Ərdoğanın Cənubi Qafqaz qambiti

Moskva Qərb qarşısında geri çəkilmək zorundadır. Ankara isə bu fürsətdən yararlanmaq istəyir

Source:


Moskva Qərb qarşısında geri çəkilmək zorundadır. Ankara isə bu fürsətdən yararlanmaq istəyir

Cənubi Qafqaz bölgəsi  dünyanın siyasi şahmat löhvəsində mühüm oyunçu olaraq qalmaqdadır. Ermənistanın Rusiyanın forpostluğundan xilas olmaq cəhdləri fonunda Azərbaycan və Gürcüstanı NATO-ya daha açıq ölkələr kimi səciyyələndirirlər. Düzdür, Tiflisdən fərqli olaraq Bakı hələ də korrupsiyanın tüğyan elədiyi bir paytaxt kimi tanınır və odur ki, onun Avroatlantik məkana yolu heç də hamar deyil. Lakin neft və qan qoxulu siyasət Bakının geosiyasi önəminin azalması ilə müşayiət edilsə də, bölgədə elə proseslər baş verir ki, siyasi müstəvidə kimin hansı gedişləri edəcəyini təxmin etmək qəlizləşir. Rusiya və Qərb tərəfindən küncə sıxışdırılan Azərbaycan yeni “xilas kəməri” axtarmaqdadır. Son vaxtlar bu missiyanı qonşu Türkiyə oynamağa başlayıb. Baxmayaraq ki, Ankara və Bakı arasında viza problemindən tutmuş, Şəhidlər camesinin bağlanmasına qədər kifayət qədər problemlər mövcuddur, Türkiyə bölgədə möhkəmlənmək üçün Cənubi Qafqaza nəzarəti ələ keçirmək istəyir. Gürcüstanla münasibətlər baxımından ciddi bir böhran yaşamayan Ankara İrəvan ilə “Sürux protokolları” çərçivəsində əməkdaşlığı inkişaf etdirmək istəyir. Lakin bu məsələdə Bakının da maraqlarını nəzərə alan Türkiyə bölgədə əməkdaşlığın əsas vektorunun Türkiyə-Azərbaycan, Türkiyə-Gürcüstan münasibətləri olduğunu da anlayır.

Cənubi Qafqazdakı etnik münaqişələr SSRİ-nin dağılmasına səbəb olub. Odur ki, bölgə dünya üçün önəmli bir məkana çevrilib. Regionun mühüm oyunçusu kimi Türkiyə proseslərə daha fəal müdaxilə etmək niyyətini gizlətmir. Rəsmi Ankara rəsmi Bakı ilə əməkdaşlığa da sırf öz maraqları prizmasından yanaşır. Türkiyə artıq “bir millət, iki dövlət”  şüarını pıçıltı ilə səsləndirir. Ankara üçün Bakı, Tiflis, İrəvan eyni dərəcədə maraq kəsb edən tərəfdaşlar kimi səciyyələndirilir. Artıq İslam dünyası üçün örnək olan demokratik Türkiyə modelindən də danışmaq yersizdir. Türkiyə avtoritarizmdən əziyyət çəkən bir məmləkətə çevrilib. Ərdoğan ailəsinin adı ətrafında yaşanan qalmaqallar AKP liderini daha avtoritar etdi. Ərdoğan bütün rəqiblərinin sonunu yaxınlaşdırır və Türkiyədə insanları “Allah mənim ömrümdən kəsib Tayyibin ömrünə calasın” deməyə alışdırırlar. Bir sözlə, Türkiyə inkişafın Azərbaycan modelini seçir.

Ərdoğan xarici siyasətində Rusiya prezidenti Vladimir Putini təqlid etməyə başlayıb. Onun üçün qonşularını nəzarətə götürmək, “yeni Osmanlıçılıq” xəyallarını gerçəkləşdirmək başlıca məqsəddir. Bu ideyanın reallaşması üçün Ərdoğana Azərbaycan və Gürcüstanla hərbi əməkdaşlıq son dərəcə vacibdir. Təsadüfi deyil ki, Türkiyənin Cənubi Qafqazda rolu xeyli artıb. Həm Türkiyə ərazisində hərbi təlim və təkrar təlim komponentindən, həm də Azərbaycan və Gürcüstanın hərbi təhsil sisteminin NATO standartlarına uyğunlaşdırılmasından ibarət olan hərbi kadr hazırlığında Ankaranın fəallığını xüsusilə qeyd etmək lazım gəlir. Ankara güc mərkəzinə çevrilir. Həmçinin, formalaşan hərbi alyansın postsovet məkanında öz maraqlarının müdafiəsi üçün açıq-aşkar hərbi alətdən istifadə edən Rusiyaya qarşı yönəldiyini də hesab edənlər az deyil.

Türkiyənin Cənubi Qafqazdakı tərəfdaşları ilə inkişaf etməkdə olan hərbi əməkdaşlığını, Bakı və Tiflisin NATO ilə genişlənməkdə olan münasibətlərini hələ ki, Qərb və Rusiya neytral izləyir. NATO-nun planları bir sıra hallarda Türkiyə ilə ziddiyyət təşkil edir. Odur ki, bu mərhələdə Ankaranın rolu NATO-nun rəqibi olan Moskvanı qane etməyə bilməz. Rusiyanın cənub sərhədlərində və bütünlükdə Qafqazda radikal islamın güclənməsi fonunda Ankara və Moskva əməkdaşlığı da aktuallığını artırıb. Moskvanın səssiz razılığı olmadan Türkiyə – Azərbaycan – Gürcüstan arasında üçtərəfli hərbi format yaratmaq imkansız olardı.

Digər tərəfdən, Rusiya və NATO-nun regionda status-kvosunun müvəqqəti xarakter daşıması və gələcəkdə gərginliyə gətirib çıxara biləcəyi ehtimalı azdır. Rusiyanın İranın nüvə proqramı üzrə danışıqlarda konstruktiv iştirakı, marşrutların diversifikasiyası vasitəsilə Avropanın enerji təhlükəsizliyi sisteminin formalaşdırılması və neft qiymətlərinin ucuzlaşmasından irəli gələrək, Rusiyanın qlobal iqtisadiyyata cəlb olunması prosesinin sürətləndirilməsi, xarici kapitalın geniş iştirakı ilə daxili islahatlara hazırlıq təhlükəsizlik sahəsində Kremlin Qərblə əməkdaşlığını vacib edir. Yəni, Moskva Qərb qarşısında geri çəkilmək zorundadır. Ankara isə bu fürsətdən yararlanmaq istəyir.

Geosiyasi maraqlar türkçülük və demokratiya anlayışlarını təkzib etməyə başlayıb. Heç də təsadüfi deyil ki, Türkiyə siyasi elitası yalnız Azərbaycan hakimiyyəti ilə əməkdaşlıq edir, bu ölkədə müxalifətin və mətbuatın təqibini görmək belə istəmir. Bir sözlə, Türkiyənin Azərbaycanla bağlı siyasətində demokratiyaya yer ayrılmayıb. Ankara bir güc mərkəzi olaraq maraqları naminə emosiyasız siyasət  yeritmək zorundadır…

Ana səhifəXəbərlərƏrdoğanın Cənubi Qafqaz qambiti