
– Dediyiniz unikal imkanlar özünü hansı əlamətlərdə göstərir?
– Bir daha təkrar edirəm: hazırda Türkiyə və Rusiyanın regionda maraqları üst-üstə düşməsə, münaqişəni həll etmək çətin olacaq. Əlbəttə, Ermənistan və Azərbaycan bir araya gəlib problemi həll edə bilər, bu da lazımdır. Amma münaqişənin tam bitməsi üçün bu amil kifayət etmir. Ona görə ümumi rəy var ki, iki qonşu dövlətin maraqları ilə bu istiqamətdə ən azı irəliləyiş baş tutsun. Ola bilər ki, Rusiya problemin tam həllini istəmir. Ancaq bütün ekspertlər təsdiqləyir ki, nəqliyyat xətlərinin açılmasında Moskva da, digər ölkələr də maraqlıdır. Xüsusən də Ukrayna müharibəsindən sonra elə vəziyyət yaranıb ki, Rusiyadan Asiyaya çoxlu yüklər gedir. Cənubi Qafqazdakı yolların açılması çox böyük rol oynaya bilər, bu, həm də Ermənistan üçün böyük gəlirlər deməkdir. Azərbaycan üçün isə çoxlu yeni imkanlar açır. Delimitasiya və demarkasiya məsələsi isə onilliklərlə davam edə bilər.
Azərbaycan və Gürcüstan arasında sərhədlərin razılaşdırılması yönündə son qərar hələ verilməyib. Əgər yollar açılsa, iqtisadi əməkdaşlıq başlasa, sözsüz ki, siyasi əməkdaşlıq da olacaq, konflikt “ölü nöqtə”dən düzgün istiqamətə yol alacaq. Çünki açılan yollarda mallar daşınacaq və insanlar arasında kommunikasiya yaranacaq. Nəticədə iki cəmiyyət və dövlət arasında münasibətlərin əsası qoyulacaq. Bu, özü sülh yönündə çox vacib addımdır. Rusiya qoşunlarının Azərbaycanın ərazisində olması, onların oradan necə çıxması çox çətin və ağır siyasi məsələlərdir, geosiyasətlə bağlıdır. İndiki hadisələr ötən əsrin ikinci onilliyinin sonunu xatırladır. Biz tarixin bu dönəmindən də keçməliyik. Amma necə davam edəcəyini təhlil etmək çox çətindir. Hesab edirəm ki, ağır problemləri birdəfəlik həll etmək çox infantil yanaşma olar. Ona görə addım-addım müxtəlif qüvvələrin maraqlarını nəzərə alaraq birlikdə irəliyə doğru münaqişədən çıxmağa cəhd etmək lazımdır. Bu mənada yanaşmalar və vəziyyət dəyişib, yəni dinamika var.
– Siz münaqişənin “ölü nöqtə”dən tərpənməsinə toxundunuz. Bilirsiniz ki, münaqişə Ermənistanın 1987-ci ildə Azərbaycana ərazi iddialarından başlayıb, hətta bu ölkənin Konstitusiya Aktında həmin iddia yer alıb. Maraqlıdır, evinizə dəvət etdiyiniz və görüşdüyünüz erməni ekspertləri bu barədə nə düşünürlər?
– Bəli, bir çox erməni ekspertlərilə təmasda oluram, Ermənistan mediasını izləyirəm. Bilirsiniz ki, Nikol Paşinyanın parlamentdə məşhur çıxışı vardı. O, Yerevanın Dağlıq Qarabağla bağlı fərqli siyasət yürütməsinin və müəyyən güzəştlərə getməsinin vacibliyindən danışdı. Yəni Ermənistan cəmiyyətində son zamanlar Qarabağ məsələsi artıq ərazi deyil. Həm də insanların hüquqları və təhlükəsizliklərinin təqdim edilməsi ilə bağlı müzakirələr gedir. Mən onlarla görüşdə bu haqda sual vermirəm, çünki bu barədə düşünməyə, yaxud bunları qəbul etməyə vaxt lazımdır. Burada da çox böyük rol Azərbaycan dövlətindən və vətəndaş cəmiyyətindən asılıdır. Biz göstərməliyik ki, erməni xalqına nifrətimiz yoxdur, sadəcə, yaxşı qonşu münasibətləri qurmaq istəyirik. Yəni müəyyən bir sərhədlər çəkməklə, münasibətlər qurmaqla hər iki xalqın, dövlətin rifahını təmin etmək olar. Bu gedişatda da nəqliyyat, enerji, su idarəetməsi tədbirləri təşkil edəcəyik, konkret müzakirələr aparılacaq. Gərək ermənilərdə də qorxunun olduğunu anlayaq. Bu, ondan ibarətdir ki, Azərbaycanla Türkiyə gəlib Ermənistanı tam məhv edəcək. Bilmirəm, buna fokuslanmaq doğrudur, ya yox, amma bu qorxu var.
Biz bir cəmiyyət olaraq yalnız güc diliylə danışmağın düzgün olmadığını bilməliyik. Ona görə iqtisadi əməkdaşlıq çox mühümdür. Əgər alınsa, insanlarda bir-birinə etibar yaranacaq, hazırda bu, yoxdur. Onsuz da dövlətlər arasında danışıqlar gedir, Ermənistan hökuməti də bunu qəbul edib. Sadəcə, bunları erməni cəmiyyətinə izah etmək, revanşistlərin qarşısını almaq üçün vaxt lazımdır. Bütün hallarda orada da düşünən beyinlər var. Onlar da anlayır ki, bu münaqişəni bitirmək lazımdır. Çünki Ermənistan qonşuları ilə daim nifrət münasibətləri ilə qala bilməz. Bununla özlərini məhv edə bilərlər. Çox vacibdir ki, biz ekspertlər və dövlət səviyyəsində bu mövzuları müzakirəyə çıxarıb, ortalığa konkret layihələr qoyaq ki, xalqları necə yaxınlaşdıraq. Mən iddia etmirəm ki, yalnız iqtisadi maraqlarla nəsə işləyəcək, həm siyasi, həm təhlükəsizlik, həm də digər sahələrdə iş aparılmalıdır. Ancaq bu prosesi yalnız dövlətlər görə bilməz, yəni Paşinyanla Əliyev görüşüb məsələləri həll etdi, vəssalam. Belə olmur, onların da danışıqları vacibdir, dövlətlər arasında razılaşma olmalıdır ki, inam yaransın. Amma ticari-iqtisadi əlaqələr prosesə çox kömək edəcək. Bir daha deyirəm, yalnız güc yoluyla nəsə etmək olmur. Bəli, güc vacibdir, çünki bu, olmayanda səni dinləmirlər. Amma bu prosesdə “yumşaq güc”dən də, diplomatiyadan da istifadə etmək lazımdır. Bizim missiyamız ondan ibarətdir ki, dövlətlər, beynəlxalq təşkilatlar hara investisiya etsin: nəqliyyata, suya, ticarətə…
Əgər dövlətlər bu mərhələni adlaya bilsələr, Ermənistanda da buna münasibət dəyişəcək. Hazırda onlarda belə yanaşma var ki, Qarabağ erməniləri Azərbaycanın tərkibində qalsa, onları öldürəcəklər. Əgər dediklərim olsa, onların bu arqumenti sıradan çıxacaq. Çünki insanlar arasında ticari əməkdaşlıq etibar yaradacaq. Biz də ermənilərlə münasibətlər qurmağı öyrənməliyik, çünki 30 ildə 2 müharibə olub.
– 30 ildə xalqlar çox itki verib. Adi bir misal, 1 il yarım əvvəl azad edilən rayonlara gedən insanların evlərinin dağıntılarını görüb hansı hisslər keçirdiyini, yəqin, bilirsiniz. Bu mənada azərbaycanlıları ortaq məxrəcə gətirməyin mümkünlüyü barədə düşünmüsünüzmü?
– Nə qədər ağır və çətin olsa, hər iki ölkənin insanlarının daimi düşmənçilik halında yaşaması, yeni müharibəyə hazırlaşması mümkün deyil. Müharibə bitir, sonra danışıqlar başlayır, iki dövlət, xalq hansısa razılığa və dost səviyyəsində yaşamağa çalışır. Mənim də müharibədə qohumlarım həlak olub, onlarda da belə hallar yaşanıb, biz yaxınlarımızı itirdiyimizə görə bir daha bunların təkrarlanmasına yol verməməliyik. Düşünmürəm ki, hər iki tərəfdə yenə də fəlakətin yenidən təkrarını istəyənlər çoxluq təşkil edir. Daha şəhərlərin dağılmasına, qaçqınlar ordusunun yaranmasına son qoyulmalıdır. Ən azı gücümüzü, ağlımızı səfərbər edək ki, vəziyyətdən çıxa bilək, heç olmasa, cəhd edək. Alınacaq, alınmayacaq, bilmirəm, oturub burada hökmlə danışmıram, yaxud Rusiyanın da bunu dəstəkləyəcəyini iddia etmirəm. Əlbəttə, geosiyasi vəziyyət dəyişər, müharibə təhlükəsi yaranar. İndi vəziyyət bizim xeyrimizədir, amma unutmayaq ki, əks mənzərə də yarana bilər.
30 il əvvəl Türkiyə indiki qədər Azərbaycana kömək edə bilmədi, bilmirik axı 10-20 il sonra necə olacaq. Ya Rusiya müəyyən qədər Azərbaycanın maraqlarına uyğun mövqe tutdu, ancaq 20 il sonrasını bilə bilmərik. Ona görə bütün ekspertlər unikal vəziyyətin yarandığı ilə razılaşırlar. Mən bütün skeptik yanaşmaları da anlayıram, hər iki tərəfdə qorxu, yaddaş, nifrət də var. Amma biz bunun üzərində dəyişikliyə cəhd etməsək, cinayət olardı. Bir daha deyirəm, Türkiyə və Rusiya müəyyən açılımda maraqlıdır. Ermənistan üçün bunları hazırda qəbul etmək çox ağırdır, çünki son 29 ildə fərqli düşüncədə yaşayıblar. Paşinyan hökumətinə bunları xalqa təqdim etməkdə müəyyən zaman lazımdır. Azərbaycan ermənilərə bu vaxtı verir, amma bu, sonsuza qədər davam edə bilməz. Ona görə iqtisadi əməkdaşlıq, etibarın yaranması həm də Ermənistan cəmiyyətinə müəyyən məsələlərə başqa gözlə baxmağa kömək edəcək. Ümid edirəm ki, yaxın 20-30 və yaxud 50 ildə Avropada olduğu kimi insanlar harada istəsə, yaşayacaq. Bunun bünövrəsini biz gərək indidən qoyaq.
– Bu təşəbbüsünüzə Ermənistan və Azərbaycan hökumətlərindən hər hansı siqnallar gəlirmi?
-Təşkilatın icraçı direktoru Mitçel hər iki ölkənin paytaxtına səfər etmişdi. O, hökumətlərin rəsmiləri, akademik çevrələrlə və müstəqil ekspertlərlə görüşdü. Sözsüz ki, hökumətlər fəaliyyətimizdən xəbərdardır. O cümlədən, Avropa Birliyi, ABŞ və Türkiyə rəsmiləri ilə də təmaslarımız olub. Təşəbbüsümüzə hamı müsbət yanaşır. Bir daha xatırladım ki, təşkilat Gürcüstanda qeydiyyatdan keçib, maliyyəmiz beynəlxalq donorlardan gəlir. Siyasi mənada Bakı və Yerevanın çox müsbət və isti münasibətini görmüşük. Bu da zəruridir, çünki apardığımız iş Azərbaycan və Ermənistan dövlətlərinin, xalqlarının xeyrinədir. Bu, elə fəaliyyətdir ki, gələcəkdə hər iki ölkəyə səfərlərimiz olacaq, görüşlər təşkil ediləcək. Nəticədə hökumətlərə enerji, su, nəqliyyat və digər sahələrlə bağlı tövsiyələrimizi verəcəyik. Ona görə dövlətlərin fəaliyyətimizə müsbət yanaşması zəruridir. Hazırda bu prosesin inkişaf etməsi istiqamətində işləyirik.