“Ən yüksək postda olanlar Kremlin tapşırıqlarını həyata keçirirlər” (VİDEO)


Bəxtiyar Hacıyev: “İlham Əliyevin özü anlamalıdır ki, güclü vətəndaş cəmiyyəti olsa, bu, ona Rusiyanın təzyiqlərindən qorunmaq üçün də faydalı olar”

Avqustun 8-də və 9-da Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri Soçidə görüşəcəklər. Bu görüş haqqında əsas versiyalardan biri Moskvanın Bakını Avrasiya İttifaqı və Gömrük Sazişinə razı salmaqdır. Bütün bunların fonunda Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyətinə qarşı təzyiqləri davam etdirir. Gənc fəal Bəxtiya Hacıyevlə söhbətimizdə yaranmış mövcud vəziyyin yaratdığı suallara cavab almağa çalışdıq.



Bəxtiyar bəy, sizinlə söhbət etdiyimiz anlarda tanınmış hüquqşünas İntiqam Əliyev Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsində dindirilir, ardınca mənzilində və ofisində axtarış başlayıb. Paralel olaraq avqustun 8-də və 9-da Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşü keçiriləcək. Amma bu ərəfədə  atəşkəs pozuldu, itkilər oldu və ölkə daxilində həbslər davam edir. Bütün bu hadisələr arasında əlaqə varmı?

–         Düşünürəm ki, son bir neçə ayda baş verən hadisələr bir-biriylə əlaqəsiz deyil. Əvvala, rusiyalı ekspertlər nəyin bahasına olursa- olsun Azərbaycanı Avrasiya İttifaqına sürükləmək istəklərini gizlətmirlər. Ona görə cəbhə bölgəsindəki son qarşıdurmanın Rusiya tərəfindən təşkil olunduğunu hesab edirəm. Çünki Ermənistanın bu miqyasda atəşkəsi özbaşına pozması mümkün deyildi. Bəzilərinin atəşkəsi Azərbaycan tərəfindən pozulması barədə fikirləri inandırıcı deyil. Səbəb də odur ki, Ali Baş Komandan və müdafiə naziri ölkədə olmayıb.  Ümumiyyətlə, Azərbaycan cəmiyyətinin əsgərlərin şəhid olmasına reaksiyası çox həssasdır. Yəni hakimiyyətin marağında deyil ki, əsgərlər ölsün.



Ancaq Prezident Adminstrasiyasının rəsmisi Novruz Məmmədov da Ermənistanın Azərbaycan prezidentinin ölkədə olmamasından istifadə edərək atəşkəsi pozduğunu demişdi…

–         Düzdür, bu, cəbhədə gərginliyin məqsədli şəkildə yaradıldığını göstərir. Məqsəd odur ki, bu gərginlikdən Soçi görüşündə Azərbaycan hakimiyyətinə təzyiq aləti kimi istifadə edilsin. Bu, Avrasiya İqtisadi İnstitutunun rəhbərinin çıxışında da aydın göründü,  açıq şəkildə münaqişənin həllinin yeganə yolu Azərbaycanın Gömrük Sazişinə və Avrasiya İttifaqına üzv olmasını göstərmişdilər. O cümlədən, çoxlarının təlxək hesab etdiyi Vladimir Jirinovski bəyanatında Qarabağ məsələsinin həllinin Rusiyanın iradəsindən asılı olduğunu demişdi. O, bildirmişdi ki, Putin hansı qərarı versə, Qarabağın taleyi də elə olacaq. Siyasi həbslərə gəldikdə, bu da prosesin bir hissəsidir. Fikir verin, yalnız Qərb institutları ilə əməkdaşlıq edən, ABŞ və Avropanın müxtəlif fondlarından qrant alıb vətəndaş cəmiyyətinin formalaşmasına dəstək olan insanlar həbs edilirlər. Hesab edirəm ki, Azərbaycanın Gömrük Sazişinə üzv olması üçün etirazı təşkil edə biləcək bütün qüvvələri indidən susdurmağa çalışırlar.



Bu fikriniz o anlama gəlmir ki, daxildə həbslər aparan hakimiyyət Gömrük Sazişinə üzv olmağa meyllidir?

–         Məlumata görə, hakimiyyətin ən yuxarı eşalonu sazişə qoşulmağa maraqlı deyil.



Konkret kim?

–         Məsələn, mən İlham Əliyevin Avrasiya İttifaqına maraqlı olmadığını və bugünə qədər də müxtəlif formalarda müqavimət göstərdiyini bilirəm.



Hansı tərəfə qarşı, “beşinci kalon”a, yoxsa Rusiya müqavimət göstərir?

–         Hər ikisinə qarşı. Heç kimə sirr deyil ki, Azərbaycanın ən yüksək postlarında olan bəzi insanlar birinci növbədə Kremlin maraqlarını və tapşırıqlarını həyata keçirirlər.



Gəlin, konkretləşdirək,  həbslərə İlham Əliyevin razılığı olub, yoxsa onun iradəsindən kənar olub?

–         Mən onu bilmirəm. Sadəcə, onu bilirəm ki, İlham Əliyevin özü anlamalıdır ki, bəlkə anlayır ki, əgər güclü vətəndaş cəmiyyəti olsa, bu, ona Rusiyanın təzyiqlərindən qorunmaq üçün də faydalı olar. Çünki Ukraynada Yanukoviçə təzyiqlər olanda, o, Maydanı göstərərər “mən Gömrük Sazişinə qoşulmaq istəyirəm, amma əhali etiraz edir” – deyirdi. Əgər son həbslər İlham Əliyevin razılığı ilə baş verirsə, o, özü başa düşməlidir ki, sabah onun bu arqumenti əlindən çıxır. Yəni o, Putinlə görüşdə “sazişə imza atmaq istəyirəm, amma vətəndaş cəmiyyəti razılıq vermir” – deyə bilməyəcək. Çünki vətəndaş cəmiyyətinin bu gün ən fəal insanları artıq həbsdədir.



Bəs vətəndaş cəmiyyətindən sonra  hansı sektoru təzyiqlər gözləyir?

–         Siyasi partiyaların vəziyyəti məlumdur, partiyalar təsirli düşərgə şəklində fəaliyyət göstərə bilmir. Ortada vətəndaş cəmiyyəti institutları, müstəqil QHT-lər, ayrı-ayrı fərdlər vardı ki, onlar öz fəaliyyətləri ilə istiqamət verirdilər. Onlardan sonra çox güman ki, media tam nəzarət altına alınacaq. Onsuz da mətbuatın böyük hissəsi hakimiyyətin nəzarəti altındadır. Ancaq tək-tək olsa da, müstəqil fəaliyyət göstərən saytlar və online televiziyalar var. Çox güman ki, bu prosesdən sonra onlara hücumlar başlayacaq.



Bu gedişlə Azərbaycan hakimiyyətinin Avrasiya İttifaqına və Gömrük Sazişinə qoşulacağını güman edirsinizmi?

–         Mən güman etmirəm. Sadəcə, təzyiqlər çox güclü olacaq. Çünki Rusiya Ukraynadakı mövqelərini itirib və Qərbin sanksiyaları ilə üz-üzə gəlib. Avrasiya İttifaqının uğurlu layihə olması üçün Ukraynanın qurumda olması vacib idi. Amma Rusiya Ukraynanı itirdi. Gürcüstan, Ukrayna və Moldova Avropa Birliyi ilə assosiativ saziş imzalayıb. Yəni Avrasiya İttifaqının gələcəyi üçün qərar verməli olan yeganə tərəf Azərbaycandır. Ona görə Rusiya bütün imkanlardan istifadə edərək Azərbaycanı Avrasiya İttifaqına və  Gömrük Sazişinə cəlb etməyə çalışacaq.



 Ümumiyyətlə, Azərbaycan bu qurumlara üzv olsa, itirdikləri və qazandıqları nədən ibarət olacaq?

–          Azərbaycan elə bir mərhələyə gəlib ki, tərəf seçməlidir, ya Avropa Birliyi ilə əməkdaşlıq, ya da Rusiyanın təşəbbüsüylə yaranmış Avrasiya İttifaqına üzv olmalıdır. Avropa Birliyinin 50 illik təcrübəsi var və sınanmış modeldir. Avrasiya İttifaqının və Gömrük Sazişinin gələcəyi isə hələ “dumanlıdır”. Başqa tərəfdən, Avropa Birliyinə üzv olan 28 dövlətin 500 milyondan çox istehlakçısı var, bu, dünyanın ən böyük bazarına çıxış deməkdir.



Ancaq Rusiya Avropa ölkələri mallarına qadağa qoydu…

–         Bu, ilk növbədə, Rusiyanın özünə ziyan olacaq. Təsəvvür edin ki, bir tərəfdə dünyanın ÜDM-in 26 faizi olan Avropa Birliyi, o birisi tərəfdə ÜDM-i heç 5 faizdən aşağı olan Avrasiya İttifaqı. Bütün istiqmaətlərdən müqayisə edəndə, Azərbaycan cəmiyyəti üçün çətin olmur ki, “nəyə görə Avropa Birliyi ilə yox, məhz Avrasiya İttifaqı ilə əməkdaşlıq etməliyik” sualına cavab tapsın. Yalnız iqtisadi yox, insanların sosial və rifah durumlarına da nəzər saldıqda eyni cavabları alacayıq.



Amma Azərbaycan cəmiyyətində sovet-rus nostalgiyası da var…

–         Bu nostalgiya yaradılıb, Rusiyanın təbliğat maşınları Bakıda çox yaxşı işləyirlər. Bunu sosial şəbəkələrdə də görmək olur. Onlar elə düşünürlər ki, Azərbaycan prezidenti Soçidə saziş imzalayıb Avrasiya İttifaqına üzv olsa, Rusiya işğal olunmuş torpaqlarımızı azad edəcək. Amma başa düşməlidirlər ki, Rusiya qonşuluğunda güclü və müstəqil dövlətlərin olmasını istəmir. Amma Avropanın marağında olub ki, Rusiyanın ətrafında güclü və müstəqil dövlətlər olsun. Çünki Avropa ilə əməkdaşlıqda hər iki tərəfin qazandığı situasiya var, buna “win-win” deyirlər. Yəni sizin güclü olmağınız həm də bizim marağımızdadır. Amma Rusiya ilə münasibətdə oyunlar nəzəriyyəsində olan “zero sum” nəticəsi var. Bu, o deməkdir ki, bir tərəf nə qədər qazanırsa, o biri tərəf o qədər itirir, müsbətlərin mənfi ilə cəmi sıfra bərabər olmalıdır. Heç kimə sirr deyil ki, Rusiya öz maraqlarını Azərbaycana qurban verəsi deyil.



O zaman həbslərə hələ bəyanatlarla reaksiya verən və Soçi görüşünü alqışlayan Qərbin mövqeyi necə görünür?

–         Onlar çox böyük mərhələyə qədər həmişə təcrid etmək, yaxud tənqidlərlə tərəfləri uzaqlaşdırmaq əvəzinə təşviqedici bəyantlar verirlər. Onlar təşviqedici bəyanatları daha təsirli hesab edirlər, nəinki təcridedici bəyanatları. Bəlkə də Rusiya Qərbin Azərbaycandakı son həbslərə çox sərt reaksiya verməsini istəyir. Bununla da Azərbaycanla Qərb arasında reaksiya korlansın və Bakı üçün Avrasiya İttifaqına, Gömrük Sazişinə daxil olmaq o qədər də çətin olmasın. Susqunluğun səbəbinin biri budur ki, Qərb münasibətlərin korlanmasını istəmir, son həbslərin və cəbhədəki olayların təxribat olduğunu düşünür.



Münasibətlərin korlanmasında hansısa elementlər görünürmü?

–         Hələ Qərb tərəfdən yox, Azərbaycan tərəfdən də ciddi müşahidə yoxdur.



Əliyevin Ağdamda verdiyi bəyanatı Soçi görüşü ərəfəsində Sarkisyana təzyiq hesab edənlər var, necə düşünürsünüz?

–         Təzyiqdən daha çox mesaj kimi qəbul etmək lazımdır. Hətta Əliyevin sonuncu twitte-lərinə baxsanız, çox açıq şəkildə mesajlar yazmışdı. Bunlar Soçi səfərindən əvvəl Ermənistan və Rusiyaya mesaj idi ki, hərbi müdaxilə yolu ilə bizə təzyiq edə bilməzsiniz, özümüzü qorumağa hazırıq. Bununla Əliyev Soçi görüşündən əvvəl təzyiqlərə hazır olduğunu ifadə etdi. Həm də təzyiqlərə hazır olmaq da, məntiqlidir, çünki Rusiya Ukraynada bütün gücünü səfərbər etməyinə baxmayaraq, hələ də çox kiçik ərazidə üstünlük əldə edə bilməyib. Yeganə yol Rusiyanın öz qoşunları ilə hərbi müdaxiləsidir ki, nəsə qazana bilır. Belə bir vəziyyətdə  Azərbaycan hakimiyyətinin  ikinci cəbhə açması Rusiyaya sərf etmir. Çünki belə olacağı təqdirdə, Qərbin Moskvaya sanksiyaları daha da sərtləşəcək, Azərbaycana isə dəstək güclənəcək.



Amma Rusiya gözlənilməz ölkədir…

–         Gözlənilməz ölkə olsa da, Rusiyadakı insanlar da ağılsız deyil. Çox böyük risklərə getsələr də, riskləri hesablayırlar.



Ümumiyyətlə, Kremlin Bakıya Qarabağ məsələsindən başqa hansı təzyiq mexanizmləri var?

–         Kifayət qədər çoxdur. Rusiyanın Azərbaycanda böyük agentura şəbəkəsi var, hətta politoloq Hikmət Hacızadə onların sayının 100 minlərlə ölçüldüyünü deyirdi. 100 minlərlə olmasa da, 5 min nəfər belə Azərbaycanda müxtəlif təxribatlara yol aça bilər. Yəni Rusiyanın təxribat imkanları çoxdur. Sadəcə, sual bundan ibarətdir ki, Ukraynada vəziyyətin bu qədər gərgin olduğu zamanda yeni qarşıdurma Rusiyaya lazımdırmı? Mənə elə gəlir ki, lazım deyil. Ona görə də Rusiya sülhpərvər rolu oynayaraq Azərbaycanın Avrasiya İttifaqına könüllü qoşmaq istəyir. Moskva Bakıya təzyiq edir, amma elə bir görüntü yaratmaq istəyir ki, Azərbaycan tərəfi silahlı müdaxilə olmadan, könüllü şəkildə quruma üzv olsun. Ola bilər ki, Azərbaycanın bir neçə rayonunun qaytarılması təklifi olsun. Çünki televiziyaların nəzarət altında olduğu zamanda qısa müddətdə Azərbaycan ictimai rəyini dəyişmək çox asandır. Əgər Rusiya istəsə, belə bir addım ataraq bütün Azərbaycan cəmiyyətində özünün sülhpərvər imici yarada bilər. Guya biz Avrasiya İttifaqına daxil olsaq, Qarabağ işğalçılardan azad ediləcək.



Belə ağır dönəmdə Azərbaycanın demokratikləşməsini istəyən qüvvələr nə etməlidir?

–         Birinci növbədə, əhalini marifləndirməliyik. Əgər hakimiyyət Avrasiya İttifaqına və Gömrük Sazişinə qoşulmaq qərarı versə, buna qarşı güclü müqavimət təşkil olunmalıdır. Bu barədə siyasi partiyalar, gənclər danışmır, danışmalıdırlar. Bizdən fərqli olaraq Ukraynada, Moldavada, Gürcüstanda partiyalar, QHT, media seçimin gələcəyini görərək, əvvəlcədən əhalini maarifləndirmişdilər. Ona görə hakimiyyətlər üçün Rusiyanın təzyiqinə boyun əymək asan olmurdu. Bizdə isə vəziyyət əksinədir, nə Avropa Birliyi ilə Avrasiya İttifaqı arasında müqayisəli məlumatlar gedir, nə siyasi partiyalar açıq şəkildə Avrasiya İttifaqına qarşı olduqlarını bildirirlər. Çox güman ki, onlar Rusiyanın təzyiqlərindən qorxurlar, bəlkə də Moskvanın nə vaxtsa onları hakimiyyətə gətirəcəklərinə ümid edirlər. Amma yanılırlar, çünki Rusiyaya indiki hakimiyyət maraqlıdır və onlar hansısa partiyaya yenidən investisiya qoymayacaq. Kremlə Azərbaycanda partiya lazım olsa, çox qısa müddətdə onu yaradacaqlar.

Ana səhifəVideo“Ən yüksək postda olanlar Kremlin tapşırıqlarını həyata keçirirlər” (VİDEO)