TƏBİB isə azərbaycanlı həkimlərin halı pisləşən 4 erməni qadına yardım etdiyini bildirir
Aprelin 4-də axşam Rusiya sülhməramlılarının Laçın yoluyla Gorusdan apardığı 27 erməninin Xankəndinə buraxılmadığı bildirilir.
Məlumatı Ermənistan KİV-i yayıb.
Qeyd olunur ki, Şuşa yaxınlığında azərbaycanlı ekofəalların aksiyasının keçirildiyi yerdə ermənilərin olduğu avtobus dayandırılıb:
“5 saata yaxın saxlanılan avtobusda 4 qadının halı pisləşib. Sülhməramlılar onları Xankəndinə aparıb, qalanları isə Gorusa qaytarılıb”. Azərbaycan rəsmi orqanları bu barədə məlumat yaymayıb.
Yalnız qeyd olunub ki, halı pisləşən qadınlara ilkin tibbi yardımı azərbaycanlı həkimlər göstərib.
Onlara Şuşada tibb məntəqəsinə yerləşmək təklif edilsə də, imtina ediblər. Ona görə də qadınları TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin) iki təcili yardım maşını ilə Xankəndi xəstəxanasına aparıblar.
Şuşa modul tipli xəstəxananın həkimi Vilad Əliyev APA-ya məlumatı təsdiqləyərək əlavə edib ki, qadınları Xankəndi xəstəxanasına çatdırıblar.
Xəstəxananın tibb bacısı Gülsüm Həsənova isə deyib ki, ermənilər onları görəndə həyəcanlanıblar: “Biz vəzifəmizi yerinə yetirdik”.
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.
Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.
Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.
Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.
İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.