İlham İsmayıl: “İsrail-Azərbaycan münasibətləri hər iki ölkənin maraqlarını tamamlayır və təhlükə yaratmır”
Azərbaycan hökuməti İsrailin yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlərinə vergi güzəştləri müqabilində ölkəyə köçməyi təklif edir.
“Turan”ın məlumatına görə, İsrailin “Globes” nəşri Azərbaycana köçməyin mümkünlüyünü nəzərdən keçirən şirkətlərdəki mənbələrinə istinadla məlumat yayıb.
“Xüsusən, Azərbaycan bu şirkətləri 10 il müddətinə korporativ vergidən, əmlak vergisindən, torpaq vergisindən və dividend vergisindən tam azad etməyi təklif edir. Bu, Azərbaycanın seçilmiş İsrail startaplarına təklif etməyə başladığı imtiyazların hamısı deyil. Bu addım Bakıda texnologiyalar parkının işə salınması ilə bağlıdır, lakin Azərbaycan hökumətinin nöqteyi-nəzərinə görə, şirkətlər ölkənin istənilən bölgəsində yerləşdirilə bilər”, – deyə nəşr yazıb.
“Globes”ə görə, İsrailin yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən bir sıra şirkətləri artıq ölkəyə köçmə barədə danışıqlar aparır:
“Bəhs edilən vergi imtiyazları ilə yanaşı, şirkətlərin əməkdaşlarının 4700 ABŞ dollarına qədər aylıq əməkhaqqına sıfır gəlir vergisi dərəcəsi tətbiq olunacaq. İmtiyazları əldə etmək üçün şirkət son bir illik fəaliyyəti haqqında məlumat verməli və ya 200 000 manat ölçüsündə illik dövriyyəsini təsdiq etməlidir. Proqram çərçivəsində yaşayış icazəsinin rəsmiləşdirilməsində və məişət məsələlərinin həllində köməyi ehtiva edən ölkəyə immiqrasiya dəstəyi göstərilir”.
“Azərbaycan Avrasiya regionunun texnologiya “atası” olmağa can atır, buna görə bu ölkəyə köçmək şirkətlərə türk ölkələrinə açılan bir qapı kimi fayda verə bilər. Bakının Ankara ilə münasibətləri “Bir millət, iki dövlət” ideyasına əsaslanır. Buna görə Türkiyədə fəaliyyət göstərmək istəyən şirkətlər vəziyyətdən faydalana bilər”, – deyə nəşr yazır.
Həmçinin proqrama Azərbaycanın İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinin (İDDA) rəhbərlik etdiyi qeyd olunur:
“Onun əsas məqsədi iqtisadiyyatı şaxələndirməkdir. 2022-ci ildə Azərbaycan ÜDM-in 47,8 faizi, büdcə mənbələrinin 52,7 faizi və ixracın 92,5 faizi neft-qaz sektorunun payına düşüb. Bakıda başa düşürlər ki, dünya neftdən uzaqlaşır, buna görə neft və qazdan asılılığın azaldılmasına hazırlıq lazımdır”.
Nəşr qeyd edir ki, Azərbaycan son illərdə ciddi-cəhdlə iqtisadiyyatın şaxələndirilməsi və neftdən “azad olma” üzərində işləyən Fars körfəzi ölkələrindən ilham alır:
“İDDA artıq müvafiq kadrların hazırlanması üzərində işləyir və internet texnologiyaları kurslarında 3000-dən çox tələbəyə təqaüd ayırır. Gələn il yerli sakinlər üçün təqaüdlərin sayının 5000-ə qədər artacağı gözlənilir. İDDA-nın ölkəyə köçən startaplara dəstək üzrə vitse-prezidenti Paşa Əliyev ibrani dilində sərbəst danışır. O, “Globes”lə söhbətində deyib ki, İsrail şirkətlərinin cəlb edilməsi təşəbbüsü Azərbaycanda güclü texnoloji ekosistemin qurulması üzrə daha geniş səylərin tərkib hissəsidir”.
“Bizim gənc və çoxdilli əhalimiz mədəniyyətlərin müxtəlifliyi ilə birlikdə dinamik və innovativ işçi qüvvəni təşkil edir. Bundan başqa, bizim infrastrukturumuz ölkəyə köçən şirkətlərin tez yerləşməsinə və yeni şəraitə inteqrasiya olunmasına imkan verir. Bu, Azərbaycanı Asiya bazarında inkişafa və innovasiyalara can atan texnologiya şirkətləri üçün ideal bir yerə çevirir”, – Paşa Əliyev belə deyib.
Sual yaranır: Azərbaycanın İT texnologiyaları sahəsində mütəxəssisləri yoxdurmu İsrailə müraciət edir?
Təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu korrupsiya və inhisarçılığa baxmayaraq Azərbaycanın İT texnologiyalarının tətbiqi, pul köçürmələrinin elektronlaşdırılması sahəsində xeyli uğurlarının olduğu qənaətindədir.
Ancaq Ərəstun Oruclu onu da əlavə edib ki, bütün dünyada xarici şirkətlərin və vətəndaşların ölkəyə cəlb olunması praktikası da var:
“Bununla belə dünyada bu sahəyə dövlət tərəfindən ciddi nəzarət sistemi də var. Məsələn, ABŞ-da hər hansı İT şirkətində hətta menecerdən aşağı səviyyədə proqram mühəndisi vəzifəsi almaq üçün mütləq təhlükəsizlik yoxlamasından keçmək lazımdır. Federal Təhqiqatlar Bürosu yoxlayır və sonra təhlükəsizlik təminatını verir. Bu mənada sual yaranır, Azərbaycanda həmin təhlükəsizlik məsələlərinə riayət olunurmu. Məsələ ondadır ki, coğrafi mövqeyimiz elədir ki, Azərbaycan üzərindən bir neçə dövlətə qarşı kiber casusluq əməliyyatları keçirilə bilər”.
“Belə hadisələr də olub, məsələn, 2017-ci ildə Masallıda Telefon Qovşağının partladılması barədə yazmışam. O zaman şübhə vardı ki, İrana keçən internet kanalları həmin binanın altından keçir. Üçüncü dövlətin təmsilçiləri gəlib orada casus texnikası quraşdırıb, internet kanalına nəzarət etdiyi üçün partladıldı, belə bir ehtimal var idi. Amma rəsmi mənbələr qaz sızmasından partlayış olduğunu bildirirdi. Halbuki, araşdıranda məlum oldu ki, orda qazlaşma olmayıb. Sual yaranır: bir neçə nəfərin ölümü ilə nəticələnən telefon qovşağı nədən partladıldı? Yaxud Eldar Mahmudov vəzifədən kənarlaşdırılandan bir neçə gün sonra “DeltaTelekom”da partlayış olmuşdu, bu barədə də yazmışdım. Bütün bunlar Azərbaycanda İT sahəsinin çirkin niyyətlərlə istifadə olunduğunun göstəricisidir, mən hələ “Peqasus” proqramlarından istifadəni demirəm”, – deyə ekspert bildirib.
O, informasiya qıtlığı səbəbindən indiki vəziyyət haqda yalnız ehtimalla danışa biləcəyini bildirib:
“Bu səbəbdən xarici şirkətlər gətirilirsə, bunlar dövlətin nəzarətində olmalıdır. Əgər dövlətin mütəxəssisləri yoxdursa, necə nəzarət edəcək sualına gəldikdə Qərb universitetlərində İT sahəsində təhsil almış yüzlərlə azərbaycanlı gənc var ki, ya işsizdir, ya da ölkədən qaçıb. Niyə xarici şirkətlərə yaradılan şərait onlara yaradılmır”.
“Söhbət heç də İsraildən getmir. Sadəcə, İsrail kiber təhlükəsizlikdən ən çirkin formada istifadə edir. Düzdür, İsrail mütəxəssisləri rəsmi səviyyədə olmasa da Livandakı 17 sentyabr partlayışlarını onların əməliyyatı olduğunu danmırlar. Əslində, dünənki hadisə iri miqyaslı kiber terror aktıdır, çünki orda yalnız “Hizbullah” təşkilatının nümayəndələri yox, həkimlər, mülki şəxslər də zərər çəkib. Ona görə kiber təhlükəsizlik məsələsinin gündəmə gətirilməsini vacib edir. İndi sual yaranır: sabah İsrail gəlib Azərbaycanda hansısa mərkəzlər quranda ölkə hədəfə gəlməyəcəkmi, buna kim təminat verə bilər? Ona görə İsrail şirkətlərinə ciddi nəzarət olunmalı, yaxud başqa ölkələrin şirkətləri ilə əvəz olunmalıdır. Məsələn, Almaniya, ABŞ və İngiltərənin. Bilirsiniz ki, “Peqasus” məsələsində açıqlama oldu ki, həmin proqramları diktatura, avtoritar rejimlərə satıblar. Bu mənada Azərbaycan İT sahəsində İsrail, İran, Çin və Şimal Koreya kimi ölkələrlə əməkdaşlıq qurmamalıdır. Mən başqa dövləti mələk saymıram, amma ən azı kiber terror aktları həyata keçirmirlər”, – deyə Oruclu əlavə edib.
Ekspert azərbaycanlı mütəxəssisləri ölkəyə qaytarmağın vacibliyini vurğulayıb:
“Bu gün Silikon Vadisində onlarla azərbaycanlı mütəxəssis çalışır. İT şirkətlərinə müəyyən güzəştlərdən danışırlar, 200 min manat illik dövriyyə gülünc rəqəmdir. Niyə ölkənin sərhədlərini bağlayıb öz vətəndaşlarını kənarda saxlayıb başqa dövlətlərdən mütəxəssis gətirirlər? Burada söhbət güzəştdən yox, dövlətin qanunlarının və prinsiplərinin aşağılanmasından gedir. Yəni hər bir ölkə öz resurslarına güvənməlidir. Dünyanın müxtəlif ölkələrində təhsil almış və şəbəkələşmiş azərbaycanlı gənc mütəxəssislər qrupu bu məsələni gündəmə gətirmək üçün mənə müraciət etmişdi. Gənclər dövlətin onlara dəstək olmasını istəyirdilər. Bu barədə sosial şəbəkələrdə yazdım da, amma reaksiya olmadı. Demokratik dövlətlər də nəzarəti saxlayırlar, məsələn, ABŞ və Kanadanın adını çəkə bilərəm, bunlar tamamilə leqaldır. Məsələn, İsrail şirkətlərinin Azərbaycandakı fəaliyyəti nə Rusiyanı, nə İranı, nə Türkiyəni qane edir, o zaman bizə bu riskləri artırmaq nəyə lazımdır…?”.
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə fərqli düşünür. Onun fikrincə, əgər yazılanlar kimi olacaqsa, çox doğru yanaşmadır:
“Neft hasilatı onsuz da 2010-cu ildən başlayaraq aşağı düşür. Hazırda isə neftin qiymətinin aşağı düşməsi prosesi gedir və bu bir müddət davam edəcək. İqtisadiyyatın şaxələndirilməsi Azərbaycana hava-su kimi lazımdır. Əks halda ölkənin iqtisadi vəziyyəti daha da pisləşəcək”.
İlham İsmayıl deyir ki, bu prosesin təhlükəsizliklə, konkret olaraq “Peqasus” və Livan olayları (yəqin, peycer partalaması nəzərdə tutulur-red.) ilə əlaqəsi yoxdur və iqtisadi təhlükəsizliyə zəmanət verir:
“Müasir dünyada iqtisadi təhlükəsizlik perspektiv siyasi, hərbi təhlükəsizliyin əsas təminatıdır. Üstəlik, İsrail-Azərbaycan münasibətləri hər iki ölkənin maraqları baxımından bir-birini tamamlayır və təhlükə yaratmır. Əlbəttə, İran bu yaxınlaşmanı qısqanclıqla qarşılayacaq və çalışacaq ki, İsrail şirkətlərinə, hətta onların əməkdaşlarına qarşı təxribat törətsin və iki ölkənin münasibətlərinə xələl gətirəcək başqa addımlar da atsın. Amma indiyə qədər də İran bu tip cəhdlər edib, istədiyinə çatmayıb. İsrailin ölkəmizlə əlaqələrindən bizə yalnız xeyir gələ bilər. Burada yeganə təhlükə İranın təxribatlarının olmasıdır. Əlbəttə, bu cür təxribatları zərərsizləşdirmək üçün ölkənin xüsusi xidmət orqanlarının kifayət qədər təcrübəsi və peşəkarlığı var”.