O, müddətin 2 ay uzadıldığını deyir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dəniz taxıl müqaviləsinin daha iki ay uzadıldığını açıqlayıb.
O, bu açıqlamanı razılaşma müddətinin bitməsinə bir gün qalmış verib.
“Qara dəniz taxıl dəhlizi müqaviləsi Türkiyənin səyləri ilə iki ay uzadıldı”, – deyə o bildirib.
Ərdoğan çıxışında Rusiya və Ukrayna liderlərinə, eyni zamanda, BMT Baş katibi Antonio Quterreşə bu işdə kömək və dəstəyinə görə təşəkkür edib.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra dünyada qlobal ərzaq böhranı yaranıb.
Ukrayna dünyanın aparıcı taxıl ixracatçılarındandır və müharibə nəticəsində istehsal və daşıma problemləri ilə qarşılaşmışdı.
Birləşmiş Millətlər Təşkilatı və Türkiyə 2022-ci ilin iyulunda ağırlaşan qlobal ərzaq böhranının həllinə kömək üçün Qara dəniz razılaşmasına vasitəçiliyə başlayıb.
Əvvəlcə 120 günlük alınan razılaşmanın müddəti sonradan uzadıla-uzadıla gedib.
İyulda Rusiyanı Qara dəniz taxıl ixracına icazə verməyə razı salmaq üçün Birləşmiş Millətlər Təşkilatı eyni zamanda Moskvaya üç il ərzində öz kənd təsərrüfatı məhsullarının daşınmasında kömək etməyə razılaşdı.
Türkiyə prezidenti açıqlamanı hakim AK partiya üzvləri qarşısında çıxışı zamanı verib.
O, bu çıxışı edərkən köhnə razılaşma üzrə sonuncu Ukrayna taxıl gəmisi portdan yeni çıxmışdı.
“DSM Capella” gəmisi göyərtəsində 30 min ton qarğıdalı dəni ilə Çernomorsk limanından çıxaraq Türkiyəyə yola düşüb.
Ukrayna razılaşmanın uzadılmasını alqışlayıb, eyni zamanda, ixracı sürətləndirməyin lazım olduğunu bildirib.