”Ermənilərin qabağından bala qaçırmışıq ki, burda öldürək?!”

2016-cı il üçün qəbul olunan dövlət proqramına görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 224 390 879 manat pul ayrılıb. Binanın 3-cü mərtəbəsində yaşayan Mehman Muradov bildirir ki, onlara binadan nə zaman köçürüləcəkləri barədə dəqiq məlumat verən yoxdur.

Source:

“Binanı 2-3 dəfə yalandan təmir etdiriblər, o da təmir əvəzi daha da yararsız vəziyyətə qoyublar. Özümüz pul yığıb hər yeri təmir etdiririk. Yuxarıdan daman suları vedrə ilə özüm yığıram ki, yan otaqda körpə var, birdən bina tökülüb dağılar. Demirik bizə Bakıdan ev versinlər. İstəyirik rayonumuzu alsınlar, ora köçək, bir özümüzə daxma tikək, bilək ki, bizimdir, rahat yaşayırıq. Hər yer sürüşkəndir, dünən necə yıxılmışamsa, dizlərim gömgöydür”.

Gülarə Dadaşova 23 ildir ki, Atatürk prospektində yerləşən “Fəhlə-köçkün” yataqxanasında yaşayır. Yaşadıqları binanın 60 yaşı olduğunu deyən Gülarə xanımın sözlərinə görə, bu beşmərtəbəli binanın hər mərtəbəsində 20 ailə yaşayır. Şikayətlərdən sonra bina 2-3 dəfə təmir də olunub:

“Təmir etmək yerinə daha da yararsız vəziyyətə qoyublar. Yazılı şəkildə müraciət etmişik, qol da çəkmişik. Heç kim maraqlanmır, erməninin qabağından bala qaçırmışıq ki, burda öldürək? Belə yerdə insan yaşamaz axı”.

Rəsmi məlumatlara görə, 2001-2015-ci ildə Dövlət Neft Fondu və digər mənbələrdən ayrılmış vəsait hesabına qaçqınlar və məcburi köçkünlər üçün 94 qəsəbə salınıb, 49 min ailə, 243 min nəfərədək qaçqın həmin mənzillərə köçürülüb.

2016-cı il üçün qəbul olunan dövlət proqramına görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 224 390 879 manat pul ayrılıb.

Binanın 3-cü mərtəbəsində yaşayan Mehman Muradov bildirir ki, onlara binadan nə zaman köçürüləcəkləri barədə dəqiq məlumat verən yoxdur. Çökmə yarandıqdan sonra binaya Fövqəladə Hallar Nazirliyi tərəfindən baxış keçirildiyini deyən sakinin sözlərinə görə, onlara buranın yaşayış üçün yararsız olduğunu və yeni mənzillər veriləcəyini bildiriblər:

“Televizordan eşitdim ki, prezident 2016-cı ildə qaçqınların mənzil şəraitinin yaxşılaşdırılması üçün pul ayırıb. 3 gün müharibə oldu, ara qarışdı. Gələn deyir: “Bina yararsızdır, burda yaşamaq mümkün deyil”. Bu problem bütün mərtəbələrdə var”.

Şikayətçi Şəmsəddin Əliyevin sözlərinə görə, binanın yararsız vəziyyətindən əlavə işıq, qaz və suyun verilməsi də günaşırı dayanır.

“Hara girsəz, su damır, camaat qorxu içində yaşayır. Bakı şəhərində bu cür bina yoxdur. Su verilən kimi divarlardan su sızmağa başlayır. Qəza şəraitindən əlavə bir gün işıq, digər gün qaz, sonra da su kəsilir. Axı burda xəstə, ahıl, uşaq yaşayır. Panellər getdikcə enir aşağı, harda belə bina var? 1-2 dəfə gəlib guya binanı təmir ediblər. Qaçqınkomun xəbəri var bu binadan? Bu binanı Əli Həsənova göstərmək lazımdır. Ümumiyyətlə, onun xəbəri var?!”

Vəsilə Məhərrəmova binanı öz hesablarına təmir etdirməyə çalışdıqlarını söyləyir. Amma bunun kifayət etmədiyini, qəzalı şəraitdə olan binanın hər gün bir tərəfinin çökdüyünü deyən Vəsilə xanım əlavə edir ki, kanalizasiya sisteminin sıradan çıxmasına görə tullantı suları birbaşa onun evinə tökülür:

“Bir gün ayılıb görəcəklər ki, bütün bina çöküb, hamı da ölüb. Uşaqlarımız xəstə düşüb, bina bir dəfə təmir olunub, bura baxan yoxdur. Elə bil burda erməni yaşayır. Qızımı evdə qoyub gedəndə qorxuram ki, gəlib görəcəm bina uçub, qızım da qalıb uçqunun altında”.

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov deyir ki, sözügedən yataqxananın sakinlərini köçürmək üçün komitənin balansında mənzil yoxdur. Eyni zamanda bu il üçün Bakı və Bakı ətrafında yaşayan qaçqın və məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulmayıb: “Gələcəkdə dövlət proqramı çərçivəsində nəinki həmin binada, digər yataqxanalarda yaşayan qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün mərhələli şəkildə işlər görüləcək”.

Atatürk prospektində yerləşən ”Fəhlə-köçkün” yataqxanası
Atatürk prospektində yerləşən ”Fəhlə-köçkün” yataqxanası
Ana səhifəXəbərlər”Ermənilərin qabağından bala qaçırmışıq ki, burda öldürək?!”