«Ən «tupoy» ifaçılar «narodnik»lərdir…»

Maestro Elmir Mirzəyev: «Balerinalar isə onlardan da «tupoy»durlar»

Source:



Maestro Elmir Mirzəyev: «Balerinalar isə onlardan da «tupoy»durlar»


Bu günlərdə kinoşünas rəfiqəm Aygün Aslanlının məsləhəti ilə məşhur italyan rejissoru Federiko Fellininin «Orkestrin məşqi» adlı filminə baxdım. Açığı, film məni əməlli-başlı şoka saldı. Belə ciddi məzmunlu filmə indiyə qədər baxmadığıma görə özümü ən sərt şəkildə qınadım.


«Orkestrin məşqi» filmində rejissor orkestrdəki musiqi alətlərinin və hər alət ifaçısının bir növ xasiyyətnaməsini təqdim edir. Gözüaçıq tamaşaçı üçün o dəqiqə aydındır ki, Fellini orkestri cəmiyyət kimi götürərək, alətlərin, ifaçıların, dirijorun, administrasiyanın bir-birinə münasibətləri şəklində cəmiyyətdəki münasibətlər, problemlər barədə danışmağa cəhd edir. Filmdəki dəhşətli monoloqlar sadəcə heyrətə gətirir.


Təsadüfən həmin ərəfədə dostum, məşhur kulturoloq, bəstəkar Elmir Mirzəyev də bizdə idi. Maestronun bu mövzuda kifayət qədər bilgili olduğunu nəzərə alaraq, onunla bir söhbət etmək qərarına gəldim. Fellini haqlıdırmı? Bizim cəmiyyət də orkestrə bu qədər oxşayırmı? Alətlər, ifaçılarla bağlı təsnifatlar doğrudurmu?


– Elmir bəy, əminəm ki, filmə baxmısınız. Siz necə düşünürsünüz, cəmiyyət simfonik orkestrə bənzəyirmi? Əgər bənzəyirsə, bizim cəmiyyətin oxşarlığı barədə nə deyə bilərsiniz?

– Təbii, canım, dəfələrlə baxmışam. İnanmıram ki, dünyada elə bir cəmiyyət ola ki, simfonik orkestrlə uzlaşmaya. Xüsusilə, bizim cəmiyyət kimi, kəskin krizis içində olan cəmiyyətdə çoxlu paralellər tapmaq olur. Bu suala cavab vermək üçün kiçik bir klassifikasiya aparaq. Çünki söhbət əvvəlcə filmdən getdi. Mən bu filmə baxmazdan əvvəl də, sonra da, sənətimə görə müxtəlif alətləri öyrənməklə məşğul idim. Təbii ki, alətlərin qədim tarixi var. Alətlər praktikada, həyatda onlarla məşğul olan adamların xasiyyətini, daxili, ruhi anatomiyasını dəyişir. Misal üçün, fleytanın tarixini araşdırsaq, onun beş min yaşı olacaq. Onu ifa edənin isə 30-35 yaşı. Təbii ki, fleyta daha güclü olur, ifaçıya basqı edir və onu dəyişdirir…


– Konkret olaraq, necə deyə bilərik, hansısa alət ifaçısını dəyişdirirmi? Filmdə göstərildiyi kimi…

– Təbbi ki, dəyişir. Şəxsi təcrübəmdən deyə bilərəm ki, fleytistlər daxili aləmlərinə qapılır, introvert insanlara çevrilirlər. Qaboy ifaçıları, ruslar demişkən «smurnoy» olur. Klarnetistlər, demək olar ki, hamısı fırıldaqçı, aferist olur. Bununla hətta rəhmətlik dostumuz, sənətdə öz izini qoymuş klarnetçi Nizami Zeynalov da razılaşırdı. Pianistlər və violen ifaçıları özlərini elita hesab edirlər. «Skripaç»lar, yəni violen ifaçıları daha təkəbbürlü olurlar. Altçılar kifayət qədər dar düşüncəlidir. Bu da boş yerə deyil. Çünki, adətən, uğursuz «skripaç»ları alt ifaçılığına yönəldirlər. Və nəticədə bütün uğursuz skripaçlar bu qrupda birləşir. Bununla bağlı, simfonik orkestrdə lətifələr də gəzir. Onlardan fərqli olaraq, zərb alətləri ifaçıları, kontrabasçılar barədə insani keyfiyyət anlamında ancaq xoş sözlər deyə bilərik.


– Axı filmdə mis nəfəsli alətlərin ifaçıları sanki cəmiyyətin aparıcı funksiyasına iddia edirlər…

– Yox, mis nəfəsli alətlərin ifaçıları da kifayət qədər təvazökar adamlardı. Çox mürəkkəb alətlərin ifaçıları olduqlarına rəğmən, insani keyfiyyətlərə malikdirlər. Bəzi başqa alətlərin ifaçılarından fərqli olaraq…


– Siz ancaq simfonik orkestrin alətləri barədə danışdınız. Düzdü, orkestrdə bizimkilər, yəni milli çalğı alətlərimizdə ifa edənlər yoxdu, amma onların xarakteristikası mənə dəhşətli dərəcədə maraqlıdır. Sizin dildə desək «narodniklərin» insani keyfiyyətləri və intellektləri barədə nə deyərsiniz?

– Əgər səmimi danışsaq, konservatoriyada oxuduğum illər ərzində gəldiyim qənaət bu idi ki, bu mövcud ierarxiyada ən «tupoy» ifaçılar «narodniklər»di. Amma sonra əmin oldum ki, balerinalar onlardan da «tupoy»durlar. Doğrudur, onlar musiqiçi deyillər, amma musiqi ilə sıx bağlı sənət növü olduğu üçün, biz onları özümüzdən ayırmırıq. Çünki musiqisiz balet olmur.


– Elmir bəy, çox kəskin oldu axı…Onların kütbeyinliyi özünü harda və necə büruzə verir ki?

– Sizə necə anladım. Məsələn, bir dirijor danışırdı ki, balet məşqi zamanı bir prima balerina ona yaxınlaşıb, tempi daha sürətlə götürməyi xahiş etdi. Dirijor da bilirdi ki, bu əsər daha sürətlə gedə bilməz. Amma «təbii, mütləq edəcəm» deyib, təzədən məşqə başladı. Bu dəfə balerina oynaya-oynaya ona hava öpüşü göndərdi. Guya ki, bu onun istədiyi temp imiş. Halbuki, dirijor elə əvvəlki tempi təkrar edibmiş. Lap bayağı misal: bir neçə il əvvəl, məşhur kinoşünas dostumuzla bərabər olan balerina xanım əzab çəkirdi. Çünki kinoşünas danışdıqlarını başa düşmürdü. Hətta bir dəfə, dostumuza ən çox sevdiyi filmin «Üç müşketyor» olduğunu demişdi…


– Qayıdaq Fellininin filminə. Orda sizin dediyiniz kimi, skripkalarda olmazın təkəbbür gördüm. Xüsusilə birinci skripkada. Bizə izah edin, bu «birinci skripka» söhbətinin anlamı nədir?

– Simfonik orkestrdə, klassik ənənəyə görə, simlilər qrup şəklində cəmləşir. Bu zaman əsas partiyanı ifa edənlər birinci skripkalardır. Köməkçi partiyaları isə ikinci skripkalar ifa edir…


– Belə bir oxşatma edə bilərikmi ki, sizin Müsavat partiyasında Başqan İsa Qəmbər birinci skripka, Arif Hacılı isə ikinci skripkadır?

-…Təxmini…Yəqin ki, belə də demək olar, əslində…Fellininin filmi daha çox məcazi anlam daşıyır…


– Bir dəqiqə, Maestro, axı Fellinin filmində sonradan diktatora çevrilən dirijor da vardı. Bəs, bizim cəmiyyətimizin dirijoru kimi hesab edə bilərik?

– (Cibindən yaylıq çıxarıb, tərini silir) Çox çətin sualdır. Əslində hər cəmiyətin açıq ya gizli, ya birbaşa öz dirijoru olur. Hərdən özlərini itirən dirijorlar da olur. Məsələn, həmin o Nizami dostumuz opera teatrında işləyərkən, başına bir hadisə gəlmişdi. «Karmen» operasının ifası zamanı az qala bütün orkestr orientirləri itirir. Onlarla bərabər dirijor da partiturda harda olduqlarını unutmuşdu. Hətta əyilib, konsertmeysterdən soruşmuşdu: Şəhla, biz hardayıq? (Ad şərtidir – red.) O da cavabında: Bilmirəm, Y. müəllim» demişdi. Bu səhnənin axırı kəskin şəkildə qırılan akkorda bitirilmişdi. Cəmiyyətdə də bəzən belə olur. Dirijor partituradakı yeri itirəndə konsertmeystrə müraciət edir. Vay o gündən ki, konsertmeyster partituradakı yeri bilsin və dirijorun yerinə keçsin…


– Siz nəyə işarə edirsiniz ki?

– Hayır, canım, əsla! Söhbət axı yalnız musiqidən gedir…


– Necə yəni musiqidən gedir, Maestro?! Hətta Fellininin filmində də axırda hakimiyyətə ikinci dəfə  gəlmiş dirijorun nitqi az qala Hitlerin nitqinə çevrilir…

– Canım, siz məndən nə istəyirsiniz? O filmdən artıq şeyləri çıxartmağa hacət yoxdur. Sadəcə dirijor yenidən qayıdır. Axı orkestrdəki başıpozuqluğun, hərc-mərcliyin qarşısını almağa bir adam lazım idi ya yox? Axı siz gözünüzlə gördünüz ki, o filmdə çaxnaşmalar arfa çalan xanımın ölümü ilə nəticələndi. Adicə məşq eləmək mümkün deyildi. Orkestr küçəyə çıxa bilmirdi. Buna görə də, ordakı personajlardan biri, not köçürən, küsüb, bir kənara çəkilmiş dirijoru yenidən orkestrə çağırır…O da bir şey demir, sadəcə deyir ki: Da Capo. Bu, sırf musiqi termini olub, italyan dilindən tərcümədə «yenidən başlamaq» mənasını verir.


– Onda, bəs, bizim cəmiyyət nə zaman yenidən başlayıb?

– (Üzü sərt ifadə alır) Mənə elə gəlir ki, siz söhbəti həddən artıq siyasiləşdirirsiniz. Mənsə siyasətə qarışmıram…


– Bəs, cəmiyyətimizin yeni məşqinə hazırsınızmı?

– Orkestr kollektiv incəsənət növüdür. Mən isə, bildiyiniz kimi, hər zaman solist olmuşam…


– Yəni, bir növ özbaşına, yoxsa lider anlamında deyirsiniz?

– Canım, məndən nə lider, əlbəttə özbaşına!

Ana səhifəXəbərlər«Ən «tupoy» ifaçılar «narodnik»lərdir…»