Ərəstun Oruclu: Bakı indiyə qədər Moskvanı səbəbkar kimi göstərmir

“Nə qədər belə davam edəcəksə, Azərbaycanın işğala məruz qalması arxa planda olacaq”

Source:


“Nə qədər belə davam edəcəksə, Azərbaycanın işğala məruz qalması arxa planda olacaq”

 Prezident İlham Əliyevin Münhen təhlükəzilik konfransındakı çıxışı

 sosial şəbəkələrdə və medianın müzakirə mövzusuna çevrilib. Xüsusən Əliyevin çıxışın sərt olduğu bildirilir. Bu barədə Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu ilə söhbətləşdik.





Ərəstun bəy, dövlət başçısının söylədiklərini sərt hesab edənlər var, siz necə düşünürsünüz?

– Sərt dedikdə, həmişəki tondur, sadəcə, hədəflər göstərilməyib. Məncə, birinci hədəf göstərilməlidir ki, Dağlıq Qarabağ münaqişəsinin yaranmasında, bu günə qədər saxlanılmasında maraqlı hansı dövlətdir?! Maraqlı tərəfin adını Berlin görüşü zamanı kansler Merkel çəkdi. Söhbət Rusiyadan gedir. Ancaq İlham Əliyev diplomatik şəkildə Ukrayna hadisələri ilə bağlı parallel aparsa da, yenə sərt notları Ermənistana yönəltdi. Münaqişənin əsl səbəbkarı və onu qoruyub saxlayan Rusiyanın adını çəkmədi. Bu mənada İlham Əliyevin çıxışında yeni yanaşma olmadı.



Əliyevin çıxışı münaqişə ilə bağlı danışıqların indiki durumuna təsir edə bilərmi?

– Heç bir təsiri olmayacaq. Söhbət münaqişə ilə bağlı danışıqların hansı aspektdə təsirindən gedir? Əgər hərbi aspektdən gedirsə, Ermənistan və Azərbaycan hərbi istiqamətə üstünlük verərlərsə, beynəlxalq amilləri nəzərə almayacaqlarını güman etmirəm. Beynəlxalq səviyyədə olan mesajlarda heç kəs münaqişənin hərbi müstəviyə keçməsini istəmir. Deməli, sərt ritorika əvvəlkinin davamıdır. Baxmayaraq ki, əvvəlki illərdən fərqli olaraq qoşunların təmas xəttində vəziyyət xeyli gərgindir. Faktiki olaraq, hər gün atəşkəs pozulur, itkilər olur. Amma istənilən halda münaqişəni alovlandırmaq növbəti dəfə tərəflərin marağına cavab vermir. Tərəflər dedikdə, yalnız Azərbaycan və Ermənistanı yox, Qərb və Rusiyanı da nəzərdə tuturam.



ATƏT-in son bəyanatlarının birində atəşkəsin pozulmasında Azərbaycana öhdəliklərini xatırladıblar, nəinki Ermənistana, sual yaranır, niyə Bakıya?

– Bəyanatda iki məqam var: birinci, müəyyən ikili standart elementleri yox deyil. Çünki atəşkəsi təkcə Azərbaycan deyil, Ermənistan da pozur. Amma daha çox sərt açıqlamaların Azərbaycan tərəfdən səsləndiyini nəzərə alsaq, bu halda Bakının açıqlamaları ATƏT-in bəyanatı üçün müəyyən rol oynayır. Əvvəllər də müharibə ritorikasının Azərbaycanın maraqlarına cavab vermədiyini deyirdik, çünki bölgədə sülh pozulsa, diqqətin Bakıya yönələcəyini güman etmişdik. Çox təəssüf ki, həmin ton davam edir. Düzdür, son vaxtlar Ermənistan sərt ritorikasında bir qədər də uzağa gedib. Amma Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında öhdəlikləri yerinə yetirməsi baxımından vəziyyət çox pisdir. Söhbət insan haqları və demokratik hüquq və azadlıqların təmin olunmasından gedir. ATƏT qarşısındakı öhdəlik yalnız Qarabağ münaqişəsindən ibarət deyil.



Ukrayna olaylar


ının Qarabağ münaqişəsini unutdurduğunu düşünmək olarmı? Bu barədə danışan prezident deyib ki, zamanında Qarabağ münaqişəsi həll olunsaydı, bu gün Ukraynadkı hadisələr baş verməzdi…

– Müəyyən həqiqət var. Amma Azərbaycanda həmişə deyilir ki, bu münaqişə Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsdir. Mən iki məqamı xatırlatmağı məqsədəuyğun hesab edirəm, birinci, Ukrayna prezidenti Poroşenkonun çıxışı, o, birbaşa Rusiyanı münaqişəyə görə ittiham etdi. Əsir götürülmüş Rusiya vətəndaşlarının pasportunu göstərdi, silah təchizatı ilə bağlı ortaya sübutlar qoydu. Ancaq Azərbaycanın heç bir rəsmisi heç bir səviyyədə Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin arxasında dayandığını dilə gətirməyib. Belə olan halda, münasibət də fərqli olacaq. Yəni münaqişənin səbəbkarı göstərilməliydi. Ancaq bizim rəsmilər səbəbkarı yox, onun icraçısını göstərir. Təbii ki, beynəlxalq aləm də gözləmə mövqeyində dayanıb Rusiya ilə münaqişəyə getmək istəmirdi. Bu gün Rusiya ilə Qərb arasında ciddi münaqişə mövcuddur. Qərb Rusiyanı Ukraynada ciddi pozuculuqda ittiham edir, elə Kiyev də sakit dayanmır, mövqeyini açıq şəkildə deyir. Bakı isə indiyə qədər Moskvanı səbəbkar kimi göstərmir. Nə qədər belə davam edəcəksə, Azərbaycanın işğala məruz qalması arxa planda qalacaq.



Əliyev Ermənistana verdiyimiz təkliflərə də toxunub və İrəvanın bunlarıq qəbul etmədiyini deyib. Ermənistanın mövqeyinə Rusiyanın təsiri ola bilərmi?

– Doğrusu, təkliflər barədə eşitməmişəm. Ümumi fikirlər olub, o da rəsmilərin dilindən səslənməyib. Son vaxtlar 5-6-cı səviyyələrdə vətəndaş cəmiyyəti ilə əməkdaşlıq haqqında təkliflər olmuşdu. Bu isə bir qədər ironik səslənir. Çünki vətəndaş cəmiyyətini iflic etmiş hakimiyyətin Dağlıq Qarabağda vətəndaş cəmiyyətini dəstəkləmək barədə fikirləri dünyada ancaq gülüş doğura bilər. Sosial-iqtisadi əməkdaşlığa gəlincə, bu, qeyri-dəqiq ifadədir. Mən bu barədə eşitməmişəm, bəlkə siz eşitmisiniz.



Ancaq bu barədə prezident danışdı…

– Bəlkə mövqeyini əsaslandırmaq üçün bunu demək lazım idi. Amma bunun effekt verəcəyini güman etmirəm. Çünki münaqişə ATƏT-in nəzarətində olduğundan onlar hər elementi bilirlər. Güman etmirəm ki, belə bir təklif olsaydı, bu barədə əvvəllər danışılmazdı. Bilirsiniz, məsələyə bir qədər ehtiyatlı yanaşmağın tərəfdarıyam. Deyilənlərin hamısının həqiqət olduğunu düşünmürəm.

Ana səhifəXəbərlərƏrəstun Oruclu: Bakı indiyə qədər Moskvanı səbəbkar kimi göstərmir