Erkən nikahlar: sosial riskdən çıxış yolu

Kəndlərdə qeyri-rəsmi evliliklərin sayı artıb

Source:

Kəndlərdə qeyri-rəsmi evliliklərin sayı artıb

Dərs bitib. Onun işi isə yenicə başlayır. Məktəbin dəhlizini silə-silə həyatından danışır: “Uşaqdılar də, batırırlar. Mənim işimin adı nədir? Təmizləməliyəm. Dərs bitənə qədər ayaqyolunu yuyub təmizləyir, girib-çıxana nəzarət edirəm. Dərsdən sonra da sinif otaqları və dəhliz gözləyir məni”, – bu sözləri bizimyol.info-ya 16 yaşlı Rufanə Əliyeva deyib.


Yaşıdları 11-ci sinfi bu il bitirir, o isə…

Rüfanə bu il 11-ci sinfi bitirməli idi. Ancaq “həyat mənə bir az fərqli şeylər yaşatdı, fərqli münasibət göstərdi. Ayrı cür oldu”, – deyir. O, iki övladına baxa bilmək üçün Bakı şəhərindəki məcburi köçkün məktəblərinin birində xadimə işləyir. Deyir, ailə quranda yaşı nikaha düşməyib. Özündən yaşca 21 yaş böyük həyat yoldaşı məhz heç bir asılılığı, bağlılığı olmadığı üçün Rufanəni 2 uşaqla atıb Rusiyaya işlərini ona qədər qoyduğu yerdən davam etdirməyə gedib.


“16 yaşın olanda nikah bağlayarıq”

Rufanə ilk övladını 14 yaşında dünyaya gətirib. İkinci uşağa hamilə olanda həyat yoldaşı işlərinin tökülüb qaldığını deyərək Rufanəni yataqxanaya, anasının yanına qoyaraq Rusiyaya üz tutub: “Nə qədər yalvardım ki, bizi də apar. Dedi nikahımız yoxdur. Sənin 16 yaşın olanda gələrəm, nikah bağlayıb birlikdə gedərik. Söz verdi. İnandım. O gələn, bu gələn. 3 aydır 16 yaşımın tamam olduğu. Nə bir zəng var, nə də xəbər-ətər. Qaynanam da ki, xəstə adamdı, nə deyim? Qalmışam anamın evində”.

Rufanənin başına gələnlər nə ilk, nə də sondur. Ümumiyyətlə, Azərbaycanda azyaşlıların təhsildən yayındırılaraq ərə verilməsi halları artıb. Ötən il respublikada 170503 uşaq doğulub. Onların 3296 nəfərini yaşı 15-17 olan analar dünyaya gətirib.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev “Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda açıqlayıb.

O, deyib ki, cənub bölgəsindən ali məktəblərə sənəd verənlərin 10 faizi qızlar olub. Demək, qızlar erkən yaşlarından təhsildən kənarlaşdırılıb: “BMT-nin qiymətləndirmələrinə əsasən, dünyada hər il 14,2 milyon nəfər qız 18 yaşına çatmamış nikah bağlayıb. Hər gün 39 mindən çox erkən nikah bağlanır. Bu, davam edərsə, 2015-2020-ci illərdə 70 milyon 18 yaşına çatmamış qız erkən nikaha girəcək. Hesablamalara görə, onların 13,2 faizini və ya 9,2 milyonunu 15 yaşına çatmamış qızlar təşkil edəcək”.



Azərbaycandakı göstəricilər kifayət qədər aşağıdır

Erkən nikahların əsas hissəsi Afrika və Cənubi Asiya ölkələrinin payına düşür. Həmin regionlarda nikaha daxil olan hər 3 gənc qadının biri 18 yaşına çatmamış olur: “Ən yüksək göstərici Nigerdə (75 faiz), Çad və Mərkəzi Afrika Respublikasında (68 faiz), Banqladeşdə (66 faiz), Qvineyada (63 faiz), Mozambikdə (56 faiz), Malidə (55 faiz), Burkina-Faso və Cənubi Sudanda (52 faiz) və Malavidə (50 faiz) qeydə alınıb. Mütləq ifadədə isə erkən nikahların sayı Hindistanda daha çoxdur. Bu ölkədə 47 faiz erkən nikah qeydə alınıb”.

Bu ölkələrdən fərqli olaraq Azərbaycandakı göstəricilər kifayət qədər aşağıdır – deyir İ.İsayev. Bununla belə bəzi statistik göstəricilərin bu sahədə problemin narahatedici olduğunu deməyə əsas verir: “Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2014-cü ildə 479 18 yaşına çatmamış qız, 2 nəfər oğlan nikaha girib. Rəsmi qeydə alınmamış nikahdan doğulan uşaqların çəkisi 14,9 faiz olub. Bu qadınların 61,6 faizi kənd yerlərində yaşayanlardır. 1990-cı illərdə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı şəhərlərdə üstün olurdu. 2003-cü ildən bu yana göstərici kənd yerlərində artıb”.


“Təhsildən yayınma halları artır”

Nazir müavini əlavə edib ki, 2004-2005-ci tədris ilində dövlət və qeyri-dövlət ümumtəhsil müəssisələrində 1-ci sinif şagirdlərinin sayı təxminən 141 min nəfər olub: “2014-2015-ci tədris ilində isə 11-ci sinifdə oxuyan şagirdlərin sayı 91,5 min nəfər təşkil edib. 2004-2005-ci tədris ilindən təhsil alan şagirdlərin 10,2 min nəfərinin əyani ilk peşə-ixtisas təhsil müəssisələrinə qəbul olunduğunu nəzərə alsaq, 39,3 min şagirdin ümumtəhsil məktəbini bitirmədiyi qənaətinə gəlmək olar. Bu şagirdlərin 61,8 faizi kəndlərin payına düşür. Araşdırmalar göstərib ki, məktəbdən yayınan şagirdlərin əksəriyyəti erkən nikah quran qızlardır. Göründüyü kimi, yeniyetmə qızların erkən nikaha daxil olması təhsildən yayınma hallarını artırıb”.


“Erkən nikahlar sosial hadisədir”

Erkən nikahın sosial hadisə olduğunu deyən İ.İsayev bildirib ki, ailə quran tərəflərin yaşlarının rəsmi nikah üçün qanunvericiliklə müəyyən olunmuş yaş həddindən aşağı olması gələcək ailədə bir sıra problemlər yaradır. Onlarda nikahın pozulması, xəstə uşaqların dünyaya gətirilməsi, məişət zorakılığı, fiziki-psixoloji çətinliklər kimi hallar müşahidə olunur: “Acınacaqlı hal odur ki, 15-19 yaşlı anaların 279-u ikinci, 9-u isə 3-cü uşağı dünyaya gətirib. 18-19 yaşlı anaların isə 158 nəfəri 3-cü uşaq dünyaya gətirib”.


Sosial riskdən sığortalanmaq cəhdi

Nazir müavini cəmiyyətin əsasını təşkil edən ailəni qurmaq, formalaşdırmaq, qoruyub saxlamaq üçün tam formalaşmış insan  lazım olduğunu bildirib: “Erkən nikahların səbəblərindən biri də gənclərin erkən nikaha girməklə gələcək sosial risklərdən sığortalanmış olduqlarını düşünmələridir. Həyat göstərir ki, əksinə, onlar bu addımı atmaqla həm fizioloji, həm də psixoloji mənfi təsirlərə məruz qalır. Təkcə, təhsildən məhrum olaraq öz həyatlarını mənasız edir və mövqesiz insana çevrilirlər”.

İ.İsayev bildirib ki, araşdırmalar göstərir ki, erkən nikahların əksəriyyəti aztəminatlı ailələrdə qurulur: “Aztəminatlı olmaq erkən nikaha əsas yaratmır. Çünki bu gün Azərbaycan kifayət qədər geniş əhali kateqoriyalarını əhatə edən sosial təminat sisteminə malik ölkədir”.

“Araşdırmalar kənd qızlarının işlə təmin olunmalarındakı müəyyən çətinliklərin, bir sıra hallarda çarəsizlik, ümidsizlik mühitinin erkən nikahların səbəblərindən biri olduğunu göstərir”,- deyə qeyd edən İ.İsayev ölkə əhalisinin 8,9 faizini 14-19 yaşlı gənclər təşkil etdiyini, onların 47,4 faizinin gənc qızlar olduğunu bildirib: “Hazırda əmək bazarında 5397 nəfər 15-19 yaş arasında olan şəxs muzdla əmək fəaliyyəti göstərir ki, bu da bütün muzdla işləyənlərin 0,43 faizini təşkil edir. Bunların 45,5 faizi gənc qızlardır. Bu yaş qrupunda olan şəxslərin 80 nəfərinin ibtidai təhsili, 2541 nəfərinin tam orta təhsili, 1046 nəfərinin isə ümumi orta təhsili var”.

Nazir müavini bildirib ki, Azərbaycan gənclər arasında  işsizliyin aşağı olduğu dövlətlərdəndir: “Ölkəmizdə 15-24 yaş arasındakı gənclər üzrə işsizlik səviyyəsi 13,5 faiz olduğu halda Avropa Birliyində bu, 20,6 faiz, İspaniyada – 49,3, Xorvatiyada – 43,6, İtaliyada – 41,5 faizdir. Azərbaycan dünya miqyasında gənclərin məşğulluğu üzrə BMT-nin elan etdiyi on lider ölkə sırasına, habelə cari ildə Beynəlxalq Əmək Təşkilatının rəsmi saytında gənclərin səmərəli məşğulluğunun təmin olunması sahəsində dolğun hüquqi bazası, praktik iş təcrübəsi olan 41 ölkə sırasına daxil edilib”.

İ.İsayev araşdırmaların nəticələrinə əsasən deyir ki, erkən nikahların səbəblərindən biri də kənd yerlərində yaşayan kişilərin əmək miqrantı olmasıdır. Bu, qızlar arasında ailə qura bilməmək qorxusu yaradır.


“Nardaranda 100 məktəbli qızdan 10-nu 11-ci sinfə qədər oxuyur”

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə də kənd yerlərində qızların təhsildən yayındığından narahatlığını dilə gətirmişdi. Bildirmişdi ki, Nardaranda 100 məktəbli qızdan 10-nu 11-ci sinfə qədər oxuyur.

Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da dəfələrlə Bakı kəndlərində, bölgələrdə qızların məktəbdən yayındırılaraq ərə verildiyini söyləmişdi.

Ana səhifəXəbərlərErkən nikahlar: sosial riskdən çıxış yolu