3 Sentyabr 2016-cı ildə Azərbaycan tarixində ilk inklüziv teatr olan – ƏSA yarandı. Teatrın əsas özəlliyi ondan ibarətdir ki, orada həm əlilliyi olan, həm də heç bir əlilliyi olmayan aktyorlar birgə fəaliyyətdədirlər. ƏSA-nın yaranması böyük coşqu ilə qarşılandı. Həmin anlarda ölkədə baş verən neqativ hadisələrin fonunda belə bir teatrın meydana çıxması, sosial problemlərin müzakirəsinə köklənmiş ölkə ictimaiyyətini xeyli sevindirdi. Sosial şəbəkələrdəki müsbət reaksiyaların çoxluğu və xəbər haqda olan dəstək xarakterli paylaşımlar və müzakirələr insanlarımızın sevincinin aşkar nümunəsi oldu.
Mən də bu ailənin bir hissəsiyəm və bununla fəxr edirəm. 20 noyabr 2016-cı ildə ƏSA, Xəzər Universitetinin 2-ci korpusunda özünün ilk tamaşası ilə 200-dən çox tamaşaçı önünə çıxdı. Həmin gün mənim də səhnədə aktyor kimi ilk debütüm oldu. İçimdə fövqalədə dərəcədə gözəl hisslər vardı. Çətin və məhdud şəraitdə keçən məşqlər sayəsində hazırladığımız tamaşanı onlarla tamaşaçıya nümayiş etdirməli idik. Hazırladığımız tamaşada 4 nəfər aktyor yer almışdı və tamaşa psixo-dram janrında idi.
Aktyorlarımızın hamısında həyəcan olsa da, nədənsə məndə qətiyyən həyəcan yox idi. İçimdə olan sevinc və sevgi hissləri o qədər bolluq təşkil edirdi ki, orada həyəcana yer qalmamışdı. Həmin əhvalım, teatra olan sonsuz ehtiram hissimdən yaranmışdı. Elə bil, aşiq olduğum və illərdir onunla bir yerdə olmaq istədiyim qadınla nəhayət ki, qovuşmuşdum. Başımın üzərində uçuşan xəyali kəpənəklər və günəş şəfəqləri soyuq noyabr ayında mənə çox sevdiyim yay fəslini xatırladırdı. Qulağımda ancaq mənim eşidə biləcəyim həzin bir musiqi səslənirdi.
Səhnəyə çıxanda isə ehtiras məni havalara qaldırmışdı. Uçurdum.. Tamaşaçıların enerjisini hüceyrələrimə qədər duya bilirdim. Onlarla mənim aramda enerji mübadiləsi başlanmışdı. Ruh halım, hansısa məkanda təsadüfən xoşuma gələn bir insanla uzaqdan bir-birimizi görməyimizə və bir-birimizə yaxınlaşmadan müəyyən məsafədən üzümüzdəki məmnunluq ifadəsi ilə enerji mübadiləsinin mənə bəxş etdiyi müsbət elektriklərdən həzz almağıma bənzəyirdi.
Psixo-dram janrında göstərdiyimiz tamaşa qəddar və ağır olsa da, biz uğur qazana, cəlbedici ola bildik. Qürur duyduğum bu hal ilə qətiyyən lovğalanmıram. Bu qazanc, sənətə, mədəniyyətə xidmət etməyimiz üçün cığır açmağımızın və bu yolla irəliləyərək, insanlarımızın işıqlanmasına vasitəçi ola bilməyimiz üçün mənə, eləcə də kollektivimizə verilən möhtəşəm şansın işığının bir zərrəsidir.
Güclü mədəniyyət, güclü cəmiyyət deməkdir. Məqsədimiz ali dəyərə xidmət etməkdir, təbii ki. Aydınlığın miqyasını artırmaqla, bu ölkəni qaranlığın zülmətindən xilas etməyə xidmət etmək ancaq və ancaq şərəf və qürur sayıla bilər. Sözlərim pafoslu görünsə də, tam səmimidir.
ƏSA Teatrının mənə bəxş etdiyi ən böyük xoşbəxtlik isə bu ilin (2017) may ayında oldu. Belə ki, may ayının 2-si, Azərbaycan Teatr Xadimləri İttifaqının binasının tamaşa salonunda nümayiş olunan dahi Uilyam Şekspirin “Yay gecəsində yuxu” əsəri əsasında hazırlanmış “Yuxum” romantik komediyasının premyerası mənə bu işin müqəddəsliyini yenidən dərk etdirdi. Məlumat üçün deyim ki, mayın 2-si baş tutan premyeramıza 450-dən çox tamaşaçı gəlmişdi. Zal ağzınacan dolu idi. Tamaşaya 1 həftə qalmış biletlərin hamısı alınıb, qurtarmışdı. Bir teatr üçün bu çox üstün məqam sayıla bilər. Azərbaycan teatr tarixində son belə hal, Fuad Poladov AzDramanı tərk edərkən, orada oynadığı son tamaşa vaxtı yaşanmışdı.
Nə isə, hər şey bir kənara, məni ən çox xoşbəxt edən, yaşanmış hər müvəffəqiyyətli şeydən və qazanılan uğurlardan daha çox “Yuxum” tamaşasında rol alan Aygün adlı qızın sevinci oldu. 19 yaşlı Aygün bu tamaşada mənim tərəf müqabilim idi. O, hersoqun (mənim) nişanlısı kraliça İppolitanı oynayırdı. Aygünün daun sindromu var və o, çox pozitiv və mehriban qızdır. Ətrafında hamıya müsbət enerji verən Aygünlə sərasər 2 ay bir məşq zalını bölüşdük. Artıq Aygünü 1 gün görməyəndə onun üçün darıxırdıq.
Premyeramız günü səhnə arxasında qaranlıq pərdələrin yanında Aygünlə birgə səhnəyə çıxma anımızı gözləyirdik. Birdən Aygünü bərk həyəcan basdı. Üzündə kədər və gözlərində nəm əmələ gəldi. İki əlini boğazına sürtüb, “boğuluram” deməyə başladı. Sonra isə anasını istədi. Yanımızdakı digər aktyorlar onun başını qatmağa çalışsa da, heç nə alınmadı. Barmağında bərq vuran qəşəng üzüyə diqqət çəkib, fikirlərini dağıtdım. Artıq həyəcan yox idi. Biz səhnəyə çıxdıq. Aygünün ağ libası onu əsl şahzadəyə bənzətmişdi. Aygün, o qədər zərif və füsunkar görünürdü ki, tamaşaçılar gözün ondan çəkə bilmirdi. Məqam düşdükcə onu alqışlayır və ruhlandırırdılar. Aygün isə çox xoşbəxt və qayğısız görünürdü. Tamaşa başa çatandan sonra isə ən çox çiçək məhz Aygünə verildi.
3 Sentyabr, 2017-ci il ƏSA-nın 1 yaşı tamam oldu. Düşünürəm ki, nə yaxşı ki, fiziki məhdudiyyətli insanları cəmiyyətə inteqrasiya etməyə vasitəçi olan ƏSA Teatrı yaranıb. Mənə görə bizim ən böyük uğurumuz Aygünün sevincidir..
Bol sevinclər!