“Ermənistan Moskvada imzalanan sənədin tələblərinə əməl etmir”

“Fəaliyyət BMT qətnamələri əsasında, konkret vaxt çərçivəsi əsas götürərək qurularsa, nəticə olar”.

Source: Specify Source


Moskva görüşü ilə bağlı brifinq keçirildi

Oktyabrın 10-da Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev brifinq keçiriblər.

Ceyhun Bayramov Moskva danışıqlarının 11 saat davam etməsinin səbəbini Ermənistanın mənasız tələblərlə çıxış etməsiylə əlaqələndirib:

“Bu tələblər o qədər mənasızdır ki, bunun üzərində dayanmağa dəyməz”.

Ceyhun Bayramov 9 oktyabrda baş tutan Moskva anlaşmasına toxunaraq deyib:

“Birinci şərt ondan ibarətdir ki, Ermənistan tərəfi bu sənəddə humanitar atəşkəslə yanaşı, münaqişənin baza prinsiplərinin yenidən təsdiq edilməsi və atəşkəs təmin edildikdən sonra dərhal baza prinsiplər üzərində substantiv danışıqların aparılması öhdəliyini öz üzərinə götürdü. Bu, o prinsiplərdir ki, Ermənistan tərəfi son 1 ildə bunları rədd edir. Eyni zamanda, son vaxtlar yeni şərtlər irəli sürürdü və s. Onların arasında ən qıcıq yaradan Azərbaycanın artıq Ermənistanla deyil, dırnaqarası qurumla – “Dağlıq Qarabağ Respublikası” ilə danışıqların aparılması iddiası idi. Bu sənəddə də qeyd olundu ki, danışıqlar prosesinin formatı dəyişməz qalır. Bu, o deməkdir ki, burada tərəflər Azərbaycan və Ermənistandır”.

Nazirin sözlərinə görə, Ermənistan tərəfindən hər hansı ciddi addımlar atılmasa, hərbi əməliyyatlar bərpa oluna bilər.

Ceyhun Bayramov əlavə edib ki, bu gün saat 12:00-dən atəşkəs təmin edilməli idi, ancaq Ermənistan tərəfi yenə buna əməl etməyib: “Hazırda da hərbi əməliyyatlar davam edir. Ermənistan Moskvada imzalanan sənədin tələblərinə əməl etmir və müvəqqəti atəşkəsin elan olunmasına baxmayaraq, hərbi əməliyyatlar davam edir”.

“Azərbaycanın döyüş meydanında əldə etdiyi qələbələr özünün diplomatik müstəvidə bizə əlavə üstünlük verməkdədir. Bu, bəyanatın üçüncü və dördüncü bəndində özünü əks etdirib”,- bu açıqlamanı da Ceyhun Bayramov səsləndirib.

Həmsədr ölkələrin münasibətinə gəlincə, nazir deyib ki, Azərbaycan bütün həmsədr ölkələrlə sıx işləməlidir:

“Azərbaycan Fransanın birtərəfli, qərəzli şəkildə Ermənistanı dəstəkləməsinə öz mövqeyini bildirib. Bu kimi hallara mövqeyimizi bildirməli, dialoqdan qaçmamalıyıq. Ədalətli sözü çatdırmaq nə qədər çətin olsa da, buna nail olmaq mümkündür. Rusiya Azərbaycana qonşu ölkədir. Rusiya ilə strateji münasibətlərimiz var. Son 10 gün ərzində Rusiya tərəfindən Azərbaycan və Ermənistana balanslaşdırılmış münasibətin şahidi olduq, neytral mövqe qorunub saxlandı. Rusiya münaqişənin qısa müddətdə dayandırılması çağırışlarını edir və biz bunu normal qəbul edirik”.

w_1616023330076148845482_1000x669.jpg
Hikmət Hacıyev

Həmsədr dövlətlər barədə Hikmət Hacıyev deyib ki, həmsədr ölkələr Ermənistanın qeyri-konstruktiv mövqeyindən narahatdırlarsa, iş metodlarına yenidən baxmalıdırlar:

“Fəaliyyət BMT qətnamələri əsasında, konkret vaxt çərçivəsi əsas götürərək qurularsa, nəticə olar. Minsk Qrupunun bütün ölkələri fəal olmalıdır. Azərbaycan həmişə müraciət edib ki, Minsk Qrupunda iştirak edən Avropa ölkələri də mövqelərini bildirsinlər. Ermənistana vaxtında adekvat cavab verilməməsi də bugünkü gərgin vəziyyətin səbəblərindən biri olub”.

Prezidentin köməkçisi Hikmət Hacıyev bir gün əvvəl səsləndirdiyi “Qardaş Türkiyə ATƏT-in Minsk Qrupunun üzvü kimi artıq masadadır”,- bəyanatına yenidən qayıdıb:

“Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində proseslərin başlamasının ilk günündən yaxından iştirak edir. İndiki yaranmış reallıqda biz qardaş Türkiyənin daha böyük əzmlə proseslərdə aktiv iştirak etməsini gözləyirik. Türkiyə regionda qonşu ölkədir. Cənubi Qafqaz regionunda baş verən gərginliklər Türkiyəni də ciddi narahat etməkdədir. Qardaş Türkiyə bu regionda davamlı sülhün təmin edilməsində öz səylərini davam etdirir. İstər Minsk Qrupu formatı, istərsə də Minsk Qrupu formatını dəstəkləyəcək digər formatlar çərçivəsində qardaş Türkiyənin region dövləti və söz sahibi olan bir ölkə olaraq bu prosesdə yaxından iştirakı gözlənilir. Əminik ki, Türkiyə də bu prosesə əsaslı töhfəsini verəcək. Nəhayət ki, regionda davamlı sülh və təhlükəsizlik təmin olunsun. O mənada ki, Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən tamamilə çıxsın. Bu, bütün region dövlətlərinin marağında olan məsələdir. Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasının vacibliyi barədə reallığı anlamalıdır. Təəssüf ki, bu günə qədər bunu anlamırlar”.

Ana səhifəSiyasət“Ermənistan Moskvada imzalanan sənədin tələblərinə əməl etmir”