Dünən saytların əsas xəbərlərindən biri o qaraqaş, qaragöz körpənin ölümü idi. Onun xəbərlə yanaşı yayınlanan şəklində altıaylıq körpə çoxsaylı tibb cihazlarına bağlı idi. Bu şəkil bəlkə də onun ölümündən bir neçə gün, bəlkə bir neçə saat, bəlkə bir neçə dəqiqə əvvəl, bəlkə də elə tibb cihazlarının onun köməksiz, balaca bədənindən ayrıldığı an çəkilmişdi.
Mən bu körpənin şəklinə baxır və borucuqların onun ağzından, balaca, totuq biləklərindən necə ayrıldığını təsəvvür edirdim. Təsəvvür etmək, bu barədə düşünmək istəmirdim, amma təsəvvürüm iradəmə tabe deyildi. Onun son nəfəsi, çırpınışları, qara kipriklərini aşağı salmağı, gözlərindəki köməksiz və çaşqın ifadə xəyalımda canlanaraq mənə əzab verirdi.
Gümridəki məlum olayda həlak olan ailədən tək, yaralı çıxan Serj idi o körpə. Erməni uşağı. Balaca, erməni oğlan.
Xəbəri oxuyandan, şəkli görəndən bir neçə an sonra dəhşətli bir istək sardı bütün varlığımı. Tez səkkiz aylıq körpə oğlumun yanına qaçmaq, yatağında mışıl-mışıl yatan körpəmi götürüb, bağrıma basmaq, qoxulamaq istədim. Amma bunu edə bilmədim. Çünki gecikmişdim. O biri otaqda eyni xəbəri oxuyan həyat yoldaşım otağımıza gəldi və oğlumuzun yatağına əyilib, yuxulu-yuxulu onu götürüb, bağrına basdı. Yoldaşımın yaşarmış gözlərini görəndə, qəhərli səsini eşidəndə mənə elə gəldi ki, bu an həmin xəbəri oxumuş bütün atalar, bütün analar öz körpələrinə sarılmaq, onu bərk-bərk, sanki heç vaxt ayırmayacaqmış kimi bağrına basmaq istədilər. Ermənili, azərbaycanlı, ruslu, gürcülü, bir sözlə, bu xəbəri oxumaq ehtimalı olan bütün millətlərdən olan ata-analar bir anlıq balaca Serjin anası, atası kimi hiss elədilər özlərini. Cəmi bircə an sonra övladlarının sağ olduğunu, qonşu otaqda yatdığını yadlarına salıb, onları qucaqlamağa tələsdilər.
O körpənin ölümqabağı şəkli bütün analara, bütün atalara öz milliyyətini, hansısa millətlə düşmənçiliyini, tarixi, keçmişi, hər şeyi, hər şeyi unutdurmalı idi. Həmin an hamı milliyyəti, tarixi, keçmişi olmayan bir məxluq, sadəcə ana, sadəcə ata olmalı idi. Əgər Serj erməni körpəsidir, «düşmən» xalqın övladıdır deyə, onun şəklini görüb, bu hissi yaşamayan, yanmayan, qəhərlənməyən oldusa, deməli, içində zərrə qədər də insanlıq qalmamışdı o adamın.
Dünən ayın on doqquzu idi. Yanvarın on doqquzu. Gümri hadisəsindən bir neçə gün keçmiş, eyni ailədən daha bir ölüm günlərdir matəm havası yaşayan erməniləri yasa batırdı. Bizim – onlara «düşmən» xalqın ümümxalq matəminin ildönümünə isə bir gün qalırdı. Bu iki xalqdan əl çəkmək istəməyən sarı qüvvə qanlı bir təsadüflə bizim matəmimizi, faciəmizi də eyniləşdirdi. Bu bir qanlı zarafat idi sanki, illərdir, ortaq rəqs, mahnı, musiqi aləti, dolma, lavaş üstündə dava edən xalqların faciəsini, matəmini də ortaq elədi. İndi də ortaq qanlı yanvar matəmini yaşayacaqsınız, ey eyni havalara rəqs edib, eyni mahnıları oxuyub, eyni yeməkləri yeyib düşmən olan xalqlar.
Deməli, əsrlərdir rəqslərinizi, melodiyalarınızı, paltarlarınızı, məişətinizi, mətbəxinizi eyniləşdirməklə sizi yaxınlaşdırmaq istəyən hansısa qüvvə kor-koranə variantlar axtarır bunun üçün. Torpaq eyni, başınızın üstünü alan qara qüvvə eyni, mədəniyyət eyni, qaşlarınız-gözləriniz eyni…Bəs, daha nəyiniz birləşdirilməli, daha nəyiniz ortaq olmalı, daha necə bir-birinizə bağlanmalısınız ki, bitsin bu savaş, bitsin bu nifrət, bitsin tökdüyünüz qanlar?!