Rusiya prezidenti görüşlər zamanı ticarət əlaqələri və terrorla mübarizə sahəsində müzakirələrin aparılacağını bildirib
Avqustun 9-da Rusiyanın Sank-Peterburq şəhərində Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş başlayıb.
APA-nın məlumatına görə, görüşdə Türkiyə və Rusiyanın xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrov da iştirak edir.
Rusiya prezidenti Vladimir Putin bunun 2015-ci ilin noyabrında Rusiyaya məxsus hərbi təyyarənin türk pilotları tərəfindən vurulmasından sonra ilk səfər olduğunu bildirib. O, iki ölkə arasında münasibətlərin Rusiyaya məxsus hərbi təyyarənin türk pilotları tərəfindən vurulmasından sonra ən aşağı səviyyəyə düşdüyünü deyib: “Türkiyənin çətin günlərində Rusiyaya gerçəkləşdirdiyiniz səfər hər iki ölkənin əlaqələrin normallaşmasında maraqlı olduğunu göstərir və bu, hər iki xalqın marağında olacaq”.
“Rusiya Konstitusiyaya zidd istənilən addımın əleyhinədir” deyən Rusiya prezidenti dövlət çevrilişinə cəhddən sonra Türkiyə prezidentinə zəng edən ilk liderlərdən olduğunu xatırladıb: “Biz hər cür dövlət çevrilişinə qarşıyıq. Sizin rəhbərliyiniz altında Türkiyə xalqının bu vəziyyətdən çıxacağına inanırıq”.
V. Putin təkbətək və geniş formatda keçiriləcək görüşlərdə ticarət əlaqələri və terrorla mübarizə sahəsində müzakirələrin aparılacağını bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında münasibətlərin müsbət mərhələyə keçdiyini deyib: “Atdığımız və atacağımız addımlar daha geniş mərhələyə keçəcək. Masa üzərində ikitərəfli əlaqələrə dair bir sıra mövzular var. Bölgədəki bəzi məsələlərə dair bizim mövqeyimizlə bağlı gözləntilər mövcuddur. Bizim əməkdaşlığımız regionda bir çox problemlərin həllinə kömək edəcək”.