Erkin Qədirli, Xocalı və “Qan Davası” məntiqi ilə dövlət idarə etmək

“Qan Davası” qoxusu gəlir…

Source:



“Xocalı’ya ədalətdən çox, qisas lazımdır! Bu cinyayətin əsas iştirakçıları – Robert Koçaryan, Seyran Ohanyan və Serj Sarqsyan – öldürülməlidir”.

Bu sözlər siyasi hakimiyyətə iddialı,


Respublikaçı Alternativ




(REAL)

Siyasi Hərəkatının məclis sədri, ziyalı – mənim və onlarla insanın fikirlərinin formalaşmasına xüsusi qatqıları olan – hüquqşünas


Erkin Qədirli


tərəfindən deyilib. Və bu cümlələrdən sonra kifayət qədər çox insan onu dəstəkləyib, sözlərini təsdiqləyib və belə “gözəl ideyaya” görə onu alqışlayıb. Müəyyən bir qisim isə, yəqin ki liberallar, bu sözlərdən narazı qalıb və müəyyən əks arqumentlər irəli sürüblər.

Bu arqumentlərdən bəziləri “Erkin Qədirli kütləni ətrafına toplamaq üçün populizm edir”, “müəyyən dəyərləri tapdalayır”, “bir hüquqşünas belə danışmaz” və sairə və ilaxırdır. Amma Erkin bəy daha sonra statusu haqqında izahatda qeyd edir ki, mən statusumda kifayət qədər ciddiyəm və







dünənki statusu hüquqşünas kimi deyil, siyasətçi kimi yazmışam




”.


Buna görə, mən də Erkin bəyin dediyi bu sözləri və daha sonra yazdığı dəstək arqumentlərini onun özünün qeyd etdiyi kimi, siyasi kontekstdə, “bir siyasətçi bunları etsə nə olar?”  aspektindən izah etməyə çalışacam.


“Qan Davası” qoxusu gəlir

Bizim ölkədə çox görünməsə də, qonşumuz Türkiyədə “Qan Davası” məsələsi xeyli populyardır. Yəqin ki, hər birimiz ən azı bu haqda bir filmə baxmışıq və onun nə demək olduğunu az-çox bilirik. Bəli, nəsildən-nəsilə keçən, heç bitməyən, ilk dava ilə başlayıb daha sonra günahsız insanların da həyatına təhlükə yaradan SİLSİLƏ QƏTİLLƏR. Hörmətli Erkin bəyin təklif etdiyi məsələdən burnuma “Qan Davası” qoxusu gəlir. Özü də elə-belə deyil, milli səviyyədə, yüzlərlə insanın qətlinə səbəb olacaq biləcək və əsrlərlə qurtarmayacaq bir proses kimi.

Əvvəlcə baxaq görək Qan Davası nədir. Bu anlayışı lokallıqdan çıxarsaq, onu bir ideya, simvol olaraq əla alsaq görərik ki, bu anlayış özündə bir neçə fərqli anlayışı, duyğunu və ya insani hissləri daşıyır və bütün bu hisslərin nəticəsi olaraq ortaya çıxır. Gəlin əvvəlcə bu hissləri daha sonra isə onların Erkin bəyin arqumentləri ilə əlaqəsinə baxaq.


 1. Qisas:

Bəllidir ki, qisas insani bir hissdir, bir instinktdir. Sənə qarşı edilmiş pisliyin, ziyanın qarşılığını vermə arzusudur və kifayət qədər də təbii bir hadisədir. İndi buradakı əsas məsələ budur ki, insan bu təbii instinktini həyata keçirərkən nəyə diqqət etməlidir. Onu başlı-başlı buraxmaq olar, yoxsa bir limiti olmalıdır? Unutmayaq ki, ədalət hissinin də içərisində Qisas hissi var, amma bu anlayışlar hər zaman üst-üstə düşmür. Sənə edilmiş ziyanı, hüquqa buraxacan yoxsa özün cavab verəcəksən?


Erkin bəyin arqumentlərinə baxaq


:

–          “


Xocalı’ya ədalətdən çox, qisas lazımdır!”




“Təki onların təbii ölümlə həyatdan getmədiklərinə əmin olaq”.




“Sırf partiki baxımdan, inanıram ki, dünən adlarını çəkdiyim üç Xocalı qatili öldürülməlidir (haqlı qisas)”.




“Gərəkirsə, haqlı qısas uğrunda üzərimə cinayət məsuliyyətini də açıq götürə, cəzamı da çəkə bilərəm”.



 2.



Şərəf, Ləyaqətə bağlı və kollektiv düşüncədən asılı Qisas:

Qan Davası içərisindəki Qisasın digər tip qisaslardan ən böyük fərqi onun

“şərəf, ləyaqət, qürur”

anlayışları ilə bir başa əlaqəli olması, o cümlədən

kollektiv düşüncə

tabeliyində olmasıdır. Yəni, xatırlayın, qardaşı öldürülmüş bir insan bu qatili öldürməklə cəzalandırır. O bunu sadəcə qisas üçün etmir, həm də

“şərəf, ləyaqət və qüruru”

üçün edir. Amma həmin şəxs bu qisası sadəcə özü istədiyi üçün də etmir (bir çox hallarda bəlkə də istəmir) amma kollektiv düşüncənin təsiri altında və onun tabeliyində bunu etməlidir.


Erkin bəyin arqumentlərinə baxaq:




“Mən ayılmağı və güclənməyi təklif edirəm. Qürursuz millətin quruculuğu da olası deyil”.




“Cinayətkarlar cavabını almalıdır, millətin qüruru özünə qayıtmalıdır”.


 3. “Qorxaqlıq” stereotipi, Şiddət nümayişi və “Ləkənin” təmizlənməsi:

Bir qisasın

“Qan Davası”

qisası olması üçün onun sadəcə

“şərəf, ləyaqət və qürur”la

əlaqəli və

“kollektiv düşüncənin”

tabeliyində olması bəs etmir. Bu qisas həm də adekvat olmalıdır və

“Şiddət Nümayişi”

şəklində baş verməlidir. Yəni əgər “Qan Davası”na inanan bir cəmiyyətdəsənsə və orada sənin yaxınını öldürüblər deyə məhkəməyə gedəcəksənsə, həmin adamı cəzalandırsan, ona hüquqla ən yüksək cəzanı verdirsən belə, qisas almış sayılmırsan. Xatırlayın, “Qan Davaları” məsələsində qarşı tərəf həbs edilsə belə, onu həbsdə və ya həbsdən sonra öldürtdürürlər. Çünki bu tip – yəni qan davasına inanan – düşüncədə qorxaqlıq ən böyük eyibdir, bir ləkədir, və bu ləkəni sadəcə


şiddət nümayiş etdirərək (qorxaq olmadığını sübut edərək)


silə bilərsən. Buna görə də Qan Davasına aid Qisasların ən böyük xüsusiyyəti


“Mən qorxaq deyiləm, bax, güclüyəm”


hayqırışıdır.


Erkin bəyin arqumentlərinə baxaq:




“Xocalı qətliyamının ildönümündə, yenidən “ağlaşma” sayağı paylaşmalar məni çox qəzəbləndirdi. Nə qədər ağlaşmaq olar? Ümumiyyətlə, hər şeylə yanaşı, cəmiyyətimizdə, xüsusilə gənclərimizdə, iki yanlış meyl var: ağlaşmaq (bəlli günlərdə) və mırtaşmaq (bütün digər günlərdə).




İkisi də zəiflikdəndir”




.




“Bəli, liberalizmin əsas dəyəri azadlıqdır. Amma liberalizm azadlığı maymaqlıqla qarışdırmır”




“Bəli, yumşaq, üzüyola, nəzakətli adamam. Amma, maymaq və ya qorxaq deyiləm”.




“Haqlı qısas uğrunda üzərimə cinayət məsuliyyətini də açıq götürə, cəzamı da çəkə bilərəm”.




“Qərb, tarixən, həmişə özünə hörmət edən güclə hesablaşıb.”









Amma, azadlıqla olduğu kimi, demokratiya da maymaqlıq anlamına gəlməmilidir”.




4.


Törə yoxsa Hüquq

Qan Davası məsələsinin ən böyük xüsusiyyətlərindən biri də onun hüquqa inanmaması, hüququn verdiyi cəzaları kafi görməməsi və buna alternativ olaraq yuxarıda sadaladığım duyğuları daşıyan Törəyə (ənənə olaraq anlayaq) öncəlik verməsidir. Elə buna görədir ki, qatil tutulub, hüquqla həbs olunsa belə o Törəylə yenidən cəzalandırılmalıdır. Burada məsələ sadəcə hüququn adekvat olmaması məsələsi deyil, həm də onun bu məsələlərdə vasitə olaraq görülməməsi məsələsidir,


Erkin bəyin arqumentlərinə baxaq:




“Ən yaxşı halda bizə deyəcəklər ki, verin onları başqa dövlətdə mühakimə edək. Sonra, və yenə də ən yaxşı halda, Xocalı qatillərinə Breyvikə verilən şərait verəcəklər. Adamlar da oturacaqlar lüks kamerada və internetə girib sizi lağa qoyacaqlar.




Bunun harası “Xocalıya ədalətdir”?”

Bəs hüquq niyə vasitə olaraq görülmür? Bu düşüncənin ruhuna əsasən hüquqda şiddət nümayişi olmayacaq, yəni adamın qorxaq olmadığı sübut olunmayacaq, ləkə təmizlənməyəcək, yəni qisas alınmayacaq.


Erkin bəyin arqumentinə baxaq:




“Çox kobud gerçəkliyi… nəzərə alaraq, sırf partiki baxımdan, inanıram ki, dünən adlarını çəkdiyim üç Xocalı qatili öldürülməlidir (haqlı qisas)”.


 [və ya şiddət nümayiş etdirilməli, bizim qorxaq olmadığımız sübuta yetirilməli və üzərimizdəki ləkə təmizlənməlidir]


Güc və şiddət nümayişi

Yuxarıda Qan Davası anlayışı ətrafında sadaladığım hissləri öz cəmiyyətimizdə fərqli ifadə etmə şəkillərində görə bilərik. Çünki, hamısı aşağı yuxarı ortaq partiarxal hisslərə əsaslanır. Şiddət Nümayişi, Qorxaq görünmə stereotipi, Şərəf-ləyaqət anlayışlarının fərqli patriarxat versiyaları və s. Sosial elmlərdə də bu tip hisslərin ictimailəşməsi əsasən modern olmayan və müəyyən məsələlərdə geri qalmış cəmiyyətlərə şamil edilir.

Bütün bunlarla yanaşı Erkin bəyin təklif etdiyi argumentlərin ruhunda “Qan Davası” məntiqi yüksək dərəcədə hiss olunur. Bu baxış özlüyündə “Qorxaqlıq strotipi”, “Ləkəli olma” hisslərinin təsiri altında Güc və Şiddət anlayışları arasındakı sərhəddi yoxa çıxarır və Erkin bəy, Güclü olmağı Şiddət Nümayiş etdirmək kimi təqdim edir. Güclü olmağın beynəlxaq münasibətlərdə xeyli yolu var (Erkin bəy bunları daha yaxşı bilər). Bütün bu vasitələri qoyaraq, şiddətə əl atmaq. Bu siyasətçi mövqeyidir?

Bundan başqa Erkin bəy deyir:







Məişətdə çox şeydən keçə, çox şeyi güzəştə gedə bilərəm, amma siyasi prinsiplərimdə möhkəməm. Gərəkirsə, haqlı qısas uğrunda üzərimə cinayət məsuliyyətini də açıq götürə, cəzamı da çəkə bilərəm




”.

Kifayət qədər təbii bir hiss. Hər bir insan məişət zəmnində, hüququ bir qırağa atıb qisas ala, cinayət törədə bilər. Heç kim bundan siğortalanmayıb. İnsanlıq halıdır. Amma Erkin bəyin arqumentlərindəki məsələ məişət məsələsi deyil. Bu dövlət idarəetəsi məsələsidir və Erkin bəy öz arqumentləri ilə “Qan Davası” kimi bir düşüncə tərzini dövlət idarəetməsinə gətirmək, hətta xarici siyasətdə, digər dövlətlərlə münasibətdə istifadə etmək istəyir. Bu sadəcə təhlükəli deyil, həm də özünün vurğuladığı “siyasətçinin” edəcəyi şey deyil.


MODEL QURMA: Gəlin Sarqsyanı öldürək

Erkin bəy bir siyasətçi olaraq deyir, Gəlin Koçaryanı, Sarqsyanı, Ohanyanı öldürək. Nə deyirəm ki, gəlin öldürək. Öldürdük. Sonra siyasətçi Erkin bəyin tapşırığı ilə, halvasını yedik,


“baş salığımızı”


da verdik. Bunun dalınca da öz ölkəmizə bir nəzər saldıq, cinayəti özünü pis aparan bir-iki adamın boynuna atdıq (lap onların haqları pozulmasın deyə, onlarla razılaşıb elədik, hətta qəhrəman etdik) sonra bu


“xalq qisasçılarını”


həbs etdik.







Məhkumlara içəridə xüsusi qayğı”


, Playstationu və digər bütün avadanlıqları yerində xidmət və


“sonradan isə amnistiya”


verdik. Və xalq olaraq məqsədimizə çatdıq, qürurumuz düzəldi, şərəfimiz-ləyaqətimiz yerinə gəldi, Xocalıda vəhşi kimi öldürülən onlarla insanın ruhu indi şaddır.


“Texniki olaraq mümkündür”.

Sual çıxır, bu öldürdüyümüz adamlar kimdir? Müharibədə qalib gələn tərəfin “müharibə qəhrəmanları”. Yaxşı, bu xalq öz “qəhrəman”larının ölümünə necə reaksiya verəcək? Müharibə elan edəcək? Bəlkə də, amma inanmıram. Bəs nə edəcək? Adekvat cavab verəcək təbii. Bizdə


“radikal müxalifət”, “xalq qisasçıları”


var, erməni xalqı bundan məhrumdur? Təbii ki yox. Onlarda daha artığı var, özü də təşkilatlanmış formada,


“uydurmağa”


da ehtiyac yoxdur, dünya terror təşkilatları siyahısına öncülük edirlər.

Həftədə bir dəfə partlayan avtobusları, metroları, onun içində öləcək insanların məsuliyyəti kimin boynuna olacaq? Bir ayın içində Xocalıda qətl edilən insanların bir neçə misli qədər insan öldürüləcək terrorla. Bu yaxın vaxtlara qədər olurdu. Təklif edilən cinayətə ura-ura deyən dostlar, cavab atəşinin qurbanı siz ola bilərsiz və ya yaxınlarınız, və ya başqa günahsız kimlərsə, nə fərqi var ki. Düşünürsüz ki, İrəvanda güllə atıb, birinci adamı, ən əsası, “müharibə qəhrəmanlarını”  öldürüb Bakıda sakitcə qürur-orqazımı keçirmək olar? Siyasətçi uzaqgörənliyi budur?

Cavab atəşinə səbəb, bir siyasətçinin “Qan Davası” məntiqi ilə siyasət etməsi və emosional xalqın ura-ura hayqırtıları. Ehtimal terrorun qurbanlarının məsuliyyətini hansı siyasətçi üzərinə götürəcək? Yox bunlar mümkün deyil deməyin. Erkin bəy demiş,


“Texniki olaraq mümkündür”.


Hətta Erkin bəyin təklifindən daha real görünür, çünki dəfələrlə olub. Erməni xalqı bizim kimi təzə-təzə nəsə


“uydurmur”


. Onlar bu məsələlərdə tarix yazıblar. Deməyim budur ki, siyasətçi üçün ən böyük şey, məsuliyyətdir, xalqın taleyinin məsuliyyəti, xalq bunu görməyə bilər, hisslərinə qapıla bilər, amma siyasətçi? ƏSLA!

“Vay, vay, vay. Maymax liberal, qorxaq demokrat, bu nə ağciyərlikdir edirsən?” deyə cavab verilə bilər təbii. Və ya “dövlətimiz, adekvat olaraq cavab verəcək” də deyilə bilər. Erməni terroruna necə cavab veriləcək? Ya müharibə elan etməklə (əgər belə bir niyyət varsa, bu yuxarıdakı qətldən lap əvvəl deyilməli və həyata keçirilməlidir. Çünki bu torpağı işğal olmuş dövlətin təbii haqqıdır və müharibə bir siyasətçi mövqeyi ola bilər, seçicilərin bunu əvvəlcədən bilməsi lazımdır) ya da terrorla cavab vermək. Qara qızılın canı sağolsun. Nə qədər istəsəz militan yetişdirmək, nə qədər istəsəz dövlət dəstəkli terror təşkilatları qurmaq olar. Pul bəs etməyəcək təbii, bunu ideoloji olaraq hazırlamalı və səlahiyyətlər də vermək gələcək, daha sonrasını sadalamıram heç. Üç nöqtə… Faşizmə qədər yolu var bu işin. “Qan Davası” məntiqi ilə siyasət etməyin nəticəsi: Günahsız insanların silsilə qətilləri (fərqi yoxdur hansı tərəfdən)


Siyasət, Rol, Güc, REAL-Politika

Gənc fəalların şərlənərək tutulduğu “Molotov koktelyi” işində Erkin bəyin maraqlı bir izahatı vardı: “İnsanlara pis nümunə olmaq”. Dövlət reklamını apararaq psixoloji olaraq “molotov kokteyllərini” insanların beynində legitimləşdirir, onu siyasətdə istifadə edilə biləcək alətlər siyahısına əlavə edirdi. Bilərək və ya bilməyərək. Bu prosesi izah etmək üçün gözəl bir atalar sözü var: “dəlinin yadına daş salırdı”.

Erkin bəy, yuxarıda sadaladığı cinayətləri gündəmə gətirərək, arqumentləri ilə müdafiə edərək onları istifadə edilə biləcək alətlər arasına alır, bununla onsuz da kifayət qədər emosional olan insanlarımıza (bu qədər əziyyətə və Xocalı və bunun kimi digər zülmlərə məruz qalmış insanlarımızın emosional olması çox təbiidir)

“pis nümunə olur

”. Hörmət edilən və ən savadlı insanlar arasında olan bir ziyalının məlum cinayətləri təklif etməsi və müdafiə etməsi kimi effektli bir psixoloji legitimləşdirmə ola bilməz. İnsanlar üçün siyasətçi və ziyalı iki Erkin Qədirli yoxdur, sadəcə, bir Erkin Qədirli var və onu dinləyirlər. (Bir müddətdən sonra onsuz da bu ikililik ritorikası özlüyündə yoxa çıxacaq, iştifadə edilməyəcək, əvvəlcədən yaxşı müdafiə deyildi)

***


Erkin bəy:

“Ağıl – alətdir. Onun heç bir mənəvi cəhəti yoxdur. Şəraitə və vəziyyətə uyğun tətbiq (istifadə) olunur… Maşın sürən müəllim, müəllim deyil, sürücüdür! Sükan arxasında müəllimliyin yeri yoxdur, yoldakı vəziyyətə görə davranmalısan”.

Siyasət elə bir rol alma oyunudur ki, bir dəfə onun içinə girdikdən sonra insanın digər bütün rolları (ziyalı, hüquqşünas) siyasətçi roluna tabe olur və ya ona xidmət edir. Siyasətçi olaraq qeyri-sivil diskorsda siyasi bir qərar alıb, hüquqşünas və ziyalı olaraq bu qərarı sivil diskorsla müdafiə etmək çətindir, bir çox hallarda mümkün deyil. Erkin bəy, avtoritarizmin hüquqşünasları ilə apardığı ictimai debatlarda bunu daha yaxşı müşahidə edib. Bir hüquqşünas siyasi mövqeyinə görə, hüququ hansı günlərə salır, ona necə təriflər, necə yozumlar verir, hüquqa nə dağlar çəkir. Əminəm ki, bir zamanlar onlar da siyasətdə uğurlu olmaq istəyib.

Bir maarifçinin siyasətə gəlməsi çox çətin psixoloji prosesdir, sadəcə bizim cəmiyyətdə deyil, bütün cəmiyyətlərdə, azı-çoxu var təbii. Əgər o həqiqətən siyasətdə uğurlu olmaq istəyirsə yəqin ki, çox dərin psixoloji tramvalar yaşayacaq. Dəyərlər sistemindən oyunlar sisteminə, güc sisteminə keçmək asan məsələ deyil. Və burada siyasi mövqeyi o qədər dəqiq tutmaq lazımdır ki, bu psixoloji qarışıqlıq insanı başqa yollara apara bilər. Bir gündə deyil, bəlkə on ildə, iyirmi ildə. Xalqı üçün çalışıb, bu niyyətlə siyasətə gəlib, xalqın yaxşılığı üçün nələrsə etdiyini düşünərək öz insanlarına ziyan vuran o qədər siyasətçi var ki tarixdə. Ağıl belə şeydir,





mənəvi cəhəti yoxdur. Şəraitə və vəziyyətə uyğun tətbiq (istifadə) olun”


duqda insanı hara götürəcəyi çox zaman bəlli

olmur, ona görə dəyər məsələsi çox önəmlidir, elə liberal olmaq da, demokrat olmaq da, humanist olmaq da.


***


Erkin bəy:

“Kimsə etsəydi, bəlkə mən heç siyasətə gəlməzdim, müəllimliyimə davam edərdim. Heç kəsin bunu etmədiyi görəndə, zəruri çirkaba girməli olursan. Unutmayın, çirkabı çirklənmədən təmizləmək olmur. Yetər ki, çirklənməyin nəticəsində başqalarını təmizliyə çıxara biləsən”.

Daxili siyasətimizdə ən önəmli “Güc”lərdən biri hər şeyə ura-ura deyən emosional çoxluqdur. Bunun damarını tutdunsa nə gözəl, amma o toplumun sivillik dərəcəsi az olduqda məsələ qəlizləşir. Neçə siyasətçilər boğuldu bu çirkli bataqlıqda. Qeyri-sivil cəmiyyətin bataqlığı kimi dərin bataqlıq yoxdur. Cahillikdən “Güc” olaraq istifadə etməyin bir limiti və bir bədəli var.

***

Erkin bəyin Xocalı faciəsi haqqında siyasətçi mövqeyi bəllidir. Amma REAL Siyasi Hərəkatının mövqeyi nədir bilinmir və ya mən bilmirəm. REAL Erkin bəylə eyni düşüncələrimi paylaşır, bir siyasi qurum olaraq mövqeyi nədir? İtirilmiş torpamqları və ədaləti necə bərpa etmək istəyir? Cinayətlər, Müharibə, Sülh danışıqları yoxsa başqa bir strategiyası var? Bir seçici olaraq bunu çox bilmək istərdim, yəqin çox vətəndaşlar REAL-ın siyasi təşkilat olaraq bu məsələlərdə mövqeyini bilmək istəyər. Seçicilərə bu məsələ açıq-aydın izah olunsa əla olardı.


Nəticə olaraq

Erkin bəyin bir siyasətçi olaraq ortaya qoyduğu mövqe həm də siyasət baxımdan kifayət qədər təhlükəli, xalqa ziyan vura biləcək bir mövqedir. “Qan Davası” məntiqi ilə, dövlət idarə etmək olmaz, nə də ki, xalqa xeyrli olmaq. Ümid edək ki, Erkin bəyin bu cümlələri emosional insanları hədəf almış və daxili siyasətdə xal qazanma cəhdləridir, sadəcə ritorika oyunudur və müvəqqətidir. Erkin bəy ciddiyəm deyir, ümid edək ki, ciddi deyil.

Ana səhifəMənim FikrimcəErkin Qədirli, Xocalı və “Qan Davası” məntiqi ilə dövlət idarə etmək