Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan qaz marşrutu xeyli genişlənib. Hazırda Azərbaycan qazını almaq üçün 12 ölkə ilə razılaşma əldə olunub. Son olaraq, Ukraynanın “Naftoqaz Ukrainı” Milli Səhmdar Cəmiyyəti ilə Azərbaycanın SOCAR şirkəti arasında qaz alqı-satqısına dair ilk müqavilə imzalanıb.
AZƏRTAC bu barədə “Naftoqaz Ukrainı”nın mətbuat xidmətinə istinadla xəbər verir.
Məlumata görə, Bolqarıstan–Rumıniya–Ukrayna sərhədi marşrutu üzrə Trans-Balkan dəhlizi ilə ilk dəfə sınaq qaz təchizatı həyata keçirilir.
“Bu, uzunmüddətli əməkdaşlığa yol açan kiçik, lakin strateji əhəmiyyətli addımdır. Həmçinin təchizat mənbələrinin şaxələndirilməsi və Ukraynanın enerji təhlükəsizliyinin gücləndirilməsinin daha bir nümunəsidir”, – deyə “Naftoqaz” İdarə Heyətinin sədri Sergey Koretski bildirib.
Rusiyanın qaz infrastrukturunu atəşə tutması səbəbindən Ukrayna qaz hasilatını azaldıb. Bu il Ukrayna Avropadan böyük həcmdə qaz idxal etmək məcburiyyətində qalacaq.
İyun ayında sabiq energetika naziri German Qaluşenko bildirmişdi ki, Ukraynanın anbarlarına vurulacaq idxal qazının minimum həcmi 4,6 milyard kubmetr təşkil edir. İyun ayına olan məlumata görə, 2,9 milyard kubmetr “anbarlara vurulacaq dəqiq idxal olunan qaz” üzrə müqavilə bağlanıb. Bu müqavilələr maliyyə baxımından da təsdiqlənib.
Qeyd edək ki, SOCAR ötən ay Almaniyanın dövlət enerji şirkəti SEFE (Securing Energy for Europe) ilə təbii qaz alışı üzrə 10 illik müqavilə imzalayıb. İllik tədarük həcminin mərhələli şəkildə artırılaraq təxminən 1,5 milyard kubmetrə çatdırılması planlaşdırılır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycan 2024-cü ildə 25,7 milyard kubmetr təbii qaz ixrac edib. Bunun 12,7 milyard kubmetri Avropanın, 9,8 milyard kubmetri Türkiyənin, 3,2 milyard kubmetri isə Gürcüstanın payına düşür. 2030-cu ilə qədər Azərbaycanın dünya bazarına qaz tədarükünün 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.
Azərbaycanın enerji layihələrində iştirak coğrafiyası Yaxın Şərqə doğru genişlənir. Bir neçə gün əvvəl SOCAR ilə Suriya hökuməti arasında Anlaşma Memorandumu imzalanıb. Bu sənəd Azərbaycanın təbii qazının Türkiyə üzərindən Suriyaya ixracını nəzərdə tutur. Eyni zamanda, Suriyanın enerji resurslarının istismarına SOCAR da cəlb oluna bilər.
Azərbaycanın enerji layihələrinin coğrafiyasının genişlənməsi regionda siyasi gücünü artırır. Bu siyasi güc həm daxili, həm də xarici siyasətə hansı təsirləri göstərir?
Azərbaycanın enerji layihələrinə dair coğrafiyasının genişlənməsini MeydanTV-yə şərh edən siyasi şərhçi Rauf Mirqədirov bildirib ki, ixrac olunan qaz həcmi Avropa üçün strateji əhəmiyyətli böyük bir bazar sayıla bilməz:
“Azərbaycanın bu yaxınlarda Almaniya ilə bağladığı enerji sazişi Berlində ciddi səs-küy yaratdı. Almaniyada bəzi qruplar Azərbaycanla əməkdaşlığı məqbul hesab etmirlər və ölkəmizdəki daxili siyasi problemləri gündəmə gətirirlər. Onlar bildirirlər ki, Azərbaycanda demokratiya və insan haqları ilə bağlı problemlər var və bu enerji layihələri İlham Əliyevin əlinin gücləndirilməsinə gətirib çıxaracaq. Düzdür, müqavilə ratifikasiya olundu, çünki bu, Almaniyanın maraqlarına cavab verirdi. Amma bir məsələni nəzərə almaq lazımdır ki, Azərbaycanın qaz yataqları geniş həcmli ixracata imkan vermir”.
Mirqədirov əlavə edib ki, Azərbaycanın Avropaya ixrac etdiyi 12 milyard kubmetr qaz, bu coğrafiya üçün ciddi bir həcm sayılmır:
“Müqayisə üçün, ən yaxşı dövrlərdə Rusiya Avropaya illik 140–150 milyard kubmetrlik qaz ixrac edirdi və bu, ümumi istehlakın 40–45 faizini təşkil edirdi. Azərbaycan isə bu həcmin heç 10 faizini belə təmin edə bilmir”.
“Azərbaycan hazırda ixrac etdiyi qazın bir hissəsi Rusiyadan alınan qazın hesabına həll olunur. Azərbaycan daha ucuz qiymətə Rusiyadan və digər ölkələrdən qaz alır, öz qazını isə Avropa bazarına çıxarır. Bu baxımdan Azərbaycanın qaz ehtiyatları həcminə görə vacib enerji ixracatçılarından yalnız biri hesab edilə bilər, amma əsas ölkə deyil”-siyasi şərhçi vurğulayıb.

R.Mirqədirov bildirib ki, Azərbaycan yalnız o zaman geniş mənada geosiyasi marağa çevrilə bilər ki, Orta Asiyanın enerji resursları üçün tranzit ölkəyə çevrilə bilsin:
“Belə bir şəraitdə Azərbaycanla çoxlu müqavilələr bağlana bilər, lakin real ixrac həcmlərinin artırılması üçün Azərbaycan tranzit ölkə kimi imkanlarını tam şəkildə istifadə etməlidir. Bu halda Azərbaycan və Cənubi Qafqaz çox vacib bir xəritəyə çevrilə bilər, region çox vacib geosiyasi təsir gücünə malik ola bilər. Lakin hələlik bu məsələ həll olunmayıb”.
O ki qaldı neft-qaz sektoruna yatırımlara, politoloq bildirir ki, bu investisiyaların geosiyasi proseslərə təsir imkanları zəifdir. Xüsusilə, SOCAR-ın xaricdəki yatırımları və Qərb şirkətlərinin Azərbaycana kapital qoyuluşu ölkəyə müəyyən təsir imkanları qazandırır, lakin bunlar həlledici xarakter daşımır.
“Enerji layihələrinin coğrafiyasının genişlənməsi Azərbaycanın hakimiyyətinin siyasi mövqeyinin güclənməsinə təsir göstərə bilər. Avropa üçün ildə 12 milyard kubmetr qaz həlledici olmasa da, mövcud şəraitdə tədarükü lazımdır. Belə olan halda, enerji razılaşmaları Avropa İttifaqının Azərbaycana münasibətinə müəyyən təsirlər göstərir. Hazırda Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərdə insan haqları və demokratiya həlledici faktor deyil. Onlar hazırda Orta Asiyadan enerji daşıyıcılarının Orta Dəhliz vasitəsilə daşınmasının genişləndirilməsi, bu regionun sabitləşdirilməsi və Rusiya təsirindən çıxarılması istiqamətində işləyirlər. Bu isə, sözsüz ki, Azərbaycan hakimiyyətinə xarici siyasətdə yeni imkanlar yaradır. Nəticədə, hakimiyyət bu imkanlardan istifadə edir. Bunun bir hissəsi Azərbaycanın maraqlarına xidmət edir, digər hissəsi isə ölkədəki mövcud daxili vəziyyətin formalaşmasına təsir göstərir,” – deyə R.Mirqədirov qeyd edib.
Post-müharibə dövründə Rusiya qazının Avropa bazarına yenidən çıxışı Azərbaycanın enerji layihələri ilə bağlı razılaşmalarına təsir göstərə bilərmi?
Siyasi şərhçi qeyd edir ki, Rusiyanın bazarı yenidən ələ keçirməsi hələlik mümkün görünmür. Onun fikrincə, dünya enerji bazarının öz qaydaları var və bu bazarda yer tutmaq asan məsələ deyil, bu, bəzən illərlə vaxt tələb edir.
“Rusiyanın Avropa bazarında aparıcı mövqe tutmasının əsas səbəbi hələ sovet dövründə həmin qaz kəmərlərinin çəkilməyə başlaması idi. Daha sonra Almaniyanın sabiq kanslerləri Şröder və Merkelin yürütdüyü siyasət, xüsusilə ‘Şimal Axını-1’ və ‘Şimal Axını-2’ layihələri Rusiyanı Avropa bazarında inhisarçıya çevirdi. Hətta bəzi Avropa ölkələrində enerji bazarının 70–90 faizini Rusiya təmin edirdi. Lakin indi bu bazardan Rusiya tədricən çıxarılır və digər mənbələrlə əvəz olunur. Rusiya inhisarına son qoyulur. Avropa İttifaqının hədəfləri arasında 2030-cu ilə qədər Rusiya qazından tamamilə imtina etmək də yer alır. Əgər bu plan gerçəkləşərsə, Rusiya Avropa bazarından tamamilə sıxışdırılıb çıxarılacaq. Müharibə başa çatsa belə, Rusiyanın enerji bazarında əvvəlki mövqeyini bərpa etməsi çətin olacaq. Çünki bazardan çıxarılmaq kifayət qədər çətin prosesdirsə, geri dönmək ondan da çətindir. Birincisi, müharibənin bitməsi sanksiyaların tam aradan qaldırılması anlamına gəlmir. İkincisi, bu, Avropa üçün ciddi dərs oldu. Avropa başa düşdü ki, enerji sahəsində Rusiya ilə əməkdaşlıq siyasi fəsadlar doğurur. Rusiya bu əməkdaşlıqdan təzyiq aləti kimi istifadə edir”.
Siyasi şərhçi bildirir ki, hazırda Avropa İttifaqı ərazisində alternativ enerji mənbələrinə keçid də gündəmdədir.
“Bu sahə inkişaf etdikcə və qazdan imtina tendensiyası gücləndikcə, Rusiyanın əvvəlki bazarlara qayıtması daha da çətinləşəcək. Digər tərəfdən, hazırda sabitləşmiş bir enerji bazarı mövcuddur. ABŞ-dən və Şimali Afrikadan mayeləşdirilmiş qaz, Azərbaycan üzərindən isə təbii qaz idxal olunur. Sabitləşən iqtisadi əlaqələrdən imtina etmək düzgün deyil. Buna görə də düşünmürəm ki, post-müharibə dövründə Azərbaycan qazı üçün ciddi bir problem yaşanacaq,” – deyə siyasi şərhçi vurğulayıb.