Ermənistan İstintaq Komitəsi Müqəddəs Eçmiadzinin arxiyepiskopu Arşak Xaçatryanın əks olunduğu iddia edilən seks kasetlərinin yayılmasına görə cinayət işi açıb.
OC Media yazır ki, bu addım baş nazir Nikol Paşinyan hökuməti ilə Erməni Apostol Kilsəsi arasında gərginləşən qarşıdurma fonunda atılıb və tənqidçilər kasetin hakim partiya tərəfindən lentə alındığını və sızdırıldığını iddia edirlər.
Faktla bağlı Cinayət Məcəlləsinin “məlumat toplamaq üçün xüsusi texniki vasitələrdən istifadə etməklə şəxsi və ya ailə həyatını pozma” maddəsi ilə cinayət işi başlanıb. İş Yerevanda yerləşən “Məlumatlı Vətəndaşlar Birliyi” vətəndaş cəmiyyəti təşkilatının oktyabrın 25-də yeni yaradılmış “Telegram” kanalında Xaçatryanın yer aldığı açıq-saçıq kadrların dərc edilməsi barədə şikayət ərizəsindən sonra başlanıb. Baş Prokurorluq cinayət işinin davam etdirilməsi ilə bağlı hesabatı qərar vermək üçün İstintaq Komitəsinə göndərib.
Komitə sonradan təsdiqləyib ki, şikayətə baxmaq üçün müstəntiq təyin olunub və 24 saat ərzində rəsmi qərar qəbul ediləcək. Rəsmilər hələ ki, Xaçatryanın özünün dindirilməsi və ya səs yazısının mənbəyinin müəyyən edilib-edilmədiyini açıqlamayıb.
Müxalif siyasətçilər və hüquq qrupları məlumat sızdırılmasını şəxsi həyatın kobud şəkildə pozulması və təhlükəli presedent adlandırıblar. Onlar iddia edirlər ki, şəxsi həyata bu cür müdaxilələr təkcə fərdin hüquqlarını pozmur, həm də artan dövlət nəzarəti tendensiyalarını və siyasi motivli qarayaxma kampaniyalarını əks etdirir.
Hökumət görüntülərin yayılmasını açıq şəkildə qınayıb. Baş nazirin aparat rəhbəri Arayik Arutyunyan bildirib ki, o, materiallara baxmayıb, lakin Milli Təhlükəsizlik Xidmətinin (MTX) “bunun necə baş verdiyini müəyyən etmək üçün müvafiq addımlar atdığına” inanır. O, həmçinin Xaçatryanı hüquq-mühafizə orqanlarına şəxsən müraciət etməyə çağırıb.
Parlamentdə müxalifətdən olan deputat Artsvik Minasyan videoların MTX tərəfindən lentə alınıb-alınmadığını şübhə altına alıb və əgər belədirsə, cavabdehlik tələb edib. O, daha sonra hökuməti Paşinyan administrasiyasındakı sızdırılma ilə bağlı şayiələri araşdırmağa çağırıb. Arutyunyan hökumətlə videoların yayılması arasında hər hansı əlaqəni rədd edərək, bu cür iddiaların siyasi motivli olduğunu bildirib.
Paşinyanın kəskin tənqidçisi olan Xaçatryan videoda onun olması və ya videonun hətta real olması ilə bağlı iddialar “alçaq böhtan” deməkdən başqa təfərrüatlı açıqlama verməyib. Kilsə hadisə ilə bağlı birbaşa şərh verməyib, lakin yüksək səviyyəli ruhanilər bunu özəl olaraq “Kilsənin özünə hücum” kimi təsvir edirlər.
Bu ilin əvvəlində Paşinyan açıq şəkildə din xadimləri ilə toqquşub, Xaçatryanı mənəvi korrupsiyada ittiham edib və ictimai çıxışlarında onu “əxlaqsız və həyasız” kimi xarakterizə edib. Kilsə hakimiyyəti və hökumətin katolikos II Qaregin ilə münasibətləri üzərində mübahisə kimi başlayan qarşıdurma getdikcə siyasi və mənəvi döyüşə çevrilir.
Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Media-dan oxuya bilərsiniz.