Əngəlli insanlara “ayı xidməti”…

Dilənmək normaldır, pis olan təkcə pilləkəndir?

Source:


1 noyabrda keçiriləcək deputat seçkilərinə sayılı günlər qalıb. Namizədlərin çoxunun şüarları ölkənin ağır dönəmində az da olsa, adamın dodağına gülüş qondurur. Onların seçki posterləri komediya janrında filmlərin posterlərindən seçilmir. Vəziyyət elə gərgindir ki, gülüşə həsrət xalq yumor ehtiyacını belə şeylərlə ödəyir. Namizədlərə buna görə “sağ ol” düşür. Keçək əsas mətləbə.

Dünən deputatlığa namizəd bir xanımın facebook-da guya əlilliyi olan vətəndaşları düşünüb, çəkdirdiyi videoçarxı izlədim. Biabırçılıq. Deməli, əlil arabasında oturan bir cavan oğlanın boğazından kağızda “lalam, karam, kömək edin” yazılıb və o məzlum şəkildə əlin açıb, parkın ortasında pul dilənir. Birdən onun yanından keçən qızın cibindən yerə pul düşür. Fərqində olmayan qız öz yoluyla gedərək parkdakı pilləkanlarla aşağı düşür.Bunu görən dilənçi oğlan yerdən pulu götürür və qızın arxasıyla gedir ki, pulu ona geri versin.

Pilləkanlara çatanda isə təbii olaraq aciz vəziyyətdə qalır. Çünki parkda əlil arabasından istifadə edən şəxsləri nəzərə almayıblar. Pandus yoxdur ki, gedib qıza çatıb, pulu versin. Həm məzlum, vicdanlı obrazı ilə seçilən dilənçi pilləkanların üst tərəfində əlindəki pulu qabağa uzadır. Amma danışa bilmir ki, qızı səsləsin. Videonun sonunda isə ekranda belə sual əmələ gəlir:

“Mən burdan necə düşüm?”

İndi, gəlin, bu biabırçı videoçarxı təhlil edək. İlk görüşdən Türkiyədə 80-90-cı illərdə ekranlaşdırılan “Yeşil Cam” filmlərini xatırladan videoçarx psevdosentimental təsir yaratmağa xidmət edir. Bir çox izləyici hətta süjet xəttinə bəraət qazandıra bilər ki, videorolik yaxşı niyyətlə çəkilib. Amma dostum Sevda Səfərəliyeva demişkən – bu yaxşı yemək bişirib, içinə tüpürməyə bənzəyir.

Çarxın zərərli nüanslarını qeyd edim. Baxın, video öz-özlüyündə ən əsas onu göstərir ki, əlilliyi olan bir şəxsin dilənməsi problem deyil. Problem parkdakı qeyri-müəssər infrastrukturdadır. Bu video hökümətin əlilliyi olan şəxslərə analoqsuz “qayğısını” bir daha öz çılpaqlığı ilə əyani şəkildə göstərir.

Videoya gələn şərhlər də videonun özü kimi biabırçıdır. Heç kim əlilliyi olan bir gəncin “regionun lider” ölkəsində nə üçün diləndiyini soruşmur. Yəni cəmiyyət əlil arabasından istifadə edən birini dilənçi kimi görür. Hər dəfə küçədə, bayırda, şəhər mərkəzində insanlar istifadə etdiyim əlil arabama görə yazıq nəzərlərlə baxır, dilənçi zənn edib, pul uzadırlar. Düşünürəm, indiyə kimi o pulları götürsəydim, özümə bir dənə bahalı avtomobil almış olardım. Bax, ona görə də, xalqın psixologiyasına yaxşı bələd olan dilənçilər cəmiyyətin gözündə “faciə” simvolu sayılan əlil arabasından istifadə edərək, dilənirlər.

Millətin çoxu isə əlil arabasından ölümdən qorxan kimi qorxur. Yaza-yaza ində gündəlik ictimai yerlərdə mənə yönələn bərəlmiş gözlər yadıma düşür. Bəziləri hərdən elə baxır, sanki əlil arabasında oturan biri canlarını almağa gələn Əzrayıldır. Gözlər bərəlir, az qalır hədəqəsindən çıxsın. Mingəçevirdə yaşayan, əlil arabasından istifadə edən tanışım şəhərin mərkəzində bir nəfər qadının ona o cür baxmasından sonra evdən bayıra çıxmır. Hamının iradəsi o baxışlara tab gətirə bilmir.

Dilənçilik – xislətdir, yəni hər ehtiyacı olan insan acından ölsə belə, dilənçilik etməz. Burda qürur məsələsi var. Keçən dəfə Ukraynadan qonaqlarımız vardı. Onlardan biri əlil arabası istifadəçisidir. Hətta ona da şəhərin mərkəzində dilənçi zənn edib, pul uzatmışdılar. “Tarqovu”da son dəfə gəzəndə azı 5-6 dilənçi gördüm. Guya əlillikləri var. Onların çoxu fırıldaqçıdır. Gəzə bildikləri halda, əlil arabasına otururlar ki, millətə “atsınlar”. Onlar bu xalqın zəif yerin bilirlər. Belələrinə görə bizi də dilənçi zənn edirlər.

Qayıdaq, həmin videoçarxdakı “lalam, karam”terminlərinə. Ən dəhşətlisi, bilirsiniz, nədir? Bu xalqın əksər nümayəndələri həm guya əlilliyi olan birinə yazığı gəlir, mərhəmətlə davranır, həm də ətrafındakıları təhqir etmək üçün “şikəstsən, korsan, karsan?” və s. deyir. Həmin videoçarx həm də normalda maarifləndirməyə xidmət etməli idi. Amma əksinə, əlilliklə bağlı yalnış terminologiyanın növbəti təbliğinə imza atdı.

Televiziya insanlara təsir edən ən güclü və unikal vasitələrdən biridir. Bizim telekanalların hətta özünü intelligent və intellektual hesab edən aparıcı və jurnalistləri də, hamısı bir ağızdan əlilliyi olan insanlara aid tamamilə yanlış terminologiyadan istifadə edir. Faktiki olaraq, TV-lərin təsir gücü öz nəticəsin göstərir ki, siravi camaat da guya mədəni və ədəbi formaya riayət edərək fiziki məhdudiyyətli şəxslərə “fiziki qüsurlu” deyir.

Ay jurnalist, sən nə üçün Azərbaycan dilinin izahlı lüğətində “nöqsan, ayıb” mənasını verən ifadəni mənə yarlıq olaraq yapışdırmalısan? Qüsurlu məhz sənin peşənə yanaşmağındır ki, o ifadənin mənasını bilmirsən. Bu yaxında Namiq Hüseynov dünyaca məşhur əlilliyi olan motivator Nick Vujicic-in “Life without limits” kitabını dilimizə tərcümə edib. Əla təşəbbüsdür, çox təqdir edirəm, amma kitabda əlilliklə bağlı çoxlu səhv terminlərdən istifadə olunub. “Əlil”in ”kor”un biri bir qəpik. Bununla onu oxuyan bir çox insan əlilliklə bağlı səhv terminologiyaya yiyələnəcək.

Əziz insanlar, lütfən, diqqət!

Hər hansı psixoloji problemi olan birinə “psix” deyə müraciət etmək necə yanlış və qeyri-etik səslənirsə, fiziki məhdudiyyəti olan birinə də “əlil” deyə müraciət etmək o cür səslənir. Bilmədən bizə “fiziki qüsurlu” deyirlər. “Qüsur” Azərbaycan dilinin izahlı lüğətində “nöqsan, ayıb” mənasına gəlir. Mən şəxsən əlilliyimə görə özümü nöqsanlı saymıram. Görməyənə “kor”, eşitməyənə “kar” deyirsiniz. Olmaz axı. Həə, bir də bizlərlə müayisədə heç bir əlilliyi olmayan bir insana “normal” və ya “sağlam” deyirsiniz. O ifadələrin əksi “anormal” və “xəstə” sayılır. Biz nə xəstə, nə də anormalıq!

Dünya çapında qəbul olunmuş düzgün terminologiya:

“Əlil” yox ,”əlilliyi olan insan”. “Fiziki qüsurlu” yox, “fiziki məhdudiyyətli”. “Kor” yox, “görmə məhdudiyyətli”. “Kar” yox, “eşitmə məhdudiyyətli”. “Sağlam” və ya “normal” yox, “əlilliyi olmayan” və ya “tipik insan”.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəƏngəlli insanlara “ayı xidməti”…