Ərdoğanın irəli addımı

Seymur Həzi

Seymur Həzi, Foto:: Meydan TV

“Səfirlər skandalı“ndan bu cür sıyrılmaq uğur sayılmalıdır

ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Psaki Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 10 Qərb ölkəsinin səfirini ölkədən qovmaqla bağlı çıxışına münasibət  bildirib. Baxmayaraq ki, sözügedən ölkələrdən 7-sinin səfirləri (ABŞ, Hollandiya, Kanada, İsveç, Finlandiya, Norveç, Danimarka) ortaq bəyanat yayaraq Vyana konvensiyasının 41-ci maddəsinə sadiq olduqlarını (diplomatik xidmətdə olduğu ölkələrin daxili işlərinə qarışmamaq) bəyan ediblər.

Ağ Ev nümayəndəsi bildirib ki, onlar insan haqları və demokratiyanın prinsiplərinin pozulması barədə danışığa davam edəcəklər. Bunun ardınca nüfuzlu Qərb mediası subyektləri  baş verən prosesi “qabarma-çəkilmə” kimi qələmə veriblər. Türkiyənin özünün könüllü olaraq qoşulduğu Avropa Şurası hüquq sisteminin  – Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarını icra etmək öhdəliyinindən imtina etməsi, sözsüz ki, onun daxili işi deyil. Əgər bu bir daxili işdirsə, o zaman AŞ-ın daxili işidir. Çünki oraya qoşulan ölkələr öhdəliklərə sadiq qalmağa borcludurlar. Elə isə nə baş verir?

Plan, yoxsa, qəfil əsəb?

Türkiyə prezidentinin Osman Kavalaya münasibətinin sərt olmasının başlıca səbəblərindən biri sözügedən şəxsin demokratiya məsələsinə siyasi mübarizənin bir detalı kimi yanaşmaqdan başqa, buna bir həyat amalı kimi yanaşmasıdır. O, siyasətdən pul qazanmır. Siyasətlə birbaşa məşğul olmur, amma sərvətini siyasi iddiasızlıqla demokratiyanın inkişafına xərcləyir. Belə bir adam avtoritar xarakterli, siyasətdən varlanan şəxslər üçün çox təhlükəlidir.

Birincisi ona görə ki onlar “pis” nümunə olurlar. Belə adamların varlığı həm də siyasi müxalifəti fəaliyyət üçün yaxşı mənada şantaj edir. Başqa tərəfdən isə siyasətdə idealizmin örənəyini yaratmaq “bulanıq suda balıq tutanlar”ı ac qoya bilər.

Ərdoğan permanent qəzəb duyduğu bir adamın nüfuzlu Qərb ölkələrinin səfirləri tərəfindən bu cür dəstək görməsini özünə qarşı qiyam kimi qiymətləndirib. Sözsüz ki, bu dəyərləndirmə doğru deyil. Çünki AİHM qərarlarının icrası  ölkələr üçün siyasi  öhdəlikdir.

Ərdoğanın belə sərt reaksiya verməsi isə düşünülmüş bir plan deyildi. Onun açıqlamasından dərhal sonra bəzi analitiklər bunu növbədənkənar seçki üçün bir taktika olaraq qiymətləndirdilər. Yəni Ərdoğan yenə Qərbi (bu dəfə vəziyyətin ağırlığına uyğun olaraq daha kəskin) hədəfə alır və seçkiyə gedir. Antiqərb əhval-ruhiyyəli cəmiyyətdın səs alır, sonra geri çəkilib, münasibətləri qaydasına qoyur. Ancaq bu versiya özünü doğrultmadığı kimi, həm də xeyli riskli səslənir. Çünki belə bir gərginlik AKP-ni seçkidən çıxarmaya bilərdi.

Türkiyə Xarici İşlər Nazirliyinin addımlarından da göründü ki, baş verən hadisə rəsmi Ankaranın gündəminə də adekvat olmayıb. Çünki Türkiyə elə həmin günlərdə ABŞ-dan yeni F16 döyüş təyyarələri və əlindəki döyüş təyyarələrini yeniləmək üçün ehtiyat hissələri almaq üçün prosedur başlamışdı. Bu baxımdan Türkiyə səfirlərin Vyana Konvensiyasının 41-ci maddəsinə sadiqliklərini  bəyan etməsi ilə razılaşmaya bilməzdi.  Əslində praqmatik və daha uyğun olan da bu idi.

ABŞ “davam” dedi

Yuxarıda xatırlatığımız kimi, Psaki əbəs yerə belə bir fikir səsləndirməyib: “Türkiyə daxil bütün dünyada jurnalistlər və fəalların həbs edilməsi mövzusunda danışmağa davam edəcəyik. Bu mövzuda olduğu kimi, bizi narahat edən məsələləri həm birbaşa və şəxsi təmaslarda həm də ictimaiyyətin qarşısında qaldıracağıq. Türkiyə NATO-da ortaq maraqlarımız olan və bu maraqlar üzərində işləyəcəyimiz bir müttəfiqimizdir”.

Burada həm də Ankaraya ortaq maraqlar xatırladılır. Ankaranın məsələyə son dərəcə soyuq yanaşması və baş verənləri  bir skandala çevirməkdən uğurla yayınması onu deməyə əsas verir ki, burada da Türkiyənin strateji müttəfiqləri və seçimi barədə əlavə suallar yoxdur. Bu baxımdan Ərdoğanın vəziyyətdən belə çıxmasını biz geri deyil, irəlin addım saya bilərik…

Ana səhifəMənim FikrimcəƏrdoğanın irəli addımı