Ərəstun Oruclu: Azərbaycan faktiki ”Bermud üçbucağı”na düşür

”Rəsmi Bakının Avropada özünə himayəçi axtarması mənasızdır”

Source:


”Rəsmi Bakının Avropada özünə himayəçi axtarması mənasızdır”

Amerika prezidenti Donald Trampın oktyabrın 13-də İran İslam Respublikasını Nüvə Sazişinə əməl etməməkdə, ballistik raket proqramını inkişaf etdirməkdə və ekstremizmi dəstəkləməkdə ittihamı dünya siyasətinin gündəmindədir.

Xüsusilə ABŞ prezidentinin İranı 2 il əvvəl imzaladığı müqaviləni ləğv etməsi barədə xəbərdarlığı diqqətdən yayınmayıb.

“Biz İranın nəticəsi əvvəlcədən bəlli olan zorakı, terrorçu və nüvə təhlükəsi olan yolda davam etməsinə imkan verməyəcəyik. Biz rejimin atom bombası əldə etməsinə imkan verəcək bütün cığırları qapadacağıq,-deyə prezident Tramp bildirib.

Amerika prezident konkret hədəflərdən də danışıb:

“Başlıca hədəf İranın ali dini liderinin “şəxsi korrupsioner terror dəstəsi” olan İran İnqilab Qvardiyası və onun üzvləri olacaq. Əlavə olaraq ABŞ anlaşmada İrana qoyulmuş məhdudiyyətlərin vaxt möhlətini tanımayacaq”.

Ancaq İran prezidenti Həsən Ruhani Tehranın Nüvə Sazişinə yenidən baxılmasına heç vəchlə razı olmayacağını bəyan edib.

“Sazişdən çıxması ABŞ-ın təcrid olunması ilə nəticələnəcək. Çünki sazişə imza atan başqa ölkələr mövqelərini dəyişməyəcək”.

Prezident Ruhani nüvə proqramının dinc məqsədli olduğunu söyləyib.

Nüvə Sazişinin imzalanmasında Avropa Birliyi ölkələri, Çin və Rusiya da iştirak edib.

Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Federiko Mogerini isə Vaşinqtonun Tehranla Nüvə Sazişini təkbaşına ləğv edə bilməyəcəyini bildirib:

“Çünki saziş ikitərəfli yox, çoxtərəflidir. Avropa Birliyi müqaviləyə sadiq qalacaq. Ona görə ki, sənəd bütün tərəflərin, həm də İran xalqının maraqlarına uyğundur”.

İran İslam Respublikasının nüvə proqramının məhdudlaşdırılmasını nəzərdə tutan Nüvə Sazişi 2015-ci ildə imzalanıb.

Nüvə sazişinin imzalanması mərasimi

Sənəd 2025-ci ildən sonra uranın zəngilləşdirilməsinə dair məhdudiyyətlərin ləğvini nəzərdə tutur. Tehranla danışıqlarda ABŞ, Fransa, Çin, Böyük Britaniya, Rusiya və Almaniyadan ibarət P5+1 qrupu iştirak edib.

Sadalanan açıqlamaların fonunda yaranmış vəziyyəti Meydan TV-yə şərh edən ABŞ-da mühacir həyatı yaşayan siyasi icmalçı Ərəstun Oruclu hesab edir ki, Donald Trampın 13 oktyabr çıxışı bölgədə baş verənlərə reaksiya idi:

“Hərçənd, Tramp hələ seçki kampaniyası zamanı İranla Nüvə Sazişini ləğv edəcəyi anonsunu vermişdi. Düzdür, seçki kampaniyasında bu bəyanatın məqsədi anti-İran qüvvələrin dəstəyini qazanmaq idi. Həmin vaxt Donald Tramp Barak Obamanın Kubayla əldə etdiyi anlaşmanı da ləğv edəcəyini demişdi. Ümumiyyətlə, İran məsələsi daim gündəmdə olub, Tramp hələ Ağ Evə çatmamış respublikaçılar Senatda bu ölkəyə sanksiyaların 10 il də uzadılması haqda qərar qəbul etdilər”.

Ərəstun Oruclu düşünür ki, ABŞ xarici siyasəti Tramp Administrasiyası dövründə ciddi uğursuzluqlar yaşamaqdadır: “Məsələnin kökündə prezidentin xarici siyasətə yanaşma tərzi və bunu bilməməsi dayanır. Ən ciddi konflikt isə prezidentin dövlət katibi Tillersonladır, bu, onun xarici siyasətə spesifik yanaşmasından qaynaqlanır”.

Ərəstun Oruclu

Onun fikrincə, İranla bağlı məsələ Yaxın Şərqdə yeni alyansın yaradılması istiqamətində atılan addımlarla nəticələndi. Söhbət Rusiya-Türkiyə-İran alyansından gedir:

“ABŞ açıq şəkildə olmasa da, Şimali İraqda kürd muxtariyyatının müstəqilləşməsini dəstəklədi. İsrail isə kürdlərə açıq dəstək verdi və üstəlik silahlandırdı da. Halbuki, Bərzani rejimi tarixən terrorçu olub. Bu mənada İran və Türkiyə narahat olmaya bilməzdi. Çünki böyük kürd icması İran və Türkiyədə yaşayır, baş verənlər onlar üçün stimuldur. Məsələ ondadır ki, ABŞ-ın başqa addımı da yox idi. Səbəb odur ki, İraqdakı hakimiyyət İrana yaxındır. Beləliklə, Yaxın Şərqdə qarışıq mənzərə yaranıb. Düzdür, Rusiya-Türkiyə-İran ittifaqı hüquqi baxımdan formalaşmasa da, artıq mövcudluğu özünü göstərir və Tramp hakimiyyəti də Yaxın Şərqi itirməkdə olduğunu anlayır. Bu baxımdan gah Türkiyəyə, gah İrana təzyiqlər məhsuldar addımlar deyil, əksinə məlum alyansın yaranmasına təkan verir. ABŞ həmin üçlüyü parçalamaq üçün daha ağıllı siyasət yürüdə bilərdi. Ancaq atılan bütün addımlar bu üç dövlətin müttəfiqlik sazişi imzalamasına doğru aparır. Əslində, İran və Türkiyəyə təzyiqlər Vaşinqtonu bölgədə təklənməsini sürətləndirər. İstər İsrail, istərsə də Səudiyyə Ərəbistanı olsun, bunlar böğlədə güc mərkəzləri deyil. Demək olar ki, bölgənin Səudiyyə Ərəbistanı və Misir istisna olmaqla, qalan dövlətləri İsrailə qarşıdır. Beləliklə, İsrail ən azı siyasi rol oynayan dövlət, müttəfiq kimi çıxış edə bilməz. Avropa Birliyi isə bu məsələlərdən ABŞ-dan ciddi şəkildə məsafə saxlayır. Ümumiyyətlə, Avropa Birliyində Tramp hakimiyyətinə etimad yoxdur. Artıq Avropanın aparıcı dövlətlərində seçki başa çatıb. Yeri gəlmişkən, ABŞ daxilində də Tramp xarici siyasətini tənqid edənlər var. Bugünlərdə sabiq dövlət katibi Hillari Klinton CNN kanalında çox sərt çıxış etdi. Açıq dedi ki, Trampın xarici siyasəti Amerikaya etimadı dağıdır və İranın əl-ayağını açır”.

Gedişatın Azərbaycana təsirinə gəlincə, siyasi icmalçı bildirdi ki, əgər Rusiya-Türkiyə-İran ittifaqı yaranırsa, Azərbaycan faktiki “Bermud üçbucağı”na düşür:

“Bakının nə Vaşinqtonla, nə Təl-Əvivlə, nə də Avropa ölkələri ilə ciddi əlaqələr quracağı görünür. Həm də rəsmi Bakı Avropa siyasətini daim Rusiya ilə razılaşır. Hətta Avropa Birliyinin rəsmi proqramlarına qoşulmaq təklifi ilə bağlı addımları belə Moskva ilə məsləhətləşdikdən sonra atır. Bu şəraitdə Rusiya-Türkiyə-İran anti-ABŞ koalisiyasi yaranırsa, Azərbaycan fərqli siyasət yürüdə bilməz. Düzdür, Bakı Avropada özünə himayəçi axtarır, amma mənasız axtarışdır. Təəssüf ki, həmin üçlüyün əhatəsində yerləşən Azərbaycana heç kimin kömək edə bilməyəcəyi reallıqdır”.

Ana səhifəAnalitikaƏrəstun Oruclu: Azərbaycan faktiki ”Bermud üçbucağı”na düşür