Ermənilərin AFFA-nın qapısına vurduğu “qol”

Qurbanov milli ilə ümumilikdə 12 oyunda 4 qələbə qazanmış, 3 dəfə də məğlub olmuşdu.

Source:


Kimsə bu uğursuzluğa görə məsuliyyət daşımalıdır, ya yox?

Görəsən, elə bir turnir, çempionat, yarış ola bilərmi ki, futbol üzrə Azərbaycan milli komandası orda uğurlu nəticə qazana bilsin? Adama elə gəlir ki, həvəskar futbolçular arasında məhəllələrarası turnir keçirilsə, Azərbaycan yığması ora qatılsa, orda da ya sonuncu, ya da sonuncudan əvvəlki yeri tutar.

Hə, gözünüz aydın olmasın, futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasından da suyu süzülə-süzülə ayrıldı. Lüksemburqun, Kiprin və Monteneqronun olduğu C Liqasının 1-ci qrupunda mübarizə aparan azərbaycanlı futbolçular qrupda 6 xal toplayaraq, 3-cü yeri tutdular. Qrupun lideri 13 xal toplayan Monteneqro yığması oldu, yaxşı günlərini yaşamayan Kipr millisi 4 xalla sonuncu pillədə qərarlaşdı.


Yaxşı, bəs qolu kim vuracaq?

İtaliyalı mütəxəssis Canni De Byazinin başçılıq etdiyi Azərbaycan millisi UEFA Millətlər Liqasında keçirdiyi altı oyunda iki qol vurub, dördünü də öz qapısından buraxıb. Altı oyuna dörd qol buraxmaq yaxşı göstəricidir. Bu da ondan irəli gəlir ki, De Byazi əksər qarşılaşmalarda komandanı müdafiəyəmeylli oynadırdı, hətta elə oyunlar var ki, Azərbaycan millisi meydana beş müdafiəçi ilə çıxırdı. Amma bu məsələnin bir “əmma”sı var. Bu da qol vura bilməmək, başqa sözlə desək, “qısırlıq”dır. Sənin komandan altı oyunda cəmi iki qol vurubsa, bu o deməkdir ki, ya hücumçusuz oynayırsan, ya da… Ya da sənin ölkəndə hücumçu yoxdur. Axı milli komanda bir ölkənin ən yaxşı futbolçularının dəvət aldığı, bir bayraq altında birləşərək meydana çıxdığı komandadır. Ramil Şeydayev, Mahir Emreli kimi hücumçular da guya Azərbaycanın ən yaxşı forvardlarıdır. Ən yaxşıdırlarmı? Onlardan daha yaxşıları varmı? Təəssüf ki, yoxdur. Ancaq guya ən yaxşılarımız olan bu oğlanlar da qol vurmağı bacarmırsa, onda deməli, vəziyyət faciəvidir. Bu isə təkcə bir komandanın – milli komandanın yox, bütünlükdə Azərbaycan futbolunun faciəsidir, xəstəliyidir. Qol vura bilməmək, “qısırlıq” xəstəliyi.

159933619342849399_1000x669.jpg
Canni De Byazi


Ermənilərin uğuru, azərbaycanlıların qəzəbi

Azərbaycan millisinin biabırçı oyunlarından, nəticələrindən təngə gələn futbol azarkeşləri sosial şəbəkədə AFFA rəhbərliyini – federasiya prezidenti Rövnəq Abdullayevlə vitse-prezident Elxan Məmmədovu tənqid, hətta təhqir edirlər. Futbolsevərləri daha çox qəzəbləndirən isə bir neçə gün əvvələ kimi Qarabağda – döyüş meydanında Azərbaycan ordusu ilə qarşılaşan Ermənistanın futbol millisinin yer aldığı C Liqasının 2-ci qrupunu lider kimi başa vurmasıdır. Bəli, artıq uzun illərdir ki, azərbaycanlılar üçün Ermənistan bir çox sahədə əsas müqayisə obyektinə çevrilib. Ermənilərin UEFA Millətlər Liqasında uğurlu çıxşının fonunda Azərbaycan millisinin bərbad nəticəsi insanları qəzəbləndirib. Günahkar kimdir? Yenə baş məşqçi? Yox, axı Canni De Byazidən əvvəlki baş məşqçilər də aşağı-yuxarı, eyni nəticələri göstərirdi. Futbolçular? Hə. Amma tam yox, qismən. Futbolçunun keyfiyyəti, səviyyəsi aşağıdırsa və nəsillər dəyişdikcə, nəticələr dəyişmirsə, deməli, əsas problem başda – AFFA-dadır. Düzgün olmayan sistemlə Avropanın hətta yüksək də yox, ortabab klublarında belə, çıxış edə biləcək futbolçu yetişdirə bilməzsən. Hələ onu demirik ki, AFFA rəhbərliyinin milli komandanın baş məşqçilərinin işlərinə qarışdığı, yığmaya sifarişlə futbolçu göndərdiyi iddiaları da var. Bu iddia isə AFFA rəhbərliyi tərəfindən indiyədək nə təkzib olunub, nə də təsdiqlənib.

img_5730.jpg
Elxan Məmmədov və Rövnəq Abdullayev


Uğursuzluğu uğur kimi qəbul edənlər

Futbolsevərlərin sosial şəbəkədə AFFA prezidenti Rövnəq Abdullayevin, vitse-prezident Elxan Məmmədovun istefasını tələb etdiyi vaxtda federasiyanın daha bir vitse-prezidenti Vaqif Sadıqov maraqlı açıqlama verib. O,” Komanda.az” saytında müsahibəsində bildirib ki, UEFA Millətlər Liqasının matçları azərbaycanlı futbolçuların futbol oynaya bildiyini göstərib:

“Millətlər Liqasının oyunları göstərdi ki, bizim də uşaqlarımız futbol oynaya bilir. Ən vacibi odur ki, sırf Premyer Liqa klublarında çıxış edən futbolçulara inam psixologiyasını geri qaytardıq. Bizim futbolçularımız qarşılarına çıxan heç bir rəqibdən çəkinmir. Düzdür, ola bilər ki, hamıdan az qol vurmuşuq və bu, problemdir. Qarşıda vaxt, zaman var. Düşünürəm ki, zamanla istədiyimiz yığmanı formalaşdıra biləcəyik”.

AFFA rəsminin bu açıqlamasına gülməyəsən, nə edəsən? Necə yəni “bizim də uşaqlarımız futbol oynaya bilir”? Sadıqov sanki bığlı-saqqallı, peşəkar futbolçular yox, bağça uşaqları barədə danışır. Həm də, necə futbol oynaya bilirlər ki, altı oyuna cəmi iki qol vurublar, qrupda 3-cü yeri tutublar? Deyəsən, AFFA-da Azərbaycan millisinin qrupda üçüncü yeri tutmasını, altı oyuna cəmi iki qol vurmasını da uğur sayırlar. Belələrinin istefasını tələb etməyəsən, nə edəsən?

Qurban Qurbanov
Qurban Qurbanov


Daha qurban verməyə Qurban da yoxdur

Canni De Byazinin qarşısına qoyulan əsas vəzifəərdən başlıcası yığmanın Millətlər Liqasında uğurlu çıxış etməsi idi. Böyük gözləntilərin olduğu De Byazi isə digər sələfləri kimi, ümidləri doğrulda bilmədi. Bəs bundan sonra necə olacaq? İyulda baş məşqçi postuna oturan italyan işinə davam edəcək, yoxsa..?

Millətlər Liqası turnirinin ilk mövsümündə Azərbaycan yığması Qurban Qurbanovun rəhbərliyi altında D Liqasının 1-ci qrupunda Malta, Farer adaları, Kosovo ilə mübarizə aparırdı. Milli komanda qrupda 9 xalla 2-ci sırada yer aldı və turnirlə vidalaşdı. Qurbanovun komandası altı oyunda yeddi qol vurmuş, altısını da buraxmışdı. Yığmanın uğursuz çıxışından sonra Qurbanov millidəki işindən istefaya göndərilmişdi. Qurbanov milli ilə ümumilikdə 12 oyunda 4 qələbə qazanmış, 3 dəfə də məğlub olmuşdu.

Qurban Qurbanovla 6 illik müqavilə imzalayan, ancaq 12 oyundan sonra onu istefaya göndərən AFFA rəhbərliyi De Byaziyə də eyni münasibəti göstərəcək, yoxsa italyan mütəxəssisə şans veriləcək və onun özünü DÇ-2022-nin seçmə mərhələsində də sınamasına şərait yaradılacaq? AFFA rəhbərliyi De Byazidən daha yaxşı nəticə qazanan Qurbanova o şansı verməmişdi. Yaxşı, indi necə olacaq? Kimsə bu uğursuzluğa görə məsuliyyət daşımalıdır, ya yox? Daha qurban verməyə Qurban Qurbanov da yoxdur. AFFA-dakılar, Azərbaycan futboluna rəhbərlik edənlər isə uğursuzluğun əsas günahkarlarının onlar olduqlarını qəbul etmək, istefa vermək istəmirlər. Görünür, bu dəfə UEFA Millətlər Liqasındakı biabırçı çıxışın üstündən su içib, heç nə olmamış kimi yollarına davam edəcəklər. Bu yol isə yol deyil, yoldaşlar!

img_5729.jpg
Azərbaycan Milli Komandası
Ana səhifəSosialErmənilərin AFFA-nın qapısına vurduğu “qol”