Ermənistan mətbuatı itkin düşmüş Azərbaycan əsgərinin Qafan rayonu Noraşenik kəndi ərazisində saxlanıldığını yazıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Aqşin Bəbirov və Hüseyn Axundov barədə məlumat yayıb.
Bildirilir ki, 2004-cü il təvəllüdlü A.Bəbirovun və 2003-cü il təvəllüdlü H.Axundovun zəruri axtarış və araşdırma davam etdirilir:
“Əsgərlərin Ermənistanda saxlanıldığının ehtimal edildiyi nəzərə alınaraq, onların azad olunmaları ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara rəsmi müraciət olunub”.
Qurum məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəyini qeyd edib.
Hərbçinin Ermənistan ərazisində saxlanıldığı bildirilir
Aprelin 13-də Ermənistan ərazisində ikinci azərbaycanlı hərbçinin aşkar edilərək saxlanıldığı deyilir.
Məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Aprelin 10-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusunun yolu itirərək azması haqda məlumat yayılmışdı.
Azərbaycan Müdafiə Nazirliyi hərbçilərin kimliyinə aydınlıq gətirməsə də, onların axtarışı ilə bağlı zəruri tədbirlərin görüldüyünü qeyd etmişdi.
Hərbçilərdən Aqşin Bəbirovun dayısı Yaşar Musayev xəbəri Meydan TV-yə təsdiqləmişdi.
Sonradan Ermənistan sosial şəbəkəsində A.Bəbirovun saxlanılması barədə video yayılsa da, Hüseyn Axundovun taleyi naməlum qalmışdı.
Hüseyn Axundovun Lənkəran rayonundan hərbi xidmətə çağırıldığı qeyd olunur.
Onlar 1 ilə yaxındır ki, hərbi xidmətdədirlər.