“Erasmus+” Azərbaycanda fəaliyyətini dayandırır

Foto: Below the Sky\shuttestock

GİPA -nın magistr proqramının da fəaliyyəti dayandırılır

Avropa İttifaqının (Aİ) ən böyük təhsil proqramı “Erasmus+” Azərbaycanda fəaliyyətini dayandırır.

Bu barədə “Milli Erasmus+” ofisinin rəhbəri Pərviz Bağırov sosial şəbəkə hesabında yazıb.

Pərviz Bağırov bildirib ki, proqram çərçivəsində bütün fəaliyyətləri faktiki olaraq qeyri-rəsmi şəkildə dayandırılıb.

“Yüzlərlə ICM tələbə və müəllim mübadilələri, CBHE (Ali Təhsildə Potensialın Gücləndirilməsi) layihələri, “Jean Monnet” təşəbbüsləri və digər “Erasmus+” layihələri ilə bağlı heç bir irəliləyiş yoxdur. Bu o deməkdir ki, yeni layihələr qeydiyyata alınmır, və aktiv olanların belə icrası dayandırılır. Yaranmış vəziyyətlə əlaqədar olaraq “Milli Erasmus+” ofisi də bağlanmaq üzrədir. Bu, proqramın gələcək icrasına ciddi təsir göstərə bilər və ölkəmizdə “Erasmus+” layihələrinin davamlılığına mane ola bilər”, – Pərviz Bağırov deyib.

O, bildirib ki, illərlə bu proqram çərçivəsində yüzlərlə layihə reallaşdırılıb, minlərlə tələbə və müəllim Avropanın nüfuzlu universitetlərində təhsil alıb.

“Milli Erasmus+” ofisinin rəhbəri bildirib ki, faktiki olaraq 27 layihə dayandırılıb.

“Ümumi layihələrin büdcəsi isə 20 milyon manata yaxındır və onların icrasının dayandırılması Azərbaycanın ali təhsil sektoruna və beynəlxalq əməkdaşlığa ciddi təsir göstərəcək.

Bundan əlavə, Erasmus+ layihələrində 32 fərqli Azərbaycan ali təhsil müəssisəsi iştirak edir. Onların Avropa universitetləri ilə qurduğu akademik əməkdaşlıq bu layihələr vasitəsilə formalaşıb və bu prosesin dayanması həmin universitetlərin beynəlxalq fəaliyyətinə ciddi zərbə vura bilər”.

“Bu vəziyyət proqramın Azərbaycandakı rəsmi icrası ilə bağlı yaranmış qeyri-müəyyənlikdən qaynaqlanır və təəssüf ki, hələlik hər hansı konkret həll yolu görünmür. Məsələ ilə bağlı bütün aidiyyəti qurumlara məlumat vermişik və problemin həlli yolu axtarılır. Vəziyyət dəyişərsə, sizi dərhal məlumatlandıracağıq” , – Pərviz Bağırov qeyd edib.

“Erasmus+” proqramı Aİ-nin ali təhsil səviyyəsində maliyyələşdirdiyi ən böyük proqramdır. Adətən yeddiillik dövr ərzində işləyir. Proqram hər dəfə yenilənir və hazırda 2021-2027-ci illəri əhatə edir. Bu proqramın yeddiillik büdcəsi təxminən 30 milyard avro məbləğindədir. İndiyədək təxminən 5 min nəfər azərbaycanlı “Erasmus+” proqramı çərçivəsində Avropada oxumağa gedib.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi Gürcüstanın İctimai Əlaqələr İnstitutunun (GİPA) Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin (QJMİM) jurnalistika və media əlaqələri üzrə magistr proqramının da Azərbaycanda fəaliyyəti dayandırılır.

Proqram artıq təqaüdlə tələbə qəbulu həyata keçirməyəcək. Hazırkı tələbələr öz hesablarına təhsil almalı olacaqlar.

GİPA-da dərslər ABŞ, Avropa Birliyi, Gürcüstan və Azərbaycandan olan müəllimlər tərəfindən aparılırdı.

Bu proqram ABŞ-nin Dövlət Departamenti tərəfindən Açıq Cəmiyyət İnstitutunun əlavə yardımı ilə maliyyələşdirilirdi.

Proqramın məqsədi Qafqazda formalaşmaqda olan demokratik cəmiyyətdə medianın gücləndirilməsi idi.

Ana səhifəSiyasət“Erasmus+” Azərbaycanda fəaliyyətini dayandırır