Ərdəbildə yenə Qarabağa dəstək aksiyası keçirildi, saxlanılanlar var

20-dək fəalın hara aparıldığı bilinmir

Source: Meydan.TV

İran İslam Respublikasının Ərdəbil şəhərində ikinci gündür Qarabağda gedən savaşda Azərbaycana dəstək aksiyası keçirilir.

“Bir millət arxanızda, Azərbaycan əsgəri!” adlı növbəti aksiya sentyabrın 30-da şəhərin Ciral parkında baş tutub.

Aksiya iştirakçıları Meydan TV-yə deyib ki, İranın Nurduz sərhəd qapısından Rusiya silahlarının Ermənistana göndərilməsi azərbaycanlıların əsəbləşməsinə səbəb olub.

Azərbaycanlılar Rusiya silahlarının İran vasitəsilə Ermənistana daşınmasının videolarını çəkib və sosial mediada “Biz Azərbaycanıq”, “Rus Tırları durdurulsun” həştəqləri ilə paylaşıblar.

120540939_656310791737021_2284597232106527807_n.jpg
Ərdəbildə yenə Qarabağa dəstək aksiyası keçirildi

Aksiyaçıların sözlərinə görə, Ərdəbildə keçirilən mitinq hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dağıdılıb. Döyülən və həbs edilənlər var. 20-dək fəalın saxlanıldığı bildirilir.

Saxlanılanlardan bir neçəsinin adı bəllidir: Əsgər Əkbərzadə, Pərviz Siyabi, Hüseyin Balaxani, Murtaza Pərvin, Mustafa Pərvin, Müctaba Pərvin, Hamid Heydəri Barıs, Məhəmməd Cövlani, Mehdi Huşmənd, Səccad Cövlani, Bəhmən Xeyrcu.

Onların hara aparıldığı məlum deyil.

İran məsələdə tərəfsiz olduğunu bəyan edib. Buna baxmayaraq, Ermənistana göndərilən silahların videosu, azərbaycanlıların saxlanılması aksiyaçılarda İran başçılarının “tərəfsizlik” iddialarına şübhə yaradır.

Ana səhifəSiyasətƏrdəbildə yenə Qarabağa dəstək aksiyası keçirildi, saxlanılanlar var